Sən bir möcüzəsən, Şuşa!
Digər xəbərlər

Sən bir möcüzəsən, Şuşa!

Təsəvvür edin ki, Şuşada, Cıdır düzündəsiniz. Saralmış otların üzərinə düşən şeh ayaqlarınızı isladır. Başınız üzərində kövrəlib yağmağa hazırlaşan dolmuş buludlar boylanır. Sanki bir himə bənddir. Aşağı baxırsan, payıza təslim olmamaq üçün çırpınan xarıbülbül boynubükük dayanıb. Sənə, sən insafsıza uzun illərin həsrətini anlatmağa çalışır. Utandığından yaxınlıqdakı mağaraya qaçıb gizlənmək istəyirsən.  İrəlidə, sıldırım qayalardan aşağıda dərin dərələrin səni çağırdığını eşidirsən. 

Harada idin, a zalım?

Hündür, əzəmətli, tarixin ən çətin dönəmlərindən, sınaqlarından çıxmış dağlarla üz-üzə durmusan. İstəyirsən nəsə deyəsən, əzizləyəsən dağları, öz səsinin qarşıdakı dağlarda əks-səda verdiyini eşidirsən. Topxana meşəsindən əsən mehin həzin sərinliyində zümzümə edirsən: Şuşanın dağları başı dumanlı... 

Gəlirik, gəlirik, gözü yolda qalan Şuşa!

Həsrətli dağların başından, sal qayalardan bizə sarı boylanan Şuşa. Gəlirik, səni sevib, əzizləyib, oxşamağa, nazlı Şuşa.

Bu sətirləri 44 günlük Vətən müharibəsi zamanı, hər gün qazanılan qələbələrin coşqusu ilə yazmışdım. O zaman hər dəqiqə ölkə Prezidentindən,  cənab Ali Baş Komandan İlham Əliyevdən “Şuşa işğaldan azad olundu” xəbərini səbirsizliklə gözləyirdik. Bilirdik ki, Qarabağın Şuşasız azadlığı ola bilməz. Ölkə başçısının hər çıxışı, hər qələbə xəbəri bizi inamla Şuşaya, Qarabağın tacına, möcüzə şəhərinə aparırdı. Nəhayət,  noyabrın 8-i ruhumuza, qəlbimizə fərəh, qürur gətirən xəbəri eşitdik.  Özü də,  məhz Ali Baş Komandan İlham Əliyevin dilindən.

“Əziz Şuşa, sən azadsan!”.

Bu xəbər təkcə Şuşanın yox, ümumi Qarabağın azadlığının qarantı, müjdəsi idi. Vaxtilə ulu öndər Heydər Əliyev deyirdi: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.  Biz millət olaraq uzun illər Şuşa həsrəti, Qarabağ nisgili ilə yaşamışdıq. Şuşa 1992-ci il may ayının 8-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdir. Qürur, ləyaqət, mərdlik simvolumuz olan şəhər tam 28 il murdar düşmənlərimizin əsarətində qaldı. Ötən bu illər ərzində Şuşa həsrəti ilə yaramıza köz basıb, qisas hissilə yaşadıq. Yalnız həmin günü gözlədik. Bu ümidlə, bu inamla yaşadıq. Bir an da olsa, nə qisas hissimiz səngidi, nə də Şuşaya qovuşacağımız günə inamımız azaldı. Bizə stimul verən,  ümidimizə ümid calayan isə ölkə başçısı, cənab İlham Əliyevin cəsarətli çıxışları, apardığı siyasət oldu. Ölkə başçısı bir gün Şuşada Novruz tonqalını yandıracağıq dedi və verdiyi sözü də etdi. İşğaldan azad olunandan sonra Prezident İlham Əliyev qalib prezident kimi Şuşaya səfər etdi. Cənab Prezident üçün bu səfərin başqa bir rəmzi mənası da var idi. Çünki o, düz 39 il əvvəl, 1982-ci il yanvarın 14-də Şuşada ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etmişdi. Əlbəttə ki, bu səfərin məna və mahiyyəti çox böyük idi. 30 illik işğal  müddətindən sonra Şuşaya səfər edən ilk Azərbaycan Prezidenti idi. Hələ 1992-ci ildə ermənilər Şuşanın işğal əməliyyatını “dağlarda toy" adlandırıb, öyünürdülər. Lakin 28 il sonra Azərbaycan əsgəri o öyünən erməniyə Prezident İlham Əliyevin dediyi kimi: “Biz onlara elə bir toy tutduq ki, bu dərsi əbədi yadda saxlayacaqlar”.

