Şəhərin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
Digər xəbərlər

Şəhərin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur

Möhtərəm Prezidentimiz İlham Əliyevin "Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında" 2019-cu il 13 noyabr tarixli Sərəncamına əsasən Yevlax şəhərinin su kanalizasiya sistemləri yenidən qurulur. İlkin mərhələdə Yevlax şəhərinin sutəmizləyici qurğular kompleksinin inşası həyata keçirilir.

Layihəyə uyğun olaraq 1250 kubmetrlik 2 su anbarının, xam su nasos stansiyasının, əks-yuma stansiyasının, filtr və kimya binalarının, su anbarı siyirtmə otağının,  hər biri iki ədəd dinamik qarışdırıcı mikserin və sərfölçmə kamerasının, paylayıcı kameranın, ara hovuzunun, yeddi ədəd siyirtmə otağının və sair inşası həyata keçirilib. Sutəmizləyici qurğular sutkada 20 min kubmetr suyun təmizlənərək yeni inşa edilmiş iki ədəd su anbarına ötürmək gücünə malikdir. Qurğunun digər qurğulardan üstün cəhəti ondan ibarətdir ki, Kür çayından xam su götürüldükdən sonra sudurulducu hovuzlara ötürüləcək. Su burada çökdürüldükdən sonra filtr və kimya binalarına, oradan isə anbarlara ötürüləcək. Layihə üzrə artıq şəhərə 2640 metr uzunluğunda 630 mm-lik yüksək təzyiqli polietilen borularla magistral su xəttinin çəkilişinə başlanılıb. Layihənin sonrakı mərhələsində şəhərin digər küçələrinə magistral su xəttindən ayrı-ayrı xətlər çəkiləcəkdir.

Sakinlər görülən işlərdən razılıqlarını bildirərək möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.

 

 

Zabit XƏLİLOV,

"Respublika".