Saxta izlər bir-bir silinir
Siyasət

Saxta izlər bir-bir silinir

Tarix 19 sentyabr 2020-ci ili göstərir. Separatçıların keçmiş  "prezidenti" Arayik Arutyunyan səhər oyanıb, telefonunu əlinə alıb və sosial mediada yuxuda gördüklərini yazmağa başlayıb. Arayik qeyd edib ki, "Dağlıq Qarabağ respublikasının parlamenti Şuşi" şəhərinə köçürüləcək, bununla da azərbaycanlıların regionda tarixi mərkəzi hesab etdikləri şəhərə erməni möhürü vurulacaq. Necə deyərlər, sən saydığını say, gör Azərbaycan ordusu nə sayır.

Bu paylaşımdan 1 həftə sonra azərbaycanlı igidlər nəinki həmin möhürü qırıb param-parça etdi, həm də tikilməkdə olan bina ermənilərə gözdağı oldu.  Qeyd edək ki, binanın açılışını separatçılar 2022-ci il 9 may tarixinə təyin etmişdilər. Hansı ki, həmin vaxtdan 30 il öncə Şuşa ermənilərin zəhərli caynaqları arasına düşmüşdü. 

Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, "parlament"in köçürülməsi üçün nəzərdə tutulmuş bina əslində məhkəmə üçün tikilirmiş. Uzun müddət yarımçıq qalmış tikilini "parlament" binası kimi nəzərdə tutdular. Bu, heç də təəccüblü deyil. Çünki ədalət olmayan yerdə niyə məhkəmə olsun ki?! Yəni məhkəmə binasının olub-olmamağı ermənilər üçün elə də vacib məsələ olmayıb. Qarabağı talan edənlərə çirkli pulları yumaq məkanına çevirənlərə nə ədalət, nə də hüquq lazım olmayıb. Bununla yanaşı, soruşan olmayıb ki, bəs güclü maddi dəstəkçilərinin olduğunu iddia edən qondarma erməni separatçıları niyə yeni bina tikmək əvəzinə yarımçıq qalmış binaya göz tikiblər?  Maliyyə cəhətdən bu qədərmi sıxıntı çəkiblər? Qısaca araşdırmadan sonra və özlərinin statistikasına əsasən baxsaq görərik ki, heç də elə deyil. Guya hər biri yağ-bal içində xoşbəxt, firavan yaşayıblar. Lakin bu reallıq sadəcə qondarma Dağlıq Qarabağın başında duranlara aiddir. Oradakı erməni əsilli əhali üçün bu sözləri demək mümkün deyil, onlar səfalət içində yaşayıblar. 

Sabahını düşünməyən harınlanmış hayların "möhürləmək" istədikləri həmin binalar, qanunsuz tikililər artıq sökülür. Arayikin və digər separaçıların rahat oturmaq istədiyi kreslolar artıq dağıntılar altındadır. Üçmərtəbəli, sahəsi 1350 kvadratmetr olan binada qondarma rejimin 33 "deputatı" fəaliyyət göstərib. Artıq özləri kimi, həmin hoqqabazların otaqları daha yoxdur və heç zaman da olmayacaq. Arayik və quldurları indi istintaq təcridxanasındakı dəmir çarpayılarda "xəyal"lara dalırlar. İllərdir çapıb-taladıqları torpaqlarımızın haqq-hesabı bu gün layiqincə soruşulur. Binaların dağıdılması prosesi yəqin ki, davam edəcək. Nə qədər qanunsuz, ölkəmizə zidd tikili varsa, yerlə-yeksan ediləcək.

Töhfə SƏMƏDOVA,

"Respublika".