Separatizmin kitabı bağlanıb
Digər xəbərlər

Separatizmin kitabı bağlanıb

Bu günlərdə "Miatsum" (ermənicə "birləşmə") adlandırılan növbəti erməni avantürasının 30 illiyi tamam oldu. Başqa xalqlardan nəsə oğurlayan, mənimsəyən, özünə sərf edən şəkildə uyğunlaşdıran ermənilər miatsumu çox zaman yunanların Enozisi və almanların Anşlyusu ilə müqayisə edirlər. Hər ikisinə də dəstəyi pravoslav Rusiya vermişdi. Enozisə dəstək vermək isə SSRİ-yə lazım idi, çünki bununla iki NATO ölkəsi - Türkiyə və Yunanıstan arasında ixtilaflar daha da dərinləşə bilərdi. Erməni mənbələrində göstərilir ki, guya Qarabağ bölgəsində yaşayan ermənilər Azərbaycan SSR tərəfindən sosial-iqtisadi diskriminasiyaya məruz qaldıqları üçün 1960-cı illərdə Ermənistana birləşmək arzularının olduğunu deyirlər. Lakin bu, tamamilə yanlış bir yanaşmadır. Çünki Azərbaycan həmin dövrdə Moskvaya tabe müttəfiq respublika idi və onun tabeçiliyində olan muxtar vilayəti diskriminasiyaya məruz qoyması mümkün deyildi.

Ermənistanda yaşayan, rəsmən Ermənistan Respublikasının vətəndaşı olan yüz minlərlə etnik azərbaycanlı 1987-1991-ci illərdə Azərbaycana deportasiya edildi. Amma buna baxmayaraq, Azərbaycan ərazisində etnik ermənilər qaldı və separatizm meyilləri güclənərək Ermənistanın da birbaşa dəstəyi ilə on minlərlə qurbanı olan faciəvi Birinci Qarabağ müharibəsinə təkan verdi. Ermənilərin milli ideya hesab etdikləri "Miatsum" "böyük Ermənistan" planlarının tərkib hissəsi idi. Bəs ermənilər "Miatsum"dan nə qazandılar? Əminliklə demək olar ki, heç nə. Tam əksinə: maddi, mənəvi, demoqrafik, sosial-iqtisadi, siyasi, geosiyasi, hərbi baxımdan Ermənistan çox şey itirdi. Ölkə işğalçılıq siyasəti ucbatından Azərbaycan və Türkiyə tərəfindən əhəmiyyətli layihələrdən kənarda qaldı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP və s. kimi layihələrin Ermənistan ərazisindən keçməməsi bu ölkənin hər il yüz milyonlarla ölçülən gəlirdən məhrum olması deməkdir. Həmçinin Azərbaycana yönəlmiş hərbi təcavüz Ermənistanı uzun onilliklər geri atmış oldu.

Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, məhz xalq-ordu-dövlət birliyi sayəsində "dəmir yumruğu" formalaşdırmaq mümkün oldu. Nəticədə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan öz haqqını bütün dünyaya bəyan edə bildi, düşməni torpaqlarından qovdu. Əslində, Azərbaycan öz torpaqlarının geri qaytarılması ilə yanaşı, "Miatsum" xülyasını da darmadağın etmiş oldu. "Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. "Miatsum" kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə".

Prezident İlham Əliyev növbəti dəfə Laçından xəbərdarlıq etdi. Bu, son xəbərdarlığa çox bənzədi: "Hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşamaq üçün addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş vermiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır". Çox ciddi xəbərdarlıqdır, hətta əməliyyat öncəsi xəbərdarlığa çox bənzəyir. Gerisayım başladı, demək də olar.

Röya RÜSTƏMLİ,

"Respublika".