Beynəlxalq münasibətlər sistemində mövqeyimiz daha da möhkəmlənir
Siyasət

Beynəlxalq münasibətlər sistemində mövqeyimiz daha da möhkəmlənir

ADA universitetinin təşkil etdiyi “COP 29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı beynəlxalq forum əhəmiyyətli və aktualdır. Tədbirdə dünyanın beyin mərkəzlərini təmsil edən 70-dən çox qonaq iştirak edirdi. Prezident İlham Əliyev forumda giriş nitqi ilə çıxış edərək Azərbaycanın bu gün dünyada tutduğu mövqeyini və baxışlarını iştirakçıların diqqətinə çatdırdı. Həm də forum iştirakçılarının regional və qlobal əhəmiyyət daşıyan suallarına Azərbaycanın münasibətini geniş şəkildə açıqladı. Dövlət başçımız əsas məsələlərdən danışdı, mövcud problemlərin həll yollarını göstərdi və ölkəmizin bu problemlərin həllində mövqeyini açıq şəkildə bildirdi. Məsələn, Ermənistanla sülh müqaviləsinin imzalanmasına heç vaxt olmadığımız qədər yaxın olduğunu bildirən dövlət başçımız bu gün başlanılan delimitasiya prosesinə yüksək dəyər verdiyimizi bildirərək Ermənistanın 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatın tərkib hissəsi olan Naxçıvana maneəsiz yolumuzun açılmasının vacibliyini də vurğuladı. O cümlədən Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı yenidən silahlandırdığını və bu ölkəmizə təhdid yaradarsa mütləq şəkildə tədbir görülməyini açıq şəkildə ifadə etdi. Cənab Prezident sözünü açıq deyir və heç kimdən heç nəyi gizlətmir. Təbii ki, ölkəmiz müharibələrin tərəfdarı deyil. Biz sülh müqaviləsinin tezliklə imzalanmasını istəyirik. 

Dövlət başçımız forumda həm də enerji resurslarımızdan yararlanmağımız və gəlirlərin düzgün bölüşdürülməsinin ölkəmizdə yoxsulluğun və işsizliyin azaldılmasına töhfə verdiyini qeyd etdi. Neft qaz resurslarımızdan gəlir götürənə qədər Azərbaycanda işsizlik 50 faiz, yoxsulluq isə 75 faiz olduğu halda, bu gün bu göstərici 5 faizə enmişdir. Təbii ki, bu uğura imza atmağımızın kökündə neft-qaz gəlirlərini vətəndaşların rifahının yaxşılaşmasına yönəldilməsi dayanır. Neft-qaz resurslarına malik ölkə olmasına baxmayaraq, Azərbaycan özünün yaşıl gündəliyini müəyyənləşdirib. Bununla ölkəmiz iqlim dəyişmələri ilə bağlı qlobal çağırışlara qoşulur.

Üç saat yarımdan çox çəkən beynəlxalq forum ölkəmizin mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından çox əhəmiyyətli oldu.

Azər BADAMOV,

Milli Məclisin deputatı.