Şəhid tibb bacısı
Sosial həyat

Şəhid tibb bacısı

Arəstə Kərim qızı Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olmuşdur. O, dörd yaşı olanda atası vəfat etmişdir. Arəstə kiçik yaşlarından hərbçi peşəsinə böyük maraq göstərmiş, Azərbaycan Dövlət Pedaqoji kollecinin ingilis dili fakültəsini bitirdikdən sonra 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında çalışmış, 12 iyul 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində operator işləmiş, tibbi kurs bitirdikdən sonra həmin hərbi hissədə kiçik çavuş rütbəsində xidmət etmişdir.

27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi başlayanda Arəstə Baxışova iki azyaşlı övladlarını anasına tapşırır və könüllü olaraq cəbhə bölgəsinə yollanır. O, bir çox yaralı əsgərlər və zabitlərimizi döyüş meydanından çıxarmış və onlara tibbi xidmət göstərərək ölümün pəncəsindən xilas etmiş, oktyabrın 23-də Qubadlı uğrunda gedən gərgin döyüşlər zamanı yaralı əsgərlərimizi döyüş meydanından çıxaran zaman güllə yarası almış və  ömrünün otuz birinci baharında Vətən uğrunda qəhrəmancasına şəhid olmuşdur. Şəhid xanım Binəqədi rayonunun Biləcəri qəsəbəsində “Şəhidlər məzarlığı”nda dəfn edilib.

Şəhidin anası Məktubə xanım: Arəstə özünü dərk edəndən hərbçi olacağını deyirdi. Vətən müharibəsi başlayanda mənə yaxınlaşıb dedi: “Ana, konullu olaraq cəbhəyə gedirəm. Usaqlarım sənə əmanət”. Arəstə ölümdən qorxan deyildi. Məni kövrəldən qızımın köynəyinin cibindən çıxan uşaqlarının dərs və hazırlıq cədvəlləri oldu. Yazmışdı ki, uşaqları saat neçədə məktəbə, müəllimin yanına hazırlığa gedəcək. İstəyirdi ki, oğlu Mərdan və qızı Zəhra ali təhsil alsın, vətənə layiqli övlad olsunlar. Mən qızımla qürur duyuram. Çalışacağam ki, onun arzularını həyata keçirim.

Şəhid xanımın 10 yaşlı qızı Zəhra anası ilə qurur duydugunu deyir: “Anam həmisə mənimlə fəxr edirdi. İndi mən də anamla fəxr edirəm ki, o, Vətən ugrunda səhid oldu”. Anasının hərbi papağını qürurla daşıyan Mərdan hərbçi olmaq istəyir.

Arəstə xanımın iş yoldaşı Pərvanə xanım: “Arəstə xanımın ən çətin və ən xoş günlərində həmişə yanında olmuşam. O, mənim yaddaşımda çox səmimi, işgüzar, vətənpərvər və ən əsası gözəl ana kimi qalacaq. Xanım şəhidimiz Füzuli, Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə tibb bacısı kimi iştirak edərək, yaralı hərbçilərimizin həyatını xilas edib. Şəhidlər ölməz. Onların  əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq və ehtiramla yad ediləcəkdir”.

Şəhid Arəstə Kərim qızı Baxışova Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qürurla qeyd edək ki, Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin “Florence Naightingale” medalının 48-ci təltifetmə mərasimində 18 ölkədən bu medala layiq görülən 25 tibb bacısının sırasında 44 günlük Zəfərin şəhid xanımı Arəstə Kərim qızı Baxışovanın da adı vardır.

Kamil İSMAYIL,

“Respublika”.