Beynəlxalq təşkilatlar Ermənistanın ekoterroru ilə bağlı həyəcan təbili çalır
Digər xəbərlər

Beynəlxalq təşkilatlar Ermənistanın ekoterroru ilə bağlı həyəcan təbili çalır

Ermənistan Azərbaycanla sərhəd yaxınlığında ekoloji terrora hazırlaşır. Onlar Sədərək rayonu istiqamətində yerləşən Arazdəyən kəndində metallurgiya zavodu inşa edərək zərərli tullantılarını Araz çayına axıtmaq istəyirlər. Bununla da ölkə beynəlxalq hüququn norma və prinsiplərini, eləcə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirinin qiymətləndirilməsi haqqında Konvensiyasını kobud şəkildə pozur.

Konvensiyaya görə, bu cür layihələrin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda, fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalıdır. Bu səbəbdən də Azərbaycanın Qeyri-Hökumət Təşkilatları iyulun 18-də Beynəlxalq İctimaiyyətə və Birləşmiş Millətlər Təşkilatına müraciət edib. Müraciətdə bildirilib ki, Ermənistanın Azərbaycanla sərhəd bölgəsində davam edən mədən əməliyyatları ekosistemin deqradasiyası ilə nəticələnib və bu, yalnız Ermənistanın ətraf mühitinə deyil, qonşu ölkələr üçün də ciddi təhlükə yaradır. Mədən fəaliyyətinin ətraf mühitə vurduğu ziyan həm regionda, həm də ondan kənarda icmaların sağlamlığına və rifahına təhlükə törədərək transsərhəd təsir göstərir. Vətəndaş cəmiyyəti təşkilatları bəzi sübutları da təqdim edib. Məsələn, müraciətdə qeyd olunub ki, Ermənistan Qafan dağ-mədən kompleksinin fəaliyyəti nəticəsində yaranan, tərkibində ağır metallar olan mədən tullantılarının Oxçuçay və Araz çaylarına axıdılmasına göz yumur. 270 milyon kvadratmetr ərazini əhatə edən və mədən tullantıları hovuzu kimi istifadə olunan Artsevanik su anbarı bütün region üçün ciddi təhlükə yaradır. Eləcə də Ermənistanın Qafan mədən kompleksi daxilində 4,6 milyon kvadratmetr ərazini əhatə edən Qutqum (Qeqanuş) mədən tullantıları yatağı region üçün təhlükə mənbəyidir. Əkərək (Aqarak) Mis-Molibden kombinatının tərkibində ağır metallar olan mədən tullantıları Kərçivançay vasitəsilə Araz çayında çirklənmə problemini daha da artırır. Digər tərəfdən, ildə təxminən 10.000 unsiya qızılın emal edildiyi Göyçə (Sevan) Daşdəm Qızıl Mədənində davam edən əməliyyatlar davamlı çirklənməyə səbəb olub və zəhərli çirkab suları yaxınlıqdakı çayları, o cümlədən Bərgüşad (Vorotan) çayını çirkləndirib. Bərgüşad çayı da öz növbəsində transsərhəd Araz çayına tökülür. Ermənistanın Lori bölgəsində Axtala mədəni isə ildə təxminən 5 min ton mis və qurğuşun hasil edir ki, bu da yaxınlıqdakı Tona (Debed) çayının çirklənməsinə səbəb olur. Tona çayı daha sonra Kür çayına tökülür. Axtala mədəni 2017-ci ildə Ermənistanın vətəndaş cəmiyyəti, ekoloji fəallarının təzyiqləri nəticəsində hökumət tərəfindən bağlanıb, lakin təəssüf ki, 2020-ci ildə istismarı bərpa edilib. Odur ki,  Ermənistan Respublikasının dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan, Yer kürəsinin ekosisteminə regional və qlobal təsir göstərən ekoloji fəlakətə təcili diqqət yetirilməlidir. Eyni zamanda, hazırda Ermənistan Avropa İttifaqından Şərq Tərəfdaşlığı ölkələrində yaşıl sənayenin inkişafı üzrə "EU4Environment" proqramı çərçivəsində qrantlar alır. QHT-lər Avropa İttifaqına müraciət edərək bu maliyyə vəsaitindən regionda təbiətin məhv edilməsi və ekoloji tarazlığın pozulması ilə nəticələnən fəaliyyətlərin icrası üçün deyil, təyinatı üzrə istifadə olunmasını tələb edib.

Beynəlxalq təşkilatlar da Azərbaycan QHT-lərinin müraciətini cavabsız qoymayıb. "Kenya Wote" təşkilatının rəhbəri Piter Oviti Ermənistanın yeni metallurgiya zavodu ilə bağlı Azərbaycandakı həmkarları ilə həmrəy olduğunu qeyd edib: "Bilirik ki, Araz çayının suyunun çirklənməsinin nəticələri fəlakətli olacaq. Buna haqq qazandırmaq üçün çoxsaylı təsir qiymətləndirmələri aparılmalıdır. Ən vacib məsələ isə budur ki, hava, səth və yeraltı suların çirklənməsinə nəzarət etmək çətindir. Buna görə də zavodun inşasının dayandırılmasını gözləyirik. Onun ətraf mühitə təsirlərindən narahatıq. İşlər dayandırılmalı və bütün faktorlar diqqətə alınmalıdır. BMT-nin transsərhəd mədənçiliklə bağlı standartlarına uyğun daha yaxşı tədbirlər nəzərdə tutulmalıdır".

Beynəlxalq İnsan Hüquqları Komissiyasının üzvü, hindistanlı fəal Mohmad Husain də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Baş katibini və müxtəlif qlobal təşkilatları bu mühüm məsələ ilə bağlı istiqamətlər verməyə çağırıb. Bildirib ki, metallurgiya zavodu həmin ərazidə tikilməməlidir: "Arazdəyəndə ekoloji qaydalara və beynəlxalq konvensiyalara məhəl qoymayan nəhəng metallurgiya zavodunun tikintisi dayandırılmalıdır. Bu zavodun zəhərli kimyəvi tullantılarının yerli ekosistemə potensial təsiri böyükdür. İçməli su təchizatının bu cür çirklənməsi həm də sərhədyanı ərazilərdə yoluxucu xəstəliklərin yayılma riskini artırır. Beləliklə də, həm Azərbaycan, həm də Ermənistanda əhəmiyyətli ictimai səhiyyə böhranı yarada bilər".

Qeyd edək ki, Arazdəyəndə ekoloji normaların tələblərinə zidd olaraq inşa edilən metallurgiya zavodunun zəhərli kimyəvi tullantılarının Araz çayına axıdılması çayda yaşayan canlılar və suvarma üçün Araz suyundan istifadə edən iri təsərrüfatlar üçün də faciə deməkdir. Tullantıların içməli su təchizatına təsiri sərhəd ərazilərdə yoluxucu xəstəliklərin yayılmasını qaçılmaz edəcək.

Jalə QASIMZADƏ,

"Respublika".