Rusiya ilə sərhədyanı ərazilərdə keçirilən kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər yekunlaşıb
Dünya xəbərləri

Rusiya ilə sərhədyanı ərazilərdə keçirilən kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər yekunlaşıb

Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində “Sərhəd-Sipər” şərti adı altında keçirilən kompleks əməliyyat-axtarış və profilaktik tədbirlərə yekun vurulub.

"Respublika" AZƏRTAC-a istinadla xəbər verir ki, əməliyyatlar Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılıb.

Bir həftə ərzində aparılan əməliyyatlarla əlaqədar Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulub. Bir həftə davam edən əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarətdir.

Kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər fevralın 12-dən 18-dək davam edib.