Azərbaycan neftinə əbədi abidə ucaldan HeydƏr Əliyev
Digər xəbərlər

Azərbaycan neftinə əbədi abidə ucaldan HeydƏr Əliyev

Neft çıxarmaq bəxt yazımız,

Başa tacdı, neft, qazımız,

Yaxınlaşır bayramımız,

Çətin, məsul var peşəmiz.

Şan, şöhrətli, neftçiyik biz!

Asan deyil əsla peşə,

Neftçi dözər tək bu işə...

Sentyabr ayı... Azərbaycanın neft sənayesi tarixində məhz bu ay çox önəmli yer tutur. 13 sentyabr 1992-ci il tarixli Fərman ilə "Azərineft" Dövlət Konserni və "Azərnefkimya" İstehsalat Birliyinin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yaradılması, 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan Sarayında Qərbin neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin gerçəkləşməsi, 2002-ci il sentyabrın 18-də Bakıda - Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması, 19 sentyabr 2013-cü ildə Bakıda Heydər Əliyev adına Neft Emalı Zavodunun yaradılması və s. Postmüharibə dövründən sonra isə sentyabr ayı Qarabağ zonasının neft tarixi üçün daha da ürəkaçan olub. 2021-ci il sentyabrın 5-də Ağdamda, 21-də isə Xocavənd rayonunun Hadrut qəsəbəsində Azərbaycanın neft brendi olan SOCAR-ın yeni modul tipli yanacaqdoldurma məntəqələri istifadəyə verilib. Göründüyü kimi sentyabr ayı Azərbaycanın neft tarixi ilə bütünləşmişdir.

"Mən bu müqavilənin hazırlanmasında, imzalanmasında iştirak etdiyimə görə özümü çox xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bu gün burada baş verən tarixi hadisəni layiqincə qiymətləndirəcəklər".

Ulu öndər Heydər Əliyevin bu fikirləri Azərbaycan tarixində mühüm yer tutmuş "Əsrin müqaviləsi" ilə bağlıdır. Məhz həmin müqavilə sayəsində Azərbaycanın yeni neft strategiyası və doktrinası uğurla həyata keçirilməyə başlandı. Azərbaycanın neft sənayesinin inkişafı üçün atılan tarixi addım Heydər Əliyev siyasətinin tərkib hissələrindən biridir. "Əsrin müqaviləsi" həm də ulu öndərin Azərbaycan xalqına qoyduğu böyük mirasdır. Həmin müqavilənin detalları bir daha onun nəhəngliyindən bəhs edir. Dənizin dərinliyində yerləşən "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edilmişdir. "Əsrin müqaviləsi"nin imzalanmasında 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, bp, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edib. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdı.

"Əsrin müqaviləsi" imzalanandan sonra onun iştirakçıları işçi strukturlar - Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Həmin strukturlar hüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-də Azərbaycan Prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar. 1994-cü il dekabrın 12-də Milli Məclis "Əsrin müqaviləsi"ni ratifikasiya etdi.

Və beləcə İkinci Dünya savaşında SSRİ-yə qələbə qazandıran Azərbaycan nefti artıq dünyaya açıldı. Danılmaz faktdır ki, "Əsrin müqaviləsi" və ardınca reallaşan uğurlu anlaşmalarla iqtisadiyyatın inkişaf etməsi həm də Azərbaycan Ordusunun İkinci Qarabağ savaşında zəfər qazanmasında böyük rol oynadı. Qısaca desək, həm İkinci Dünya, həm də İkinci Qarabağ müharibəsində Azərbaycan nefti uğurun qapılarını açdı. Azərbaycanın dünyaya inteqrasiyasında önəmli rolu olan "Əsrin müqaviləsi" ulu öndər Heydər Əliyevin şah əsəridir. Heç şübhəsiz, həmin gün də "əsrə bərabər gündür". Bu kontrakt Heydər Əliyevin fikirləri ilə desək "Azərbaycanı dünyaya sıx birləşdirmək üçündür".

İmzalanan bu müqavilənin 23-cü ilində isə, daha dəqiq desək, 14 sentyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ona yeni nəfəs verdi. Bakıda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi imzalandı. Yenilənmiş sazişlə "Əsrin müqaviləsi"nin müddəti 2050-ci ilədək uzadıldı. Bununla da, neft sahəsində dayanıqlı inkişaf təmin edildi. Həmçinin yeni əsrin müqaviləsi ölkəmizin qeyri-neft sektoruna sərmayə qoyulmasının da təməl daşlarını düzdü. Məhz bu investisiya sayəsində Azərbaycanda "sənaye parkları" və "iqtisadi zonalar" kimi anlayışlar yarandı.

Qara qızılın əyyarı neftçilərimizin çəkdiyi əziyyətin meyarıdır...

- Danışan Bəxtiyar Muradovdur... Bəli, bəli. Bəxtiyar Muradov. Neft çıxdı... Qiyamətdi, əla neftdi. "Şokolad" kimi...

Dahi Azərbaycan sənətkarı Rəşid Behbudovun 1956-cı ildə çəkilən "Bəxtiyar" filmində səsləndirdiyi bu ifadə günümüzdə dillər əzbəridir.

Hər il 20 sentyabr Azərbaycanda neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı, qısaca isə "Neftçilər günü" kimi qeyd olunur. Həmin gün bu sahədə xüsusi xidmət və fədakarlıqlar göstərən işçilərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərman və sərəncamları ilə fəxri adlar, ordenlər, medallar verilir. 20 sentyabr 1995-ci ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda, Respublika sarayında "Əsrin müqaviləsi"nin imzalanmasının birinci ildönümündə neft-qaz sahəsinin nümayəndələri ilə görüş keçirildi. Bu görüşdən sonra hər il 20 sentyabrda dahi şəxsiyyət Heydər Əliyevin görüşləri mütəmadi hal aldı. Bu günün peşə bayramı kimi qeyd edilməsi isə 16 avqust 2001-ci il tarixli fərman ilə rəsmiləşdi.

Məhz bu tarix Azərbaycan neftçiləri üçün əlamətdar gündür. Çünki Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dünyaya inteqrasiya olunmasında böyük rolu olan neftin "usta"ları bu yolda öz canlarından keçiblər. Həm də onların ruhlarının yad edilməsi bu baxımdan çox vacibdir.

Dövlətimiz neftçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət və qayğı ilə yanaşır. Heydər Əliyev kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev neft sənayesinin, inkişafını və gələcək perspektivlərini daim diqqət və nəzarətdə saxlayır. "Neft Daşları"nda yaşayan və işləyən neftçilər üçün yüksək səviyyədə əmək və yaşayış şəraiti yaradılıb...

Tacir SADIQOV,

"Respublika".