Siyasət

"Səlibçi" sammiti

ABŞ-da Beynəlxalq Dini Etiqad Azadlığı Sammiti (IRF-2024) davam edir. Tədbir Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası (USCIRF) tərəfindən və ABŞ Senatının həmsədrliyi ilə keçirilir.

Sammitin keçirilməsində məqsəd dünyada dini azadlıqlar naminə fəaliyyət göstərən təşkilatların güclü koalisiyasının qurulmasıdır. Beynəlxalq dini azadlıq hərəkatının ictimai məlumatlılığının və siyasi gücünün artırılması da Sammitin əsas prioritetləri sırasındadır.

İlk olaraq vurğulamaq lazımdır ki, bu tip tədbirlər Qərbdə, xüsusilə də ABŞ-da vaxtaşırı baş tutur və buraya müxtəlif dövlətlərdən ayı-ayrı dinləri təmsil edən nümayəndələr dəvət olunur. Bu tədbirə 30 il ərzində torpaqlarındakı müqəddəs yerlərin dağıdıldığı halda, Azərbaycanın dəvət edilməməsi ABŞ-ın ikili siyasəti və qərəzli yanaşmasının əyani sübutudur. "Dini azadlıqlar naminə birlikdə işləyən" ölkələrin nümayəndələri arasında ermənilər də yer alır. Maraqlıdır, işğal etdiyi ərazilərdə müqəddəs yerləri viran qoyan ölkənin nümayəndələrinin, Sammitdə nə işi var? Sammitin işinin düzgün təşkilinə şübhə yaradan digər bir məqam isə dəvətlilər sırasında Qarabağda soyqırımları həyata keçirən, tarixin arxivinə gömülmüş separatçı rejimin tərəfdarı jurnalist Siranuş Sarkisyanın olmasıdır. Bu jurnalist hələ 2019-cu ildə Qarabağdakı ermənilərin acınacaqlı vəziyyətdə yaşadıqları barədə məlumat vermişdi. Xanım jurnalist hətta müsahibəsində qeyd etmişdi ki, vəziyyət bu cür davam edərsə, Qarabağda məskunlaşmış ermənilər oranı tərk edəcəklər. ABŞ-ın riyakarlığı özünü sammitin icraçı direktoru Piter Börnsün rəsmi "X" hesabındakı paylaşımında da büruzə verib. Börns bu paylaşımı ilə sammitin erməni lobbisinin təsiri altında olduğunu bir daha təsdiqləyib. İcraçı direktorun islamofob paylaşımında dağıdılmış məscidlərin fonunda əlində Ermənistan bayrağı tutmuş, səlibçi paltarı geyinmiş ABŞ prezidentliyinə keçmiş ermənipərəst namizəd Vivek Ramasvaminin rəsmi öz əksini tapıb. Börnsün bu paylaşımı da bir daha ABŞ-ın ermənilərin çaldığı havaya oynadığını söyləməyə əsas verir.

Tədbirə beş erməninin dəvət olunması sammitin mahiyyətini ifşa edir. Əslində bu, ABŞ-ın ölkəmizə qarşı atdığı ilk qərəzli addım deyil. Bundan öncə də rəsmi Vaşinqton "dini etiqad azadlığını məhdudlaşdıran ölkələr"lə bağlı hesabatına Azərbaycanın da adını daxil etmişdi. Şübhəsiz, bunu edən şəxslərin və qurumların tədbiri də bundan artıq olmayacaqdı. Bu baxımdan, baş tutan tədbiri "səlibçi sammiti" adlandırsaq daha düzgün olar. Çünki Azərbaycan əksər beynəlxalq təşkilatların hesabatlarında tolerant, multikultural ənənələrin qorunub saxlandığı ölkə kimi qeyd olunur. Bununla yanaşı, dövlətimiz daim qlobal əhəmiyyət kəsb edən sammitlərə, tədbirlərə evsahibliyi edib. Eyni zamanda Azərbaycan BMT tərəfindən dinlərarası, mədəniyyətlərarası dialoqun önəmli platforması kimi qəbul edilib.

ABŞ-la Azərbaycan arasındakı münasibətlərə gəldikdə isə dövlətimiz öz ərazilərində suverenliyini bərpa etdikdən sonra Qərbin qərəzi özünü daha kəskin şəkildə göstərməyə başladı. Bu gün dini etiqad azadlığı adı altında keçirilən sammitdə ermənilərə meydan verilməsi Ağ Evin dini siyasiləşdirdiyinin göstəricisidir. Qərb dini etiqad azadlığına doğrudan da önəm versə idi, bu gün keçirilən tədbirdə Azərbaycandan da nümayəndələr iştirak edərdi.

Son dövrlər Qərbdə, xüsusilə də ABŞ-da islamofob və azərbaycanofob siyasəti getdikcə dərinləşir. Bu isə bir daha müsəlman dünyasının birləşməsi zərurətini ortaya çıxarır. Bu gün ABŞ beynəlxalq hüquqa məhəl qoymadan xristian təəssübkeşliyini irəli çəkirsə, islam dünyasının da buna qarşı tədbir görməsi zəruridir. Çünki Qərb müsəlman ölkələrində törətdiyi müharibələrə də "demokratiya" donu geyindirir və həmin ölkələrin milli sərvətlərini talayır. Bu baxımdan, Qərbin bu cür islamofob addımlarının qınanılması vacibdir.

Nəzrin ELDARQIZI,

"Respublika".