Seçicilər aktivlikləri ilə fərqlənib
Gündəm

Seçicilər aktivlikləri ilə fərqlənib

Xətai rayonu

44 günlük müharibə və 23 saatlıq antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilər də daxil olmaqla Azərbaycanın hər yerində prezident seçkiləri keçirilir.

35 saylı Xətai Üçüncü Dairə Seçki Komissiyasının 25 saylı seçki məntəqəsinin sədri Münəvvər İbadova bildirib ki, aktivlik çox yüksəkdir. “Demək olar ki, seçicilər fəal iştirak edirlər. Heç bir problem qeydə alınmayıb. 1146 seçicidən 6 nəfəri 18 yaşına yeni çatmış gənclərdir”.

Müşahidəçi Tehran Əzizov isə deyib ki, hər şey qaydasında gedir. Seçki prosesi şəffafdır. Seçkilərin keçirilməsi ilə bağlı qanuna və prosedura riayət edilir. Vətəndaşların seçki hüquqlarının qorunmasına  riayət olunur.

28 saylı seçki məntəqəsinin sədri Bəkir Həsənov qeyd edib ki, seçicilər fəaldır.  İşlərimiz qaydasında gedir. Müşahidəçilər prosesi izləyir. Heç bir problem qeydə alınmayıb.

Müşahidəçi Günel İlyasova məntəqədəki vəziyyətlə bağlı deyib: “Səhər saat səkkizdən buradayam. Hər şey qaydasındadır. Səsvermənin təşkili ilə əlaqədar iradım yoxdur. Seçici fəallığı müşahidə edilir, hamı həvəslə, sevgi ilə gəlib səsini verir”.

Seçici Natiq Məmmədov deyib: “İndiyə qədər heç belə həvəslə seçkiyə gəlməmişdim. Seçkilərdə iştirak çox vacibdir. Torpaqlarımızın azadlığı uğrunda  döyüşmüşəm, özüm də Şuşalıyam. 58 yaşım var. İşğaldan azad olunan ərazilərdə olmuşam. Orada yaşamaq üçün də müraciət etmişəm. Hər kəs çoxdandır bu anı gözləyirdi. Mən də öz növbəmdə səsimi verdim. İnsanların istəklə, fəal şəkildə seçkilərdə iştirak etdiyini gördüm. Onlarda birlik, vətən sevgisi hiss olunur. Çünki biz bu gün mübariz xalqıq, qalib olmuşuq”.

Nurcan SÜLEYMANOVA,

“Respublika”.