Şərqi Zəngəzur
İqtisadiyyat

Şərqi Zəngəzur "yaşıl enerji" bölgəsinə çevrilir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabr ayının 11-də keçirilən plenar iclasında verilib. Tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP28-in yüksək səviyyədə təşkilinə görə Konvensiya Katibliyinə və Birləşmiş Ərəb Əmirliklərinə təşəkkürünü bildirib. Nazir qeyd edib: "Qarşılaşdığımız problemlər kollektiv fəaliyyət, razılaşdırılmış ümumi məqsəd və istəklərə sədaqət tələb edir. Azərbaycan iqlim dəyişmələri ilə mübarizədə birgə səylərin əhəmiyyətini anlayır. Prezident cənab İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi bugünkü uğurumuzda həlledici məqamdır".

2024-cü ildə COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini verdilər. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkdi. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürdü. Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirdi. Ölkəmizin dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a bu il ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrlik və Təhlükəsizlik Şurasına üzvlükdən sonra xarici siyasətin ən böyük uğurudur. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını nəzərdə tutur. Həmin ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir. Məlum olduğu kimi Prezident ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji" zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur. İşğaldan azad olunmuş bölgələrimizdə də bu sahədə yüksək səviyyədə işlər gedir.

İşğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi əhəmiyyət verilir. Bu hədəfə uyğun olaraq elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20.2 MVt gücündə 4 su elektrik stansiyası artıq istismara verilib.

İyunun 1-də Laçın rayonunun Malıbəy kəndində ilk kiçik su elektrik stansiyasının tikintisi bu sahədəki görülən mühüm layihələrdən biridir.

Kəlbəcər və Laçın rayonlarında 5 kiçik su elektrik stansiyasının istismarı layihəsi əsasında "Malıbəy" kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib.

Tədbirdə iqtisadiyyat nazirinin müavini Anar Axundov, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru Ülvi Mansurov, "Demirören Yatırım Holding A.Ş." Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Yıldırım Dəmirörən, "Arges Enerji Team" MMC-nin rəhbəri Mehmet Fehmi Özata və İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələri iştirak ediblər.

Ölkə başçımızın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərin alternativ və "yaşıl" enerji zonasına çevrilməsi uğurla təmin edilir. Regionda infrastruktur təminatının yüksəldilməsi məqsədilə müasir tələblərə cavab verən elektrik enerjisi təchizatı sistemi qurulur. "Yaşıl enerji" təchizatında su elektrik stansiyalarının əhəmiyyətli rolu var. Azad edilmiş ərazilərimizdəki çayların hidropotensialının yüksək olması bu sahədə layihələrin səmərəliliyini artırır. Bu istiqamətdə özəl sərmayədarlarla əməkdaşlıq xüsusi önəm kəsb edir. Kəlbəcər və Laçında kiçik su elektrik stansiyalarının istismarı layihəsi Azərbaycan-Türkiyə qardaşlığının daha bir göstəricisidir. Həmçinin azad edilmiş ərazilərimizdə özəl sektorla birgə icra edilən ilk su elektrik stansiyası layihəsidir. Layihənin birinci mərhələsi üzrə təməli qoyulan "Malıbəy" stansiyasının istismara verilməsindən sonra, 7 min evi elektrik enerjisi ilə təmin etmək imkanı yaranacaq.

Ötən ilin dekabrında "Azərbaycan İnvestisiya Şirkəti" ASC, Türkiyənin "Demirören Yatırım Holding A.Ş." Şirkətlər Qrupu və "Arges Enerji Team" MMC arasında imzalanmış Birgə İştirak Müqaviləsi əsasında, Həkəri və Tərtər çayları üzərində 5 kiçik su elektrik stansiyası istismara veriləcək. Layihənin ümumi dəyəri 25 milyon manatdır. Ümumilikdə 13,8 MVt gücündə olan 5 stansiyanın 2025-ci ildə tam istifadəyə verilməsi nəzərdə tutulur. Stansiyaların istismar müddəti 30 ildir və icrası 25 yeni iş yerinin yaradılmasına imkan verəcək.

Layihə əsasında Laçın rayonu ərazisindən keçən Zabux çayı üzərində birinci mərhələ üzrə təməli qoyulan "Malıbəy" - 5,1 MVt, II mərhələ üzrə "Qalaça 2" - 3,4 MVt, "Minkənd" - 1,8 MVt, "Qalaça 1" - 1,1 MVt gücündə, III mərhələ üzrə Kəlbəcər rayonu ərazisindən keçən Tərtər çayı üzərində gücü 2,4 MVt olan "Tərtər 1" kiçik su elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.

Eyni zamanda Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində ümumi gücü Azərbaycan tərəfi üçün 140 MVt (100 MVt "Xudafərin", 40 MVt "Qız Qalası") iki su elektrik stansiyası istifadəyə verilib.

Həmçinin Laçın/Kəlbəcər ərazisində təxmini olaraq 100 MVt gücündə tikintisi planlaşdırılan külək elektrik stansiyası layihəsinin gerçəkləşdirilməsi işğaldan azad edilmiş ərazilərdə "Yaşıl Enerji Zonası"nın yaradılmasına böyük təkan verəcək.

Bayram SALMANOV,

"Respublika".