Şəhid Ramilin orden və medalı
Sosial həyat

Şəhid Ramilin orden və medalı

2023-cü ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin lokal antiteror əməliyyatları zamanı 200-dən çox qəhrəman oğlumuz gözünü qırpmadan Vətən yolunda canlarını fəda etməklə müqəddəs şəhidlik zirvəsinə ucaldı. Belə mərd igidlərdən biri də Masallı rayonu, Allahyarlı kəndində dünyaya göz açan şəhid Ramil Habil oğlu Məmmədovdur. Əbədiyyət adlı dünyaya qovuşanda ömrünün 19-cu ilini yaşayırdı.

Qısa, şərəfli həyat yolu ilə milyonların qəlbində özünə yurd-yuva quran Ramil Məmmədov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları əsasında “Vətən uğrunda” medalına və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, rayon rəsmiləri və müharibə veteranlarının iştirakı ilə medal və ordeni şəhidin ailəsinə təqdim edilib.

Həmçinin çıxışlar zamanı bildirilib ki, Ramil şəhadətə qovuşmaqla Vətəninə, millətinə başucalığı gətirib. Bizim üçün mərdlik, qəhrəmanlıq simvoluna çevrilən Ramilin həyat yolu qərinələr keçəcək, gələn nəsillərə də örnək olacaq.

Şəhid atası Habil Məmmədov göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə səmimi razılığını söyləyib.

Tədbir iştirakçıları şəhidin məzarına baş çəkib, təzə güllərdən ona çələng hörüblər.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.