İstisu: hər damlasında şəfa var
Region

İstisu: hər damlasında şəfa var

Birinci Qarabağ müharibəsində havadarları və dünya erməni diasporası tərəfindən yaxşı silahlandırılmış Ermənistan silahlı qüvvələri 1993-cü il aprelin 2-də Kəlbəcər rayonunu işğal edib. Otuz ilə yaxın davam edən Ermənistanın hərbi təcavüzü nəticəsində rayonun sərvətləri ermənilər tərəfindən talan, qarət edilib, dağıdılıb və daşınıb. Haylar Kəlbəcərdə qanunsuz məskunlaşma da aparırdılar. Ötən illərdə azğınlıq edən düşmən azərbaycanlılara qarşı törətdiyi bütün cinayətlərə və işğala cavab verməli oldu. 2020-ci ilin sentyabr-oktyabr aylarında Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gücün, düşünülmüş siyasətin, müzəffər ordu bölmələrimizin igidliyi sayəsində ermənilər çox ağır bədəl ödədilər, özlərinə saxta mif düzəldən işğalçılar sındırıldı, ordusunun böyük əksəriyyəti fərari oldu, qorxaq və miskin qəsbkarlar yaralılarını və meyitlərini qoyaraq qaçdılar. İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi qəhrəman silahlı qüvvələrimizin bölmələri tərəfindən işğalçılardan azad edildi.

Vətən müharibəsində düşmən üzərində qazanılan tarixi qələbədən sonra məğlub edilən və beli sındırılan Ermənistan məcbur edildi ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonunu bir güllə atılmadan Azərbaycana qaytarsın. Rayon ərazisində qeyri-qanuni məskunlaşan ermənilər öz xislətlərinə uyğun olaraq növbəti rüsvayçılıq törətdilər, yalvararaq köçməyə vaxt istədilər, gedəndə isə evləri yandırdılar, ağacları doğradılar, apara bilmədiklərini isə məhv etdilər. Qeyd edək ki, Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib. Tarixi Qələbədən sonra Kəlbəcər rayonunun da bərpa və yeni inkişaf dövrü başlayıb.

Mübaliğəsiz demək olar ki, Kəlbəcər ana təbiətin canlı muzeyi, dağlar qoynunda bir incidir. Ermənistanla həmsərhəd olan Kəlbəcər yeraltı və yerüstü sərvətlərlə zəngindir. Bu ecazkar məkanda təxminən 70-dən artıq mineral yataqlar var və qeyd edək ki, dünyanın ən qiymətli mineralları bu rayonun ərazisindədir. Eyni zamanda Kəlbəcərdə 500-ə yaxın mineral su yatağı mövcuddur. İstisu vaxtilə Kəlbəcərin şöhrətini bütün dünyaya yayıb. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan, zirvəsi buludlardan su içən dağlar diyarı, gözəlliklər məskəni, yaşı min illəri ötüb keçən daş abidələri, mineral suları ilə məşhur olub. Min bir dərdin dərmanı, şəfa ocağı İstisu Kəlbəcər rayonunun qərb hissəsində silsilə dağ yamaclarında yerləşir. Hər damcısı insana şəfa gətirən İstisu dəniz səviyyəsindən 2225 metr yüksəklikdə, dağların əhatəsindədir. İstisudan baxanda sıldırım qayaların əzəməti, yaylaqların gözəlliyi, alp çəmənlikləri, meşələr daha aydın görünür. Hələ keçmiş zamanlarda adamlar İstisuyun müalicəvi əhəmiyyət daşıdığını bildikdən sonra keçilməz dağ cığırları ilə bu şəfa mənbəyinə gəliblər. Çox sonralar, 1940-cı ildə Kəlbəcər-Ağdərə, Kəlbəcər-İstisu və İstisu-Tərtər avtomobil yolu çəkilib. Azərbaycan təbiətinin bilicisi, mərhum akademik Mirəli Qaşqay insanlara şəfa gətirən müalicə bulaqları haqqında deyib ki, Kəlbəcər rayonundakı İstisu mineral su bulağı təbiətin gözəl hədiyyəsidir. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eyni və bəzi xüsusiyyətlərinə görə dünyada yeganədir. Görkəmli kimyaçı alim E.E.Karstenski Kəlbəcər ərazisindəki mineral suları analiz edəndən sonra İstisuyun müalicəvi əhəmiyyətini daha yüksək qiymətləndirib və bu müalicə ocağının dünyaya şəfa gətirəcək bir mənbə olduğunu göstərib. Mütəxəssislərin hesablamalarına görə, İstisuda istilik 58,8 0C qədərdir və laborator analizlər göstərib ki, sudakı mineralların sayı 6,7 qrama çatır. Bir litr istisuyun tərkibi litium, brom, yod, mərgümüş, fosfor, sink, med, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Bu bulaqların suyundan mədə-bağırsaq, qaraciyər, öd kisəsi kimi xəstəliklərin müalicəsində istifadə edilir. Statistikaya görə, Azərbaycanda mineral suların ümumi ehtiyatının 33 faizi Kəlbəcər və Laçın rayonlarında yerləşir. Bu rayonlarda suların gündəlik istismar ehtiyatı 7393 kubmetr təşkil edir ki, bunun da 42 faizi Laçının, 58 faizi isə Kəlbəcərin payına düşür. İstisuda 12 bulaq var, ən böyük bulaq 8 metr hündürlükdən fəvvarə vurur. Suyun potensialına gəldikdə, 4 milyon lt illik potensialı var. Bu suları həm qablaşdırmaq, həm də sanatoriyada müəyyən məqsədlər üçün istifadə etmək olar. Keçmiş statistikaya nəzər salanda aydın olur ki, İstisu mənbələrindən hər il 3 milyard 963 mln. litr su çıxıb. Həmin vaxt İstisuda olan sudolduran sexlər isə bunun cəmi 22 mln. litrindən istifadə edə bilib. Yeri gəlmişkən, İstisu sanatoriyasını yerlə-yeksan edən ermənilər istisuyu butulkalara dolduraraq dünya bazarlarına çıxarmışdılar.

