Separatçılığa son qoyulur
Digər xəbərlər

Separatçılığa son qoyulur

Ötən gün ardıcıl mina partlayışları nəticəsində polis və mülki işçilər həlak olub. Sərhəddə düşmən təxribatı nəticəsində Azərbaycan Ordusunun 2 hərbçisi yaralanıb. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi dəfələrlə qarşı tərəfə bu cür təxribatlardan əl çəkməyi bildirsə də, ard-arda davam edən  terror hərəkətlərini dayandırmaq üçün lokal xarakterli antiterror tədbirlərinə başlayıb. Müdafiə Nazirliyi bu barədə məlumat verərək qarşı tərəfin artıq bu cür təxribatlarına qarşı susmaq niyyətində olmadığını bildirib. Mülki əhali və infrastruktura zərər verməyəcəyini bəyan edən və sözündə duran Azərbaycan əsl humanizm və tolerantlıq nümunəsi göstərməyə davam edir.

Ermənistan tərəfi də artıq məsələnin çıxılmaz hal aldığının fərqinə varıb. Ermənistan  Müdafiə Nazirliyi bildirib ki, qondarma rejimin yerləşdiyi  ərazidə heç bir ordusu mövcud deyil. Əslində bu, bir növ geriçəkilmə taktikasıdır ki, biz bunu 2020-ci ildə də aydın gördük. Ermənistan tərəfi bu kimi bəyanatlarla gizli də olsa reinteqrasiya və birgə yaşayışa dair açıqlama verir. Azərbaycan tərəfi isə ancaq legitim hədəfləri zərərsizləşdirdiyini bildirərək Qarabağda yaşayan erməni sakinlərin təhlükəsizliyini təmin edir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi bəyanatlar verərək bir daha erməni sakinlərini reinteqrasiya prosesinə dəvət edir. Qarabağ Azərbaycanın daxili məsələsidir və ölkəmiz istənilən halda həmin şəxslərin təhlükəsizliyini qoruyaraq davamlı sülh təklif edir. Qeyd edək ki, xalqlarımız  arasında birgəyaşayış prosesi ötən 2 əsrdə mövcud olub və erməni sakinləri reinteqrasiya prosesinə töhfə verməklə yenidən bu prosesi təmin edə bilərlər.

Xunta rejimi isə öz sakinlərinə qarşı belə cinayət xarakterli addımlar atmağa davam edir. Azərbaycan tərəfinin dəfələrlə və israrla mülki əhali və infrastruktura heç bir xəsarət yetirməyəcəklərini bildirsələr də, separatçıların başda gedən "avtoritetləri" guya "təhlükə" bəhanəsi ilə yerli əhalini bunkerlərə yığıb. Bu halda özünü dünya ictimaiyyətinə acındırmaq istəyən qondarma rejim mülki insanlardan qalxan kimi istifadə edir. Müdafiə Nazirliyi Xankəndidə yaşayan erməni sakinlərinə sms və səsgücləndiricilərlə məlumat verərək Azərbaycan tərəfindən qocalara, qadınlara, uşaqlara, habelə fiziki məhdudiyyətli şəxslərə və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcəyini bildirib. Həmçinin qeyd edilib ki, əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb. Bu kimi hallar Azərbaycanın bir daha erməni sakinlərini separatçı rejimin yalanlarına inanmamaq çağırışlarının təzahürüdür.

Son olaraq, Müdafiə Nazirliyi bir daha bəyan edib ki, Qarabağdakı cinayətkar rejimin, hərbi xuntanın mövcudluğuna son qoyulmalı, həmin ərazidə Konstitusiya quruluşu bərpa edilməli, əhalinin təhlükəsizliyi, sabitlik və əmin-amanlıq təmin olunmalı, işğaldan azad olunmuş bütün torpaqlar kimi, həmin ərazilərdə də inkişafın təmin edilməsi üçün zəruri şərait yaradılmalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, Qarabağ gözəlləşir, çiçəklənir. Buna görə də,  erməni sakinləri marionet rejimin əsassız vədlərinə aldanmamalı və öz müqəddəratlarını həll etmək üçün Azərbaycana müraciət etməlidirlər. Reinteqrasiya prosesi həm də əsir kimi saxlanılan yerli əhalinin tək çıxış yoludur...

Tacir SADIQOV,

"Respublika".