Strateji cəhətdən mühüm və çətin relyefə malik şəhəri işğaldan azad etmək o qədər də asan deyildi. Ötən 28 ildə erməni işğalçıları dağıdıb viran qoyduqları şəhərin simasını,  görünüşünü dəyişməyə çalışsalar da, Şuşa düşmən tapdağında belə, öz əzəmətini, qürurunu qoruyub saxlaya bilmişdi. Bu qədim şəhər özündə böyük bir tarix yaşadır. İngilis səyyah və alimləri C.Morye və R.Burter Şuşanın qədimliyi ilə bağlı maraqlı fikirlər söyləmişdilər. C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl insan məskəni olmuşdur. R.Burter isə yazır ki, “Şuşada Qafqazın başqa yerlərində olmayan,  Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır". Bütün bunlar deməyə  əsas verir ki, Şuşa çox qədim tarixə malikdir. Şuşa Azərbaycanın qədim tarixini özündə yaşadan, qoruyub saxlaya bilən, şəhər mədəniyyətinin nadir incilərindəndir. Şəhər xüsusilə gözəl təbiəti, coğrafi mövqeyi, mühüm strateji əhəmiyyəti ilə seçilir. Buranın mülayim iqlim şəraiti, flora və faunası, təmiz havası bu ərazinin olduqca müalicəvi əhəmiyyətini də artırır.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri  noyabr ayının 7-də şəhərin sıldırım,  keçilməsi mümkün olmayan qayalarını dırmaşaraq yüngül silah-sursatla Şuşaya daxil olmuş,  erməni qoşunlarını şəhərdən çıxarmışlar. 2020-ci il  noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Şuşanı işğaldan azad etdiyini xalqa bəyan etmişdir. Şuşanı işğaldan azad etməklə Azərbaycan müharibənin həlledici məqamına çatmış və bununla da strateji üstünlük əldə etmişdir.

 Qələbədən dərhal sonra Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə başlanıldı. Şuşanın Baş Planı hazırlandı və bütün bərpa-yenidənqurma işləri planauyğun aparılır. Dağıdılan abidələr, tarixi binalar bərpa olunaraq, öz əvvəlki görkəminə qaytarılır.  Artıq 2 ildir bu yerlərə yeni həyat gəlib. Dağıdılmış evlərin bərpası ilə yanaşı, yeni evlər də inşa olunur.  Yeni məktəblər, xəstəxana binası, muzeylər tikilir.  Artıq Bülbülün, Üzeyir Hacıbəyovun ev-muzeyləri, Molla Pənah Vaqifin məqbərəsi bərpa olunaraq istifadəyə verilib.  Mehmandarovların mülkündə təmir-bərpa işləri uğurla aparılır.  Eyni zamanda, “Güllələnmiş heykəllər” kimi tarixə düşən Üzeyir Hacıbəyovun, Bülbülün və Natəvanın heykəlləri də artıq öz doğma məkanlarındadır. Şəhərdə demək olar ki,  bütün infrastruktur yenidən qurulur, yaşayış üçün hər bir şərait yaradılır.

“Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik. Bu böyük qələbədir”,-deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşanı işğaldan azad etməklə öz millətinə  qalibiyyət  xoşbəxtliyi bəxş etdi.

Ramidə YAQUBQIZI,

“Respublika”.