Səmimi dostluq, etibarlı tərəfdaşlıq
Siyasət

Səmimi dostluq, etibarlı tərəfdaşlıq

Son illər Azərbaycanla BƏƏ arasında nəhəng enerji layihələrinin reallaşdırılması münasibətləri yeni mərhələyə yüksəldib

Etibarlı tərəfdaşa çevrilən Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır. Prezident İlham Əliyevin yürütdüyü uğurlu müstəqil xarici siyasət sayəsində ölkəmizin Avropa, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər hazırda ən yüksək səviyyədədir və getdikcə inkişaf edir.

Dünyada enerji layihələrinin və iqtisadi proseslərin reallaşması kontekstində önəmli rola malik olan BƏƏ kimi aktorla əlaqələrimiz təkcə siyasi və diplomatik deyil, eyni zamanda iqtisadi baxımdan da Azərbaycan üçün önəmlidir. İşğaldan azad etdiyimiz ərazilər də daxil olmaqla, hazırda yaşıl enerjinin, bərpaolunan enerji mənbələrinin istehsalı və mübadiləsi sahəsində həm regionda, həm də Avropa və Asiya qitələrində ölkəmizin rolu artmaqdadır. Bunun əsl səbəbi Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın artıq illər əvvəl özünün enerji təhlükəsizliyini təmin etməsi ilə bağlıdır.

Bu gün ölkələrimiz arasında iqtisadi əlaqələr yüksək səviyyədədir. Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya mövcuddur. Bundan əlavə, 2017-ci ildən bəri Dubay şəhərində ölkəmizin Ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsulların BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək və "Made in Azerbaijan" brendini daha çox tanıtmaq üçün "Azərbaycan Ticarət Evi" fəaliyyət göstərir. Azərbaycan "Expo 2020 Dubai" beynəlxalq sərgisinə dəstək verən ilk ölkələrdən biridir.

Münasibətlər təkcə iqtisadi əməkdaşlıq üzərində qurulmur, siyasi münasibətlərin inkişaf etdirilməsinə də önəm verilir. Dövlətimizin başçısı ilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında keçirilən görüş zamanı bu məsələyə diqqət çəkilib. Ərəb ölkələri mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəklərini ifadə ediblər. Belə səmimi münasibətin ifadəsi olaraq BƏƏ-nin 2022-ci ilin dekabrında Fransa və Ermənistanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı çirkin kampaniyanın növbəti addımı olaraq müzakirəyə çıxardıqları anti-Azərbaycan qətnaməsinə sərt şəkildə etiraz etməsini xüsusi qeyd etmək olar. Bir sıra dost dövlətlərlə yanaşı, BƏƏ-nin də ədalətli və qətiyyətli mövqedən çıxış etməsi hazırda haylara və onun havadarlarına qarşı apardığımız siyasi və diplomatik mübarizədə mühüm məqam kimi dəyərləndirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən il yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasiminə dəvət edilməsi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən Azərbaycanın dövlət başçısına yüksək etimadın göstəricisi idi. Qeyd edək ki, 2008-ci ildə təsis edilmiş Əbu-Dabi Dayanıqlılıq Həftəsi dünyanın iqtisadi inkişafının təmin edilməsini hədəfləyən beynəlxalq platformadır. Bu platforma hədəflərinə çatmaq üçün qlobal əməkdaşlıq, iqtisadi inkişaf, innovativ texnologiyalar üzrə proqramlar qurur. Eyni zamanda dünyada təsir imkanları ilə seçilən dövlət başçılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri bir araya gətirir. Platformanın ötən ilki toplantısında 150 ölkədən 30 minədək nümayəndə iştirak edib. Ölkəmizin mühüm beynəlxalq proqramların, qlobal miqyaslı enerji, nəqliyyat, təhlükəsizlik layihələrinin müəlliflərindən biri olması Dayanıqlılıq Həftəsi platforması üçün ölkəmizin önəmini ifadə edirdi. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın 200 qiqavata yaxın bərpaolunan enerji potensialı ölkəmizi dünyanın diqqət mərkəzinə çevirib.

Ötən il dekabrın əvvəlində Dubayda keçirilən və Azərbaycan Prezidenti İlham Əliyevin də ilk dəfə iştirak etdiyi COP28 100 minə yaxın nümayəndəni bir araya gətirdi, BMT-nin tarixində ən genişmiqyaslı tədbir kimi yadda qaldı. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatıldı. Dekabrın 9-da isə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı dövlət başçıları ölkələrimiz arasında münasibətləri və gələcək əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər. Prezidentlər Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud əməkdaşlıq sahələrinə, xüsusilə iqtisadi inkişaf, bərpaolunan enerji və ölkələrimizin davamlı inkişafı üçün digər vacib istiqamətlərdə əməkdaşlıq imkanlarına toxunublar.

Son illər Azərbaycanla BƏƏ arasında hərtərəfli əlaqələrin genişlənməsi, xüsusilə də nəhəng enerji layihələrinin reallaşdırılması münasibətləri yeni mərhələyə çıxarıb. BƏƏ xarici investisiyaları təşviq etmək və Azərbaycanın təmiz enerji, davamlı inkişaf və karbon qazının azaldılması sahəsində səylərini dəstəkləmək öhdəliyinə sadiqdir. 2021-ci ilin aprel ayında Azərbaycan Energetika Nazirliyi və "Azərenerji" ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə "İnvestisiya müqaviləsi", "Enerji alqı-satqı müqaviləsi" və "Ötürücü şəbəkəyə qoşulma müqaviləsi" imzalanıb. 2022-ci il martın 15-də "Gülüstan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə təməli qoyulub. Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib və bu layihənin regionun enerji inkişafında tam bir inqilab olacağını diqqətə çatdırıb.

Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye profilli ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. "Masdar" ilə aparılan əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.

Ölkələrimiz ikitərəfli təmaslarla yanaşı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalar çərçivəsində də əməkdaşlıq edir. Beləliklə, qarşılıqlı hörmətə, güclü dostluq və qardaşlığa, bunu daha da zənginləşdirən İslam irsinə əsaslanan əlaqələrimiz həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətt üzrə inkişaf edir və güclənir. Bunu şərtləndirən əsas amil kimi ölkə rəhbərlərinin siyasi iradəsini və yaxın dostluq münasibətlərini də xüsusi vurğulamaq lazımdır.

Mustafa KAMAL,

"Respublika".