Robert Mobili: Blinkenin bəyanatı siyasi möhtəkirlikdən başqa bir şey deyil
Siyasət

Robert Mobili: Blinkenin bəyanatı siyasi möhtəkirlikdən başqa bir şey deyil

ABŞ Dövlət katibinin Azərbaycanda dini etiqad azadlığının məhdudlaşdırılması ilə bağlı bəyanatının arxasında heç də dini qayğıkeşlik deyil, siyasi çalarlar dayanır. Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycandakı Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili bildirib.

–ABŞ-ın Dövlət katibi Antoni Blinken bu yaxınlarda verdiyi bəyanatında guya dini etiqad azadlıqlarını pozulması hallarının olduğu ölkələr siyahısında Azərbaycanın da adını çəkib. Ölkəmizdəki dini konfessiyaların nümayəndələri artıq müvafiq bəyanatlarla çıxış ediblər. Amerika administrasiyası faktiki olaraq öz siyasi ambisiyalarının və erməni lobbisinin planlarının əsirinə çevrilib və bu, onu açıq-aşkar absurd vəziyyətinə salıb...

–Azərbaycanın dini etiqad azadlıqlarının potensial olaraq pozulması üzrə nəzarət tələb edən ölkələrin siyahısına əlavə edilməsi təəssüf hissi doğurur. Bu, tamamilə ədalətsiz, qərəzli yanaşmadır və məlumdur ki, siyasi məqsəd daşıyır. Azərbaycan özünün çoxəsrlik multikulturalizm ənənələri ilə tanınır. Ölkəmizdə müxtəlif dini konfessiyaların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayır, öz dini ayinlərini sərbəst şəkildə icra edirlər. Bunu haçansa ölkəmizi ziyarət etmiş hər kəs təsdiq edə bilər.

Qeyd etməliyəm ki, mən şəxsən beynəlxalq dini azadlıqlar üzrə ABŞ Komissiyasının müzakirələrində iştirak etmişəm, Azərbaycandakı dini etiqad azadlığından danışmışam, komissiya üzvlərini ölkəmizə gəlməyə və vəziyyətlə yerində tanış olmağa dəvət etmişəm. Yəni hesabat kimlərinsə uydurmaları əsasında deyil, faktlara uyğun tərtib edilməlidir. Aydın olur ki, ABŞ-ın ittihamları siyasi məqsəd daşıyır. Bunun arxasında təkcə erməni lobbisi deyil, həm də başqa anti-Azərbaycan dairələr dayanır.

Azərbaycan çoxkonfessiyalı ölkədir, burada dinə və mədəniyyətə həmişə hörmətlə yanaşıblar. Ölkəmizdə məscidlər, sinaqoqlar, kilsələr, Bakının ən mərkəzində isə erməni kilsəsi var.

Zənnimcə, ABŞ Dövlət katibinin Azərbaycanda dini etiqad azadlığının məhdudlaşdırılması ilə bağlı bəyanatı siyasi möhtəkirlikdən başqa bir şey deyil və bu, arxasında heç də dini qayğıkeşliyin deyil, siyasi məqsədlərin dayandığı ikiüzlülükdür.

–ABŞ-ın ittihamları qeyri-ixtiyari olaraq sual doğurur: "Bəs hakimlər kimdir?" Birləşmiş Ştatları dini tolerantlıq nümunəsi adlandırmaq düzgün olmazdı. Bu barədə Sizin fikrinizi bilmək istərdim.

