Güclü iqtisadiyyat Azərbaycanın hərtərəfli inkişafının təməlində dayanan əsas amildir
İqtisadiyyat

Güclü iqtisadiyyat Azərbaycanın hərtərəfli inkişafının təməlində dayanan əsas amildir

Yeni dünya düzənində qüdrətli bir dövlətin təməl sütunları onun güclü orduya və iqtisadiyyata sahib olmasıdır. Xüsusilə müstəqil iqtisadi dəyərlər inkişafın bütün sahələrində lazımi nəticə verə bilər. Əhalinin rifahı, sosial-iqtisadi aspektdəki yeniləşmənin tətbiqi bu amildən birbaşa asılıdır. Bununla yanaşı, iqtisadi inkişaf üçün islahatların həyata keçirilməsi və effektiv idarəetmə strukturlarının yaradılması prioritet kimi müəyyənləşməlidir.

Azərbaycan ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə yeni iqtisadi inkişaf yolunda addımlamağa başladı. Böyük potensiala malik olan ölkəmizi destabil geosiyasi məkanda böyük iqtisadi gücə çevirməyə məhz ulu öndər Heydər Əliyev nail olmuşdur. Belə ki, milli iqtisadiyyatımızın formalaşmasında misilsiz xidmətləri olan ümummilli lider Azərbaycanın gələcək inkişafını böyük uzaqgörənliklə ifadə etmişdir: "Bir Prezident kimi mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir". Ulu öndərin hakimiyyətə gəlişi ilə Azərbaycanın inkişaf strategiyası müəyyən edildi. Bu strateji konsepsiya ölkəmizin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla hazırlandı.

Müstəqilliyini yenicə qazanmış Azərbaycanda siyasi səriştəsizlik ucbatından ölkədaxili narazılıqlar pik həddə çatmışdı. Xüsusilə, 1991-1995-ci illərdə Azərbaycanın keçdiyi iqtisadi inkişaf yoluna nəzər salsaq, həmin dövrdə Azərbaycan iqtisadiyyatının iflic vəziyyətində olduğunu müşahidə etmək olar. Siyasi böhran, torpaqlarımızın işğalı və bunun nəticəsində 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, istehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsinin artması, əhalinin pul gəlirlərinin kəskin azalması, inflyasiyanın idarəolunmaz səviyyəyə çatması, sosial-iqtisadi böhranı daha da dərinləşdirmişdi. Bu da öz növbəsində ölkə iqtisadiyyatını böhran vəziyyətə salmışdı. Dərin böhranın səbəbi isə köhnə iqtisadi sistemin qalıqlarının mövcudluğu, xüsusilə də milli pul sisteminin olmaması idi.

1992-ci ildə müstəqilliyin əsas atributlarından biri, milli valyutamız olan manat dövriyyəyə buraxılsa da, ölkədə yeganə ödəniş vasitəsi olmadığından problemlərin həlli istiqamətində əsaslı çıxış yolu kimi qiymətləndirilmədi. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xalqın itirilmiş inamı özünə qaytarıldı. Məhz həmin dövrdən etibarən iqtisadiyyatın ağır böhrandan çıxarılması üçün əsaslı islahatlara başlanıldı. Ulu öndərin fəaliyyəti sayəsində hüquqi mexanizmləri tənzimləyən mükəmməl qanunvericilik bazası formalaşdırıldı. Müstəqil bank sistemi və pul tədavülünün hüquqi əsaslarını təmin etmək üçün yeni qanunvericilik sənədləri qəbul edildi, mövcud qanunvericilik sənədləri isə təkmilləşdirildi. Belə ki, bank qanunlarının yenidən işlənməsi nəticəsində 1996-cı ilin 10 iyun tarixində "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", 14 iyunda isə "Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" qanunlar yeni redaksiyada qəbul edildi. Bu sahədə mükəmməl qanunvericilik bazasının formalaşdırılması Azərbaycanın bank sisteminin etibarlılığının artırılmasına, əmanətçilərin və kreditorların maraqlarının qorunmasına zəmin yaratdı.

1992-ci il 11 fevral tarixli "Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında" Fərman ilə Milli Bank yaradılsa da, ölkədəki gərginlik öz səviyyəsini qorumaqda idi. Müstəqilliyini bərpa edən Azərbaycanın bu çətin sınaqdan üzüağ çıxması üçün mövcud siyasi vəziyyət formalaşmamışdı. Lakin bu, Cənubi Qafqaz məkanında növbəti dəfə Azərbaycanın yeniliyə, tərəqqi və inkişafa kökləndiyini sübut edirdi. Qeyd etmək lazımdır ki, Mərkəzi Bankın məqsəd və funksiyalarının, bütün sahələr üzrə fəaliyyətinin daha səmərəli və effektiv şəkildə həyata keçirilməsi üçün hüquqi əsaslar yaradılmış, pul və valyuta (məzənnə) siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi, pul tədavülünün təşkili, ödəniş sistemlərinin tənzimlənməsi və inkişafı, qızıl-valyuta ehtiyatlarının saxlanması və idarə edilməsi Bankın əsas funksiyaları kimi müəyyən edilmişdir.

Xatırlatmaq lazımdır ki, ölkəmizdə bankçılığın tarixi 1918-ci ildən - Şərqdə ilk demokratik respublikanın qurulmasından etibarən başlayır. Ağır siyasi və sosial-iqtisadi böhranı aradan qaldırmaq məqsədilə Cümhuriyyət hökuməti tərəfindən vergi-büdcə, pul tədavülü, mülkiyyət münasibətləri, xüsusilə torpaq islahatları, məşğulluğun təmin edilməsi və sair sahələri əhatə edən geniş islahat paketi işlənib hazırlanır. Bütövlükdə 200-dək qanun layihəsi işlənib parlamentə təqdim edilir və onların xeyli hissəsi öz təsdiqini tapır. Azərbaycan Xalq Cümhuriyyətinin müəllifi olduğu dövlətçilik atributlarından biri də məhz milli pul nişanları və müstəqil mərkəzi bankdır. 1919-cu il martın 7-də hökumətin qərarı ilə Azərbaycan Dövlət Bankının təşkil edilməsi təklifinin ardınca həmin il sentyabrın 16-da Parlament Nizamnaməni təsdiq edir, sentyabrın 30-da isə bankın təntənəli açılış mərasimi olur. Bununla da ilk dəfə olaraq Azərbaycan Dövlət Bankı fəaliyyətə başlayır. Azərbaycanda mərkəzi bankçılığın yaradılması məhz belə bir mürəkkəb tarixi şəraitə təsadüf edirdi.

Əfsuslar olsun ki, Azərbaycan Dövlət Bankı yaradıldıqdan cəmi 7 ay sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Lakin bu qısa müddət ərzində Azərbaycan Dövlət Bankı mərkəzi bankçılığın əsas elementlərini yaratmağa nail oldu. Bank mərkəzi o dövrdə bankçılığın digər funksiyalarını da yerinə yetirirdi. Bu funksiyalardan biri ticarət, sənaye və kənd təsərrüfatına kreditlər vermək idi. Azərbaycan Dövlət Bankı, eyni zamanda, ölkədə mövcud olan kredit təşkilatlarının fəaliyyətinə də nəzarət edirdi.

Nurlan ABDALOV,

"Respublika".