Saatlıda 60  min  hektara yaxın əkin sahəsi suvarılır
İQTİSADİYYAT

Saatlıda 60  min  hektara yaxın əkin sahəsi suvarılır

Ölkənin  iri   təsərrüfat   rayonlarından   olan   Saatlıda  da  başqa  bölgələrdə  olduğu  kimi, melioratorlar yaz   qayğıları  ilə   məşğuldurlar. Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, ötən il Saatlı rayonunda 18514 hektar  taxıl, 16930 hektar yem bitkiləri, 13020 hektar pambıq, 252 hektar qarğıdalı, 2649 hektar bostan-tərəvəz və 66 hektar silosluq qarğıdalı əkilib  və   bol   məhsul   əldə   olunub. Əkilən kənd təsərrüfatı təyinatlı bitkilərin suvarılması Saatlı Suvarma Sistemləri İdarəsi tərəfindən həyata keçirilib.

Yuxarıda qeyd edilən sahələr ümumi uzunluğu 1400 kilometrdən artıq olan suvarma kanalları, 2  min  ədəddən artıq sayı olan hidrotexniki qurğu, 63 ədəd nasos   aqreqatı və digər köməkçi vasitələrlə suvarma suyu ilə təmin olunur. İdarə rayon əhalisinin əkin sahələrinin suvarma suyuna  olan   tələbatını   həyata   keçirməklə yanaşı, həm də heyvandarlıq təsərrüfatlarını, başqa köməkçi təsərrüfatlarını da su ilə təmin edir. Saatlı rayonu  ərazisinin 17856 hektara qədər sahəsi mexaniki üsulla, yəni nasos stansiyaları vasitəsilə su ilə təmin edilir. Bu iş 63 ədəd nasos aqreqatına malik 48 ədəd nasos stansiya vasitəsilə yerinə yetirilir.

Saatlı Suvarma Sistemləri İdarəsi tərəfindən 2022-ci ildə 94 ədəd hidrotexniki qurğu, 2 ədəd xidməti bina, 9 ədəd nasos stansiyası, 7 kilometr  nov kanal və 5 km istismar yolu cari təmir edilib. Eyni zamanda ötən il ümumi uzunluğu 707 km olan suvarma kanallarında 1900 min kubmetrdən artıq mexanizmlə lildən təmizlənmə işi görülüb. Belə ki, Smadakənd, Əliabad, Məmmədabad, Əlisoltanlı, Varxankənd, Qaralar, Məzrəli kəndlərində və digər yerlərdə suvarma kanalları lildən təmizlənib. Ümumiyyətlə, görülən kompleks meliorativ tədbirlər nəticəsində rayon ərazisində suvarma yaxşılaşdırılıb.

Qeyd edək ki, Saatlı Suvarma Sistemləri İdarəsi ümumilikdə, 60 min hektara yaxın suvarma şəbəkəsi ilə əhatə olunmuş sahələrə xidmət edir. Hazırda idarə yeni suvarma mövsümü üçün hazırlıqlarını yekunlaşdırıb.

 Nəriman  CAVADOV,

“Respublika”.