Səndən təsəlli - bir zabit mundiri...
Sosial həyat

Səndən təsəlli - bir zabit mundiri...

Tale bu cavan oğlana fitri istedad bəxş eləmişdi. Hələ orta məktəbdə oxuyarkən gözəl rəsmlər çəkirdi. Tay-tuşları Süleymanın tezliklə yaxşı rəssam kimi ad-san qazanacağına sidq ürəkdən inanırdılar. Lakin onu incəsənətin, idmanın digər növləri də maraqlandırırdı. Şeirlər yazırdı, şahmatın sirlərini öyrənirdi. Elə şahmata olan həvəsi onu tezliklə Şirvan şəhərindəki Şahmat məktəbinə gətirdi. Respublika birinciliklərində, digər mötəbər yarışlarda iştirak edib Şirvan şəhərinə kubokla qayıtdı. Süleyman ali təhsil almaq, incəsənət sahəsində öz istedadını nümayiş etdirmək arzusunda idi. 2010-cu ildə orta məktəbi bitirib 530 balla Mədəniyyət və İncəsənət Universtitetinin sənətşünaslıq fakültəsinə qəbul olundu. Ali təhsilini başa vurub biliyini artırmaq, yaradıcılıq fəaliyyətini davam etdirmək fikrində ikən vaxt çatdı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Şirvan şəhər şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə çağırıldı. Hərbi xidmətin elə ilk aylarından onda hərb işinə xüsusi həvəs yarandı. Torpaqlarımızın yağı düşməndən xilas ediləcəyi vaxtlarda Vətəni zabit kimi qorumaq istəyi qəlbinə rahatlıq vermədi. Əsgəri xidməti başa vurub zabitlik kursuna yollandı, hərbi təhsil alıb leytenant rütbəsi ilə yenidən hərbi hissəyə qayıtdı.

 

Şərəfli zabit ömrünə qədəm qoyan leytenant Süleyman Bağırov tezliklə hərbi hissədə nümunəvi komandir kimi rəğbət qazandı. Yüksək döyüş hazırlığına, nümunəvi hərbi nizam-intizam qaydalarına, mənəvi işgüzar keyfiyyətlərinə və vəzifə borcunu ləyaqətlə yerinə yetirdiyinə görə dəfələrlə həbi hissə rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif olundu. Şahmat yarışlarında iştirak edib hərbi hissənin idman şərəfini qorudu. Respublika birinciliyində yüksək yer tutduğuna görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən mükafata layiq görüldü. 2016-cı il tariximizin şanlı səhifələrindən olan aprel döyüşlərində iştirak etdi. Müqavilə müddəti qurtarandan sonra doğma Şirvana qayıtdı. Ticarətlə məşğul olan idarələrin birində rəhbər vəzifədə işlədi.

2019-cu ilin dekabr ayında uzun illər sevdiyi xanımla ailə həyatı qurdu. Artıq Süleyman qarşısına çıxan maneələri dəf edə-edə həyat yolunda inamlı addımlar atırdı. Böyük arzuları, saf xəyalları var idi. Bütün arzularından yüksəkdə Vətənini azad, bütöv və qalib görmək idi. Elə bu amalla 2020-ci il sentyabr ayının 29-da Vətənin harayına yetişdi, zabit mundiri geyinib döyüşlərə atıldı.

Müharibənin öz qanunları var. Süleyman bu qanunları yaxşı bildiyindən düşmənə qarşı hiddətlə döyüşdü, yaralı yoldaşlarını dəfələrlə ölümdən qurtardı, torpaqlarımızın qarış-qarış azad olunmasında şücaət göstərdi. Döyüşlərin birində məqamların ən alisinə — şəhidlik zirvəsinə yüksəldi. Dünyaya gəlişini gözlədiyini, hətta adını da qoyduğu qızını görmədən ruhu Vətən göylərinə ucaldı. 9 ay əvvəl bəylik taxt-tacından yenicə ayrılan Süleyman noyabrın 13-də böyük izdihamın çiyinlərində Şəhidlər Xiyabanındakı son mənzilinə yola salındı. Vətən müharibəsində yüksək döyüş əzmi və fədakarlıq göstərdiyinə görə leytenant Süleyman Loğman oğlu Bağırov ölkə başçısının sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olundu.

...Süleymanın qız balası dünyaya gəlib. Adını atasının arzusu ilə Nilufər qoyublar. Körpə Nilufər atasının şəkilləri və şəxsi əşyaları ilə bəzədilmiş guşənin qarşısında dünyadan xəbərsiz oynayır, qığıldayır, gülür. Bütün uşaqları böyütmək vəzifəsi valideynlərin üzərinə düşür, şəhid övladlarını isə el-oba, xalq böyütməlidir.

Ailədə Süleyman haqqında danışmaq çətin olsa da, hamı qürur, iftixar hissi keçirir. Atası Loğman baxışlarını məchul nöqtəyə dikib güman ki, oğlunun uşaqlıq, gənclik illərinin xatirəsini göz önünə gətirir. Anası Nailə xanım övladının əməksevərliyindən, sakit təbiətli, mehriban olmasından söz açır. Həyat yoldaşı Mehriban ömrün sevgi dolu günlərini xatırlayıb qəhərlənir.

Bizsə bu ailəyə necə təsəlli verəcəyimizi bilmirik. Bir gözəl mahnını yada salıb bu halal ocaqdan ayrılırıq: “Səndən təsəlli - bir zabit mundiri”...

Tofiq HÜSEYN,

“Respublika”.