Qeyd edək ki, təbiətin möcüzəsi hesab edilən Kəlbəcər İstisuyu əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə, başqa mineral sulardan xüsusilə fərqlənir. Müalicəvi əhəmiyyəti olan İstisu bulağı üstündə ötən əsrin əvvəllərində iri kurort şəbəkəsi və mineral sudoldurma zavodu tikilib. İstisuda keçmiş SSRİ-də ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli müalicəvi sanatoriyalar fəaliyyət göstərib. Hər il orada 50 min nəfər müalicə olunub və istirahət edib. Hazırda İstisu yenidən qurulur, 34 hektar ərazidə salınması nəzərdə tutulan "İstisu" İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də nəzərdə tutulub. Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılıb. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və əvvəlki şöhrəti qaytarılacaq. Qarabağı və Şərqi Zəngəzuru demək olar ki, qarış-qarış gəzən dövlətimizin başçısı İlham Əliyev 2022-ci il iyunun 26-da Kəlbəcər rayonunda "İstisu" sanatoriyasının təməlqoyma mərasimində iştirak edib və İstisuda törədilən erməni vəhşiliyi haqqında bildirib ki, bu dağıntılar erməni faşizminin təzahürüdür. Onlar binalarımızı, məscidlərimizi, məktəblərimizi, şəhər və kəndlərimizi dağıdıblar. Bu sanatoriyanı da dağıdıblar. Amma bir müddətdən sonra burada yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılacaq. Mən hesab edirəm ki, bu, çox vacibdir. Çünki İstisu sanatoriyası və İstisu suyu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvətidir. Bu gün biz - bu torpaqların sahibləri vaxtilə əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışıq. Bütün şəhər və kəndlərimizi yenidən, sıfırdan bərpa edirik və edəcəyik, o cümlədən Kəlbəcər rayonunda, İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret addımlar atılır. İlk növbədə, yeni su zavodunun tikintisi nəzərdə tutulur. Bu gün mən bu su zavodunun təməlini qoydum. Vaxtilə məşhur olan İstisu suyu yenidən buraxılacaq, istehsal olunacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək. İstisu qəsəbəsində yeni mehmanxana inşa ediləcək və müalicə mərkəzi yaradılacaq. Çünki vaxtilə minlərlə insan gəlib burada dincəlib, öz sağlamlığını bərpa edib, bu gözəl təbiətdən zövq alıb.

Hər damlasında şəfa olan İstisu ən yaxın zamanlarda əsl cənnətə çevriləcək, insanlar burada dincələcək, müalicə alacaqlar. İstisu keçmiş şöhrətinə qovuşacaq, adı yenə dillərdə dolaşacaq.

Salman ALIOĞLU,

"Respublika".