Şirvan: Yeni Azərbaycan partiyası ümumxalq partiyasıdır
Region

Şirvan: Yeni Azərbaycan partiyası ümumxalq partiyasıdır

31 il bundan əvvəl müstəqilliyini  yenidən bərpa edən Azərbaycan o zaman ölkəyə rəhbərlik edənlərin bacarıqsızlığı və bağışlanmaz səhvləri ucbatından ağır böhran içərisində boğulur, qeyri-sabitlik tüğyan edir, torpaqlarımız Ermənistan tərəfindən işğal olunurdu. Buna görə də 31 il bundan əvvəl Yeni Azərbaycan Partiyasının təsis olunmasını Azərbaycan cəmiyyəti əslində ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının başlanğıcı, bununla əlaqədar yaranmış böyük xalq hərəkatı kimi dərk edir. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası yaranandan təxminən yarım il sonra partiyanın yaradıcısı və sədri Heydər Əliyev xalqın istəyi, təkidli tələbi ilə hakimiyyətə qayıtdı, bununla da Azərbaycan böhrandan xilas olmaq imkanı qazandı.

2021-ci ilin 5 mart tarixində keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı əlamətdar tarixi hadisə, Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq atılan addım kimi dəyərləndirildi. Qurultayda ölkə həyatının bütün istiqamətlərində, o cümlədən YAP-ın qarşısında dayanan vəzifələr diqqətə çatdırılmışdır. Möhtərəm Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin vurğuladığı kimi, YAP nəinki Azərbaycanın, hətta  Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var: “Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın”.

5 mart 2021-ci il tarixində keçirilmiş VII qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilmişdir. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini təyin edilmişdir.

VII qurultaydan sonra Partiyaya 17940 qadın, 15120 gənc olmaqla  ümumilikdə 29829 yeni üzv qəbul olunmuşdur. Bütün qazanılan nailiyyətlər bir partiyanın öz tarixi missiyasını və xalq qarşısında öz üzərinə götürdüyü öhdəlikləri layiqincə, ləyaqətlə yerinə yetirdiyinə sübut kimi qiymətləndirilə bilər. Yeni Azərbaycan Partiyası indiyə kimi qalibiyyətlər, qələbələr, zəfərlər partiyası kimi fəaliyyət göstərib və şübhə etmirik ki,  onun bundan sonrakı fəaliyyəti də yeni-yeni nailiyyətlərlə müşayiət olunacaq.  

Valeh XUDAVERDİYEV,

YAP Şirvan şəhər təşkilatının məsləhətçisi.