Səfirliyimizə hücum beynəlxalq konvensiyaların pozulması idi
Tarix

Səfirliyimizə hücum beynəlxalq konvensiyaların pozulması idi

2023-cü ilin yanvarın 27-də Azərbaycan xalqı növbəti ağır faciəni yaşadı... Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum nəticəsində həlak olmuş şəhidimizin acı xəbəri hamımızı sarsıtdı... Hadisədən bir il ötsə də, bu qanlı insanlığa xas olmayan cinayət daimi xatırlanır. Çünki, bu terror aktı Azərbaycan dövlətinin sülh quruculuğu naminə həyata keçirdiyi siyasətə inamı sarsıtmaq məqsədi daşıyırdı. Bu hadisə ilə Azərbaycanın və İranın qoşulduqları 14 dekabr 1973-cildə Nyu-Yorkda qəbul edilmiş “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən, diplomatik agentlərə qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyası pozulması deməkdir. Terrorizm bəşəri cinayətdir və dünyanın birgə mübarizə aparmalı olduğu məsələdir... Bildiyiniz kimi, İranda olan məlum hadisədə, əvvəlcədən planlaşdıraraq silahlanmış cinayətkar, Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralamışdır. Terrorçunu səfirliyimizin mühafizə xidmətinin digər əməkdaşı peşəkarlığı və cəsurluğu ilə vaxtında zərərsizləşdirmişdir. Məhz, Azərbaycan səfirliyinin əməkdaşının fədakarlığı, qəhrəmanlığı və sayıqlığı sayəsində əvvəlcədən planlaşdırılan daha ağır faciənin, qətliamın qarşısı alınmışdır. Azərbaycan səfirliyinə hücum, uzun illərdən bəri xalqımıza, dövlətçiliyimizə qarşı aparılan ideoloji, mənəvi, informatik və silahlı terror siyasətinin iyrənc nümunəsidir. Bu terror aksiyası, eyni zamanda, Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı qəsd idi, qonşu dövlət İranın da imzaladığı beynəlxalq konvensiyalara hörmətsizlik kimi dəyərləndirilməlidir.

Zabit XƏLİLOV,

“Respublika”.