Saxta rejimin bütün simvolları ləğv ediləcək
Siyasət

Saxta rejimin bütün simvolları ləğv ediləcək

Xankəndidə hayların son izləri də silinir. Cəmi 23 saatlıq antiterror tədbirləri ilə düşməndən azad etdiyimiz şəhərdə qondarma rejimin qanunsuz tikililəri sökülür.

30 il ərzində Azərbaycan torpaqlarında daşı-daş üstündə qoymayan vandal ermənilər tarixi abidələrimizi məhv ediblər. İşğal müddətində Azərbaycana aid 500 tarixi-memarlıq və 100-dən çox arxeoloji abidə, minlərcə əsərin qorunduğu 22 muzey, 4 rəsm qalereyası, 4,6 milyon kitab və əlyazma saxlanılan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı haylar tərəfindən dağıdılıb.

Postmüharibə mərhələsində qarşıya qoyulmuş hədəflərin reallaşdırılması üçün Azərbaycan Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq edilib. "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə isə dövlət başçısının 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" qəbul olunub. Hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, Azərbaycan dövlətinin gücünün və qüdrətinin nəticəsində işğaldan azad olunmuş ərazilər sürətlə bərpa edilir, Böyük Qayıdış proqramı uğurla reallaşdırılır. Dövlət başçımız ötən il  sentyabrın 20-də xalqa müraciətində bir müjdəni də verdi. Bildirdi ki, Qarabağ və Şərqi Zəngəzurda qurulan şəraiti Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda da yaradacağıq. Bu, güclü Azərbaycan dövlətinin əlindədir. Çünki Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində elə dövlət başçımızın öz sözü ilə desək, xunta rejimi ləğv olundu. Onlar ağ bayraq qaldırdılar. 23 saatlıq lokal xarakterli antiterror tədbiri növbəti dəfə Ermənistana və onun havadarlarına Azərbaycan ordusunun gücünü və nəyə qadir olduğunu göstərdi.

Digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənən Xankəndinin baş planı hələ sovet dövründə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsdiqlənib və Azərbaycan SSR tərəfindən şəhərdə geniş tikinti-quruculuq işləri həyata keçirilib. Burada milli kimliyimizə, tariximizə söykənən binalar ucaldılıb. Separatçıların bu ərazilərdə işğal siyasəti başladıqdan sonra şəhərin bütün mənzərəsi pozulub, baş plana uyğun olmayan binalar tikilib. Qondarma rejim 30 il ərzində Xankəndinin tarixini məhv etmək və öz adlarına çıxarmaq üçün hər yola əl atıb.

Nəhayət, Ali Baş Komandanın rəhbərliyi və Azərbaycan Ordusunun yüksək peşəkarlığı ilə doğma torpaqlarımız separatçılardan təmizləndi. İndi onlardan qalan saxta izlər də silinir. Xankəndidə Azərbaycan ərazilərinin işğal edilməsi, günahsız insanlara qarşı qətliam, soyqırımı planlarının hazırlandığı, qərarların qəbul olunduğu terror yuvası kimi fəaliyyət göstərən "parlament binası"nın sökülməsi  revanş istəyində olan separatçılara növbəti mesajdır. Qanunsuz tikililərin sökülməsi Ermənistanda yersiz səs-küyə səbəb olub. Ermənilər bu binaların sökülməsinə siyasi don geydirməyə çalışır, guya erməni irsinin silinməsi kimi təqdim etməyə cəhd göstərirlər. Görəsən, 30 ildə onların özlərinin etdiyi nə idi? Ölkəmizin tarixi abidələrinə münasibətdə erməni vandalizmi özünü qabarıq şəkildə göstərir. Ermənilər işğal altında olan ərazilərimizdə yüzlərlə tarixi-dini abidələrimizi məhv ediblər.

Sökülən iki tikilidən digəri isə "Artsax respublikasının qəhrəmanlarının xatirəsinə" inşa edilmiş bina idi. Onun tikintisi separatçı rejimin "müdafiə nazirliyinin" dəstəyi, eləcə də erməni diasporunun zəngin nümayəndələrindən biri, 2014-cü ildə maliyyə fırıldaqlarına görə Moskvada həbs olunmuş, canını elə həbsxanada tapşırmış Levon Ayrapetyanın xeyriyyə fondu, Qarabağın işğal olunmuş ərazilərinə böyük sərmayə yatırmış "VALLEX-qrup", Rusiyanın müxtəlif şəhərlərindəki erməni diasporlarının sponsorluğu ilə aparılıb. "Qəhrəmanlar binası"nın açılış mərasimi 2013-cü il mayın 9-da Ermənistanın ozamankı prezidenti Serj Sarkisyan və qondarma rejimin rəhbəri Bako Saakyanın iştirakı ilə keçirilib. Separatçı xunta rejimi həmin gün Xankəndinin mərkəzi meydanında düzənlədikləri "bayram tədbirində" həm də Şuşanın işğalını qeyd ediblər.

Ermənilər bu cür iyrənc əməllərini Şuşamızda da davam etdirmək istəsələr də İkinci Qarabağ müharibəsindəki qələbəmiz onların arzularını ürəyində qoydu. Prezident İlham Əliyev Şuşa işğaldan azad olunandan sonra oradakı çıxışında bildirmişdi ki, işğal dövründə ermənilər qondarma "Dağlıq Qarabağ respublikası"nın "parlamentini" Şuşa şəhərinə köçürmək üçün burada bina tikməyə başlamışdılar: "Ancaq şanlı Azərbaycan Ordusu düşmənin bu niyyətini puç etdi. Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad olundu. Qondarma rejimin "parlamenti" binasının inşası yarımçıq qaldı. Qondarma rejim bəyan etmişdi ki, "Dağlıq Qarabağ respublikası"nın "parlamentini" Şuşa şəhərinə köçürəcək. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti cəhd edilməli idi. Bax, bu binanı onlar "Dağlıq Qarabağ respublikası"nın "parlament" binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi".

Azərbaycanın qurub-yaratmaq işinə mane olanlar, siyasi don geyindirənlər niyyətlərinə nail ola bilməyəcəklər.

Röya RÜSTƏMLİ,

"Respublika".