Sənədlər həqiqəti təsdiq edir
Digər xəbərlər

Sənədlər həqiqəti təsdiq edir

"...Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır". Bu fikirləri Prezident İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanışlıq və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı bildirib.

Azərbaycanın qədim yerlərindən biri də Qərbi Azərbaycan, indiki Ermənistan deyilən torpaqdır. 1918-ci ilə qədər bu torpaqlarda türklər yaşamış, yurd-yuva, ev-eşik tikmiş, dövlət qurumları formalaşdırmışlar. Həm 1590-cı il İrəvan bəylərbəyliyinin icmal dəftərində, həm də 1727-ci ildə Osmanlı dövlətinin tərtib etdiyi İrəvan əyalətinin icmal dəftərində orada olan yer adları, yaşayış məntəqələri, yaşayan adamların sayı açıq-aydın göstərilmişdir. Tarixi sənədlər də indiki Ermənistan ərazisinin tarixən Azərbaycan türklərinə məxsus olduğunu sübut edir.

Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da xalqımıza məxsus tarixi, dini abidələrimizi dağıdan ermənilərin yalanlarını ifşa edən sənədlər, xəritələr bu torpaqların əsl sahiblərinin azərbaycanlılar olduğunu təsdiqləyir. Həmin xəritələrdəki Azərbaycan mənşəli adlar da göstərir ki, xalqımız əsrlər boyu bu torpaqlarda yaşamış, dəfələrlə erməni xəyanətlərinin qurbanı olsalar da el-obalarına sahib çıxmışlar. Həm Qərbi Azərbaycanın parça-parça Azərbaycandan necə qoparılması, həm də bu torpaqların əsl sahiblərinin müxtəlif vaxtlarda məcburi şəkildə torpaqlarından didərgin salınması xəritələr və sənədlərdə öz əksini tapıb.

Qərbi Azərbaycan - indiki Ermənistan ərazisində xalqımızın çox zəngin mədəni-tarixi irsi var. Çünki əcdadlarımız minillər boyu bu ərazidə yaşayıblar. Qərbi Azərbaycan ərazisinin əzəli və yerli sakinlərinin Azərbaycan türkləri olmağına baxmayaraq ermənilər XX əsrin 1-ci və 2-ci yarısında Azərbaycan türklərini öz doğma yurdlarından didərgin salmaq üçün məkrli niyyətlərini həyata keçirmişlər. Belə ki, 1948-1953-cü illərdə Qərbi Azərbaycandan 150 mindən artıq azərbaycanlını, o cümlədən 1988-1994-cü illərdə bir milyondan artıq azərbaycanlını öz doğma ata-baba yurdlarından zorla çıxarmış və onlar qaçqın və məcburi köçkün halında məskunlaşmışlar. Ermənilərin Azərbaycan türklərinə qarşı müxtəlif illərdə törətdiyi zorakı hərəkətlərin, xüsusilə azərbaycanlıların öz doğma yurdlarından zorla qovulmasının əsl qiyməti Azərbaycanda xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. Azərbaycanlıların Qərbi Azərbaycandan zorla köçürülməsi dövrünü araşdırıb, tarixi həqiqətləri üzə çıxarmaq üçün ulu öndər Heydər Əliyev "1948-1953-cü illərdə Azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 18 dekabr 1997-ci ildə Fərman vermişdir. Ermənilərin zorakı hərəkətlərinə dövlət səviyyəsində qiymət verən, Azərbaycanın itirilmiş torpaqlarının sülh yolu ilə qaytarılması üçün öz səyini, bacarığını əsirgəməyən dünyaşöhrətli siyasətçi Heydər Əliyev demişdir: "Xalqımız daim bilməlidir ki, bizim tarixi torpaqlarımız hansılar olubdur. Hansılar, nə vaxt əlimizdən gedibdir, niyə görə əlimizdən gedibdir və şübhəsiz ki, bunlar qaytarılmalıdır. Biz qaytara bilməsək, gələcək nəsillər bunları qaytaracaqlar".

XX yüzilliyin sonlarına yaxın Qarabağın və Şərqi Zəngəzurun işğalı xalqımızın növbəti faciəsi idi. Bu dəfə ermənilər havadarlarının köməyi ilə Azərbaycanın 10 min kvadratkilometrdən çox ərazisini öz nəzarətləri altına keçirməyə nail oldular. Bununla belə, üzləşdiyi məhrumiyyətlər xalqımızı sındıra bilmədi. Prezident İlham Əliyev xalqımıza daim ümid verir, əminliklə bildirirdi ki, biz doğma yurd yerlərimizə qayıdacağıq. Ağalı kəndinin timsalında tarixinə, sərvətlərinə sahib çıxan Azərbaycan xalqının eyni cəsarəti Qərbi Azərbaycanda da təsdiqləyəcəyini daşnaklara bildirdi. "Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük…". Prezident İlham Əliyev əminliklə bildirir ki, 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımız kimi, Qərbi Azərbaycandakı ərazilərimizi də hərbi gücümüz, siyasi, iqtisadi qüdrətimizlə azad edəcək, əsl sahiblərinə qaytaracağıq. Dövlət başçımızın qətiyyəti, xalqımızın və dövlətimizin əzmi onu göstərir ki, Azərbaycan gec-tez bu istəyinə də nail olacaq, insanlarımızın Qərbi Azərbaycana qayıdışı reallaşacaq.

Müşfiq MİRZƏ,

"Respublika".