Şamoy Çobanov
Sosial həyat

Şamoy Çobanov

Tariximizin qızıl səhifəsidir hər şəhid ömrü. Qarabağ odlara qalananda, gülüstan çöllərimizə daşnaklar göz dikəndə Vətənin say-seçmə oğulları silaha sarılıb odlu səngərlərə üz tutdular. Neçə-neçə mərd oğullarımız ərazi bütövlüyümüz uğrunda gedən qanlı döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Odlu səngərlərdə ermənilərə çalın-çarpaz dağ çəkən igid Azərbaycan oğullarından biri də Şamoy Məhyəddin oğlu Çobanov olmuşdur.

Şamoy Çobanov 19 yanvar 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində dünyaya göz açmışdır. 1982-ci ildə 1 saylı Qazax şəhər orta məktəbini bitirdikdən sonra avtonəqliyyat müəssisəsində əmək fəaliyyətinə başlamışdır.  1983-cü ildə əsgəri xidmətə yollanmış, 1985-ci ildə ordudan tərxis olunduqdan sonra Qazax şəhərinə dönmüş, əvvəllər işlədiyi müəssisədə çilingər kimi fəaliyyətini davam etdirmişdir.

1989-cu ildə isə o, Qazax Rayon Polis Şöbəsində işə qəbul olunur. Şamoy polis nəfəri kimi işə başladığı vaxtlarda ermənilər gündən-günə azğınlaşır, torpaq iddiası ilə ərazilərimizə tez-tez hücumlar edirdilər. Xeyrimli, Yuxarı Əskipara, Bağanis-Ayrım kəndlərinə hücumlar ara vermirdi. Şamoy bu kəndlərdə əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə polis yoldaşları ilə birlikdə postlar qurmuşdu. O, erməni quldurlarına öz çirkin əməllərini həyata keçirməyə imkan vermirdi.

...19 avqust 1990-cı il. Şamoy polis işçisi kimi Yuxarı Əskipara kəndinə gedən avtobusu müşayiət edirdi. Kəndin yaxınlığında avtobusa qəflətən erməni yaraqlıları hücum etdilər. Şamoy cəld avtobusdan yerə atıldı, qanlı döyüş başladı. Düşmən geri  çəkilməyə məcbur olsa da sərnişinlərdən yaralanan və ölənlər var idi.

Həmin döyüşdə Qazax eli bir igidini də itirdi. Bu, kənd sakinlərinin böyük hörmətini  qazanmış, qəlbi Vətən eşqi ilə döyünən bacarıqlı polis əməkdaşı Şamoy Çobanov idi. Şamoy Çobanovun son mənzili Ağköynək kəndindəki qəbiristanlıq oldu.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Şamoy Çobanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Ağköynək kənd məktəbi qəhrəman döyüşçü Şamoy Çobanovun adını daşıyır.

Qədir ASLAN,

"Respublika".