Silahlanma Ermənistan üçün çıxış yolu deyil
Digər xəbərlər

Silahlanma Ermənistan üçün çıxış yolu deyil

Hazırda Azərbaycan Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımlar atılır. Belə ki, sülh sazişinin imzalanması məqsədilə böyük dövlətlərin vasitəçiliyi ilə beynəlxalq səviyyədə görüşlər keçirilir. Lakin görüşlər çərçivəsində sülhə maraqlı olduğunu bəyan edən haylar, əməldə bunun əksinə çalışır.

Sülh danışıqlarının intensiv olaraq davam etdiyi müddətdə - son bir ayda Azərbaycanla şərti sərhəddə Ermənistan ordusu tərəfindən atəşkəs dəfələrlə pozulmuş, Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmuşlar. Üstəlik düşmənin xain planları bununla da yekunlaşmır. Belə ki, erməni havadarları sülhün əldə olunmaması üçün hər cür xain yollara əl atırlar. Ermənistan mediasında yayımlanan xəbərlərə görə, Fransa Hindistanın "Trayan" özüyeriyən silahlarının düşmənə çatdırılmasına birbaşa köməklik göstərəcək. Hətta, Fransanın erməni diasporu ölkənin hərbi-siyasi rəhbərliyinin Emmanuel Makronun razılığı ilə  silahların çatdırılması üçün lazım olan vəsaiti öz üzərinə götürüb. Cinayət ortaqları xain planlarını ört-basdır etməyə cəhd edərək kalibrli silahların birbaşa uçuşlarla deyil, əvvəlcə İrana, daha sonra isə quru yolla Ermənistana çatdırılmasını da planlaşdırırlar.

 Bundan əlavə, Paris Şəhər Şurası tərəfindən Qarabağda yaşayan ermənilərə təcili yardımın göstərilməsi haqqında həqiqəti əks etdirməyən qətnamə qəbul edilib. Fransanın iddiasına görə, qətnamə Qarabağda yaşayan ermənilərə "humanitar yardım" göstərmək məqsədi daşıyır, guya bölgədəki ermənilərin vəziyyəti heç ürəkaçan deyil. Halbuki Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Laçın-Xankəndi yolunda qurulan nəzarət-buraxılış məntəqəsindən Qarabağdakı erməni əhalisinin rahat keçidi üçün lazımi şərait yaradılıb. Bütün bunlara baxmayaraq, Fransa tərəfi müxtəlif təxribatlara əl atmaqla Ermənistanın yayımladığı saxta məlumatlara dəstək nümayiş etdirir. Bununla da dostu Ermənistana yardım göstərir. Amma Makronun ağlı başında olsa, öz ölkəsinin halına ağlayar. Çünki hazırda Fransada həyata keçirilən uğursuz islahatlar nəticəsində xalq Makrona etiraz edir, onun fəaliyyətindən narazı olduqlarını bildirirlər. Öz ölkəsində əmin-amanlıq yaratmağa nail ola bilməyən şəxs digər ölkədə nəyə nail ola bilər ki? Moldovada beştərəfli qeyri-rəsmi söhbət formatında keçirilən görüşü xatırlasaq, Fransanın "vasitəçi"liyinin pərdəarxasını bir daha görmək mümkündür. Gülməli məqam odur ki, Fransa bir yandan silah daşıyır, digər tərəfdən isə özünü vasitəçi zənn edir. Tarixdəki qanlı qətliamlarda əli olan bir dövlətin sülh danışıqlarında əsla yeri ola bilməz. Fransanın xain fəaliyyətindən bəlli olur ki, o regionu yeni hərbi eskalasiyaya sövq edir. Yaxşı olar  ki, Fransa Azərbaycanın tarixi ədaləti necə bərpa etdiyini xatırlasın. Ölkəmiz dəfələrlə sülhün tərəfdarı olduğunu, Qarabağ münaqişəsinin məhz bu yolla həllinə çalışdığını bəyan etsə Ermənistan buna əngəl törədib. Lakin ipə-sapa yatmayan Ermənistan həddini aşdığı üçün Azərbaycan  döyüş meydanında öz gücünü sübut etdi.

 Bir faktı da vurğulamaq yerinə düşər ki, ölkəmiz əsla heç bir  dövlətlərin ərazisini işğal, talan etmək barədə düşünməyib. Əksinə, biz əzəli, haqqımız olan torpaqlarımızın geri qaytarılması uğrunda vuruşmuşuq. Yəni istər Ermənistanın, istərsə Fransanın xainlikləri sadəcə özlərinin başına bəla gətirəcək. Çünki ölkəmizin beynəlxalq aləmdəki nüfuzu, Azərbaycana Prezident İlham Əliyevə olan etimad hər kəsə bəllidir. Bu günə qədər dövlətimizə qarşı təxribat törətməyə cəhd edən xain qüvvələrin hər biri rəzil duruma düşüb. Eynilə Fransa Ermənistan kimi. Əslində, düşmənin sülhdən yayınmaq üçün belə yollara əl atmasına ehtiyac yoxdur. Çünki Azərbaycan dəfələrlə öz möqeyini bəlli edib. Ölkə başçımızın mayın 3- Şuşada keçirilən "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə gələcəyə" mövzusunda beynəlxalq konfransdakı çıxışı zamanı səsləndirdiyi fikirlər bunu bir daha təsdiqləyir: "Mən dəfələrlə bu məsələyə dair fikrimi bildirmişəm. Demişəm ki, əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr var. Bu, Ermənistan, region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün yaxşı olmayacaq. Buna görə biz hələ ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər. Yeri gəlmişkən, nəticə nöqteyi-nəzərindən 28 il ərzində Minsk qrupu heç bir nəticə verməmişdir. Bunun əsas səbəbi isə o idi ki, Ermənistan torpaqları geri qaytarmaq istəmirdi".  Düşmən qədər çabalasa da ölkəmizə qarşı təhdid yarada bilməyəcək. Azərbaycan həm Ermənistana, həm onun havadarlarına layiqli cavabını verəcək.

Nəzrin ELDARQIZI,

"Respublika".