Şərti sərhəd bölgəsində baş verənlər Ermənistanın havadarlarının “fəaliyyətinin” nəticəsidir
Siyasət

Şərti sərhəd bölgəsində baş verənlər Ermənistanın havadarlarının “fəaliyyətinin” nəticəsidir

Ermənistanın Azərbaycanla şərti sərhədə qoşun cəmləşdirməsi, əlbəttə ki, onların növbəti təxribata hazırlığının göstəricisidir. İrəvan İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə dildə sülhlə bağlı fikir bildirsə də, əməli olaraq təxribata və revanşa yönəlmiş addımlar atıb. Ermənistanın bu davranışları birinci növbədə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdidir. Yəni ki, guya Ermənistana qarşı təhdid var və onlar bunun qarşısını almaq üçün çalışırlar. İrəvan belə riyakar fəaliyyətlə məşğuldur. Digər tərəfdən də məqsəd Azərbaycan tərəfini aqressor kimi göstərmək və bununla da öz siyasi məqsədlərinə nail olmaqdır.

Ermənistanın əsas siyasi məqsədi birinci növbədə, qərbli havadarlarından silah-sursat və eyni zamanda hərbi təyinatlı mallar almaqdır. Bununla yanaşı, elə bir fikir formalaşdırmaq istəyirlər ki, guya təhlükəsizliklə bağlı ciddi problemləri var. Ermənistan bu çərçivədə həmin havadarlarından daha çox dəstək almağı hədəfləyib. Onlar təkcə hərbi-texniki deyil, eyni zamanda da siyasi dəstək almaq niyyətindədirlər. Bu günlərdə keçirilən Brüssel görüşü "humanitar, iqtisadi görüş" adlanır. Burada da İrəvan masada təhlükəsizliklə bağlı yalançı, şişirdilmiş bəhanələrlə özünə daha çox silah-sursatın təmin olunmasını həyata keçirmək istəyir. Ermənistana gələn Birləşmiş Ştatların təlimçilərinin "informasiya təhlükəsizliyi" ilə bağlı olduğu deyilsə də bu, belə deyil, çünki bundan öncə Birləşmiş Ştatlar və Fransa hərbçiləri birlikdə məhz Ermənistanda təlimlər həyata keçiriblər. Ermənistanın başda Fransa olmaqla bir çox havadarının gələcəkdə nəinki silah-sursatla bağlı dəstəyi, eyni zamanda ordunun yenidən formalaşdırılması üçün müəyyən layihələr həyata keçirdiyini də bilirik. Düzdür, indiyə qədər Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının "mülki missiyası", hansı ki, artıq orada təkcə Avropa ölkələri deyil, tamamilə regiondan kənar ölkələrin də nümayəndələrini görürük və bu da ondan xəbər verir ki, Avropa İttifaqının mülki missiyası getdikcə NATO missiyasına çevrilməkdədir. Əlbəttə ki, bu da regionda gərginliyi artıracaq amillərdən biridir.

Bu gün Azərbaycan-Ermənistan arasında sülhlə bağlı İrəvanın havadarları da fikir bildirirlər. Bu fikirlər onların regionda sülhün əldə olunmasında maraqlı olmadığını sübut edir. Ermənistana istər iqtisadi, istərsə də hərbi-texniki sahələrdə yardımlar, əlbəttə, mövcud vəziyyəti daha da çətinləşdirir. Eyni zamanda Ermənistanın daxilində revanşist meyillərin yaranmasına səbəb olur. Şərti həmsərhəd bölgədə baş verənlər təkcə Ermənistanın deyil, eyni zamanda onun havadarlarının da "fəaliyyətinin" nəticəsidir. Ermənistan bununla nə əldə edəcək? Əlbəttə, heç bir şey. Çünki Azərbaycan tərəfi Ermənistanın və onun havadarlarının hərəkətlərini, fəaliyyətlərini ciddi şəkildə izləyir və Azərbaycana qarşı planlaşdırılan hər hansısa bir təxribatın qarşısı qətiyyətlə alınacaq. Baş verənlər Ermənistanı çətin vəziyyətə salacaq, bunun üçün Ermənistan və onun havadarlarının hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyacaqdır.                                      

Azər BAYRAMOV,

hərbi ekspert.