ŞƏRQLƏ QƏRB ARASINDA ÖNƏMLI MÖVQE MƏRKƏZI ASIYA ÖLKƏLƏRI ILƏ ƏMƏKDAŞLIQ AZƏRBAYCANIN ARTAN NÜFUZUNUN TƏZAHÜRÜDÜR
Digər xəbərlər

ŞƏRQLƏ QƏRB ARASINDA ÖNƏMLI MÖVQE MƏRKƏZI ASIYA ÖLKƏLƏRI ILƏ ƏMƏKDAŞLIQ AZƏRBAYCANIN ARTAN NÜFUZUNUN TƏZAHÜRÜDÜR

A zərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük fəallıq müşahidə olunur. İstər regionda, istərsə də dünyada baş verən geosiyasi proseslər ölkələri birgə əməkdaşlığa təşviq edir. Zamanın bu tələbinə adekvat cavab verən ölkələr geniş əməkdaşlığa üstünlük verirlər. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi tədbirlər bunun bariz nümunəsidir.

Son dövrlər Prezident İlham Əliyevin Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə mütəmadi səfərləri və eləcə də həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin gələcək perspektivlərini müəyyənləşdirir.

Ölkəmizin Mərkəzi Asiya respublikaları ilə münasibətlərini genişləndirməsi xüsusi diqqət çəkir. Dövlət başçımızın Tacikistana rəsmi səfəri də bu prosesin tərkib hissəsi kimi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etməsi ölkə başçımıza yüksək ehtiramın göstəricisidir. İki ölkə münasibətlərinə nəzər salanda aydın şəkildə görünür ki, Azərbaycanla Tacikistan arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, BMT, MDB, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu qurumlar çərçivəsində sağlam əməkdaşlıq şəraitində yaranıb. Bu baxımdan, uğurla inkişaf edən siyasi, iqtisadi və mədəni əlaqələr mühüm əhəmiyyət daşıyır.

Xatırladaq ki, ötən il sentyabrın 15-də dövlət başçımız Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammitində də iştirak etmişdi. Azərbaycanın ilk dəfə olaraq məhz Özbəkistanın sədrliyi dövründə fəxri qonaq qismində Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Sammitinə dəvət olunması ölkəmizin, Prezident İlham Əliyevin beynəlxalq aləmdə qazandığı siyasi nüfuzun əyani ifadəsidir. ŞƏT-ə üzv dövlətlərin əksəriyyəti ilə Azərbaycanı yaxın dostluq, qardaşlıq, strateji tərəfdaşlıq münasibətləri birləşdirir.

Böyük Avrasiya coğrafiyasında inteqrasiyanı Azərbaycanın iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Xüsusilə də yeni geosiyasi reallıqlar fonunda ölkəmizin regionda rolu yeni məzmun kəsb etməyə başlayıb. Respublikamızın Xəzər-Atlantik okeanı akvatoriyası üzrə Qərb istiqamətində və Xəzər-Sakit okean-Hind okeanı akvatoriyası üzrə Asiya istiqamətində əhəmiyyəti getdikcə artır ki, bu da müxtəlif amillərlə şərtlənir. Azərbaycanın geosiyasi mövqeyi həm Qərb, həm də Şərqlə əlaqələr üçün əlverişli şərait yaradır. Mərkəzi Asiyada yerləşən Özbəkistan, Qazaxıstan, Qırğızıstan həm də Türk Dövlətləri Təşkilatına daxildirlər. Bu məqam əlaqələrimizin inkişafında mühüm rol oynayır. Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursu bütün istiqamətlərdə olduğu kimi, Qərb və Şərqlə münasibətlərimizdə də özünü göstərir. Bu, təkcə iqtisadi, nəqliyyat-kommunikasiya, enerji sahəsinə deyil, həm də təhlükəsizlik və siyasi dialoqun inkişafına aiddir. Azərbaycan Qərblə Şərq arasında balanslaşdırılmış xarici siyasət yeridən nadir dövlətlərdəndir. Bu, özünü həm də xarici təmaslarda, o cümlədən qarşılıqlı səfərlərdə göstərir. Belə ki, Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Sammiti çərçivəsində Prezident İlham Əliyev və Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin görüşü olub. Liderlər qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə yanaşı, həm də regional və ikitərəfli əlaqələri, əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər. Dövlət başçımızın Özbəkistana növbəti səfəri isə bu ilin iyun ayında baş tutub. Avqust ayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıya rəsmi səfərə gəlib. Həmin görüş də səmərəli və uğurlu keçib. Bu ilin aprel ayında Qırğızıstan Prezidenti Sadır Japarov Bakıya rəsmi səfər edib. Prezident İlham Əliyevlə görüş zamanı ikitərəfli və regional kontekstdə bir sıra məsələlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb. Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq həm Azərbaycan, həm də bu ölkələr üçün vacibdir. Azərbaycan Qazaxıstan, Özbəkistan və digər ölkələr üçün Cənubi Qafqaza açılan qapıdır. Hazırda ölkəmiz Avrasiyada çox mühüm nəqliyyat-logistika habı qismində çıxış edir. Eyni vaxtda iki beynəlxalq marşrutun - Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin Azərbaycanın ərazisindən keçməsi ölkəmizə böyük üstünlüklər qazandırır.

Bu gün Azərbaycanın xarici siyasətində Türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq da xüsusi yer tutur. Dövlətimizin başçısı Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında fəal dialoqun mövcud olduğunu bildirərək deyib: "Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil. Amma tarixi və mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır". Onu da qeyd edib ki, Mərkəzi Asiya və Azərbaycan gələcəkdə, ilk növbədə, nəqliyyat, təhlükəsizlik məsələləri baxımından daha çox inteqrasiyalaşmış ola bilər. Çünki Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxış bu gün bir müddət əvvəl olduğundan daha çox əhəmiyyət kəsb edir. Mərkəzi Asiya ilə Azərbaycan arasında regional əməkdaşlığa töhfə vermək üçün ölkəmiz əlindən gələni edir. Azərbaycan Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələri ilə, Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatında yer alır. Tacikistanla çox fəal siyasi və iqtisadi dialoqumuz var. Bu, günümüzün reallığıdır.

Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad edən Azərbaycan türk dünyası ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaradıb. 10 noyabr üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin yer alması və bu müddəanın yerinə yetirilməsi Türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq, Şərqdən Qərbə uzanan vahid marşrut xətti formalaşdıracaq ki, bu da böyük bir coğrafiyada yüklərin rahatlıqla, qısa zaman kəsiyində və daha münasib daşınmasına böyük töhfə verəcək. Əlbəttə, bunu daha da fəallaşdırmaq vacibdir. Bu baxımdan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən və bu yaxınlarda açılışı baş tutan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb xüsusi vurğulanmalıdır. Qazaxıstan tərəfindən də Füzulidə Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi inşa ediləcək. Son iki ildə dövlət başçımızın Mərkəzi Asiyadan olan tərəfdaşlarla qarşılıqlı əlaqələri kifayət qədər genişdir. Vətən müharibəsindən sonra türk dünyasının iki böyük lideri - Prezident İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan türk dövlətləri arasında əlaqələrin inkişafı üçün xüsusi səylər göstərirlər. Atılan addımlar öz nəticəsini verir. Azərbaycanın Qərblə Şərq arasında körpü statusu daha da möhkəmlənir və müasir dövrün reallıqları çərçivəsində yeni məzmun qazanır.

Mustafa KAMAL,

"Respublika".