Sağlam ruhlu, möhkəm əqidəli Azərbaycan gəncliyi
Sosial həyat

Sağlam ruhlu, möhkəm əqidəli Azərbaycan gəncliyi

1993-cü ildə respublikamızda vəziyyət heç də ürəkaçan deyildi və ölkə iqtisadi tənəzzül yaşayırdı. Bütün bunlara baxmayaraq, Ulu Öndər Azərbaycanda gənclər üçün yeni imkanlar açdı. 1994-cü il iyulun 26-da imzaladığı müvafiq fərmana əsasən, ölkəmizdə gənclər siyasətini həyata keçirən mərkəzi icra orqanı - Gənclər və İdman Nazirliyi yaradıldı.

2 fevral 1996-cı il tarixində müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. Bundan bir il sonra isə Ümummilli Lider gənclərə böyük qayğısının daha bir təzahürü kimi, həmin tarixin Azərbaycanda Gənclər Günü elan edilməsi haqqında müvafiq Sərəncam imzaladı. Həmin vaxtdan etibarən hər il 2 fevral ölkəmizdə Azərbaycan gənclərinin bayramı kimi qeyd olunur.

Dövlət gənclər siyasəti dedikdə gənclərin öz bilik və bacarıqlarını ortaya qoymaları, cəmiyyətdə layiqli yer tutmaları üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər sistemi nəzərdə tutulur. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni dövrünü yaşayır. 30 avqust 2005-ci il tarixdə "Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında" Sərəncam imzalandı. Bununla da ölkədə gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması, dövlət orqanlarında gənclərin üstünlük təşkil etməsi ön plana çıxdı. Daha sonra 2007-ci ildə ölkəmizdə "Gənclər İli" elan olundu.

Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançılarımız sayəsində ildən-ilə nailiyyətlərimizin sayı artır. Buna səbəb Azərbaycanda idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasıdır. Milli komandamızın "Bakı-2015" I Avropa Oyunlarında ikinci, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutması, şahmatçılarımızın isə üçüncü dəfə Avropa çempionu olması dünyanın qabaqcıl idman ölkələrindən olduğumuzu bir daha təsdiq edir. Bu gün respublikamızda 43 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və ölkəmiz nüfuzlu beynəlxalq idman yarışlarına evsahibliyi edir.

Ölkəmizdə gənclər bütün həyatı boyu böyüməkdə olan nəslə xüsusi qayğı göstərmiş ümummilli lider Heydər Əliyevin adını daşıyan fond tərəfindən də himayə olunur. Fond ölkədə sağlam, kamil və bilikli gənc nəsil yetişdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərlə öz sözünü deyib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ictimai-siyasi xadim kimi fəaliyyəti həm də uşaqlara və gənclərə qayğı nümunəsinin formalaşdırılmasına istiqamətlənib. Respublikamızda könüllülər hərəkatının formalaşmasında, azərbaycanlı gənclərinin fərdi və peşəkar inkişafında birinci xanımın xüsusi rolu vardır.

Vətənə sevgi, məhəbbət ailədən başlayıb cəmiyyətdə formalaşır. Bunlar olmadıqda vətənpərvərlik də olmur. Torpağı 30 il düşmən tapdağı altında olan bir millətdə vətənpərvərlik ruhu daha yüksək olmalı idi və gənc nəsil də bu torpaqların hər qarışının azad olunması üçün canından keçib, qəhrəmana çevrilib. İkinci Qarabağ savaşının iştirakçılarının böyük əksəriyyəti respublikamızda son iki onillik ərzində formalaşan sağlam ruhlu, möhkəm əqidəli gəncliyi təmsil edir. Müharibə dövründə işğalçı Ermənistanın hərbi birləşmələrinin təxminən 10 min üzvü fərarilik edərək döyüş meydanından qaçıb. Azərbaycanda isə tamam fərqli mənzərə hökm sürürdü. Biz Vətən müharibəsi başlayanda gənclərin könüllü şəkildə orduya yazılmaq üçün növbəyə durduqlarının, eləcə də gənc əsgər və zabitlərin döyüş meydanında torpaqlarımızın mənfur düşmənin işğalından azad olunması uğrunda misilsiz qəhrəmanlıqlar göstərmələrinin şahidi olduq. Bu qürurverici hal müstəqillik illərində ölkəmizdə aparılan gənclər siyasətinin ən böyük uğurlarından biridir.

Röya RÜSTƏMLİ,

"Respublika".