–Fikrimcə, Amerika dini dözümsüzlük və dindarların hüquqlarının pozulması barədə uydurma ittihamlarla çıxış edərkən özünün geosiyasi opponentləri ilə haqq-hesab çəkməyə çalışır və onların daxili işlərinə müdaxilə etmək üçün bəhanə axtarır. 2000-ci illərin əvvəlində əsas hədəfin Türkiyə olduğunu hamı xatırlayır. ABŞ-da keçirilən sosial sorğular dini zəmində, xüsusən islamofobiya üzrə ayrı-seçkiliyin olmasına dair danılmaz faktları göstərir. Xatırlayırsınızsa, Trampın dövründə yeddi müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a girişi qadağan edilmişdi. Bayden bu siyasəti yumşaltdı, amma Birləşmiş Ştatlarda dini zəmində ayrı-seçkilik faktları ildən-ilə artır. Avropada da belə hallar mövcuddur. Elə Fransanı götürək. Mən özüm şahidəm ki, sinaqoqa getmək üçün konvoyların sırasından keçməli olduq, hərçənd bu, Tanrının məbədidir. Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar həmişə açıqdır və onlara giriş tamamilə sərbəstdir. Bu səbəbdən dindarların heysiyyətini təhqir edən belə halların olduğu ölkələrdən tolerant Azərbaycanın ünvanına ittihamlar eşitmək çox anlaşılmazdır.

–Zəhmət olmasa deyin, işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın dini abidələrini hansı vəziyyətdə gördünüz?

–Çox aktual, deyərdim ki, gündəmə aid olan sualdır. İcmamız bu abidələri ziyarət edib. İslam irsi praktiki olaraq yer üzündən silinib. Alban mədəniyyəti abidələri də acınacaqlı vəziyyətdə idi, bir çoxu dağıdılıb. Ermənilər məscidlərdə və alban məbədlərində mal-qara saxlayır, yəni onlardan tövlə, bəzi dini abidələrdən isə silah anbarı kimi istifadə edirdilər. Bir sıra alban abidələri - Kəlbəcərdəki Xudavəng monastır kompleksi, həmçinin Hadrut və Laçındakı abidələrə qarşı vandallıq edilib, onların görkəmi dəyişdirilib, erməniləşdirilib. Söhbət kilsələrdə və interyerdə olan xaçlardan gedir. Yeri gəlmişkən, Azərbaycan dövlətinin dini abidələrə münasibətini açıq şəkildə nümayiş etdirən bir mühüm faktı mütləq qeyd etməliyəm. Vətən müharibəsi vaxtı Nic kəndində Müqəddəs Məryəm kilsəsi əsaslı təmirdən sonra istifadəyə verildi. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak etdilər. Kilsə Heydər Əliyev Fondu tərəfindən təmir edilib. Bu, Azərbaycan dövlətinin dini dəyərlərə hörmət və qayğısının bariz təzahürü deyilmi?! Məncə, cavab aydındır!

–Sonuncu sualım. Siyasi məsələləri dinlərarası konfrontasiya müstəvisinə köçürmək cəhdləri əvvəllər də olub. Xoşbəxtlikdən, Azərbaycan rəhbərliyinin müdrik, düşünülmüş addımları sayəsində onların qarşısı alınıb. Bu tendensiyaların törətdiyi təhlükə nədən ibarətdir? Mümkündür ki, bu istiqamətdə daha çox maarifləndirmə işləri aparılsın...

–Bəli, tamamilə haqlısınız, bu cəhdlər əvvəllər də edilib. Onların məqsədləri siyasi proseslərə dini məzmun vermək və bununla da revanşist istəkləri alovlandırmaq üçün insanların hisslərinə təsir etməkdir. Azərbaycanla Ermənistanın sülh sazişi imzalamağa yaxın olduğu indiki vaxtda ABŞ hakimiyyət orqanlarının bu cür bəyanatlar verməsinin səbəbi hər kəsə aydındır. Vaşinqton və Fransa vasitəçilik missiyasına qayıtmaq istəyirlər, lakin onlar artıq özlərini gözdən salıblar və bu gülünc ittihamlar çətin ki, etimadın yaranmasına kömək etsin. Dini möhtəkirlik halları, Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri var. Bir daha qeyd edim ki, Azərbaycan tolerant, multikultural ölkədir ki, burada həm ümumilikdə dövlət, həm də hər bir vətəndaş bütün dinlərə hörmətlə yanaşırlar.