Hər “piroq”da fransız barmaqları
Siyasət

Hər “piroq”da fransız barmaqları

Fransa prezidenti Emmanuel Makronun qalmaqala səbəb olan açıqlamasının dalğası hələ də davam edir. Ona növbəti cavab bu dəfə Ukraynadan gəlib: "Fransa hərbçiləri Ukraynada ölməyəcək. Ukrayna var olduqca, Fransa ordusu Fransada qalacaq". Bunu Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronun gələcəkdə müttəfiq qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı bəyanatını şərh edərkən BFMTV-yə söyləyib.

"Ancaq Putin NATO-nun bu və ya digər ölkəsinə müharibə ilə gedərsə, o zaman NATO ölkələri öz əsgərlərini, ordularını, döyüş briqadalarını və taborlarını necə və hansı sayda göndərib-göndərməyəcəyinə qərar verəcəklər", - deyə Ukrayna lideri bildirib. Fransanın və ya digər Avropa dövlətlərinin savaşa qatılmasından, "övladlarının Ukraynada "ölə biləcəklərindən" narahat olan fransızlarla bağlı verilən suala cavabında Zelenski bildirib ki, övladlarınız Ukraynada ölməyəcək. Əgər Rusiya NATO ölkələrinə soxulsa, o zaman sizin övladlarınız hansısa NATO ölkəsinin ərazisinə göndərilə bilər. Bu artıq başqa mövzudur. Bu, NATO çərçivəsində müttəfiqlərin qərarı olacaq. O, Ukraynanın xarici hərbçilərin cəlb edilməsinə ehtiyacı olmadığını, lakin Kiyevə hərbi dəstək verən ölkələrdən əcnəbi təlimçilərin və texniki personalın gətirilməsində maraqlı olacağını bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Emmanuel Makron Ukraynaya mümkün qoşun göndərilməsi barədə çıxış edib. Bu açıqlama bir çox ölkə tərəfindən etirazla qarşılanıb. Fransa və digər Qərb ölkələrinin müharibəyə cəlb edilməsinin nəzərdə tutulması həm Qərbi, həm də Rusiyanı narahat edir. Emmanuel Makronun qeyri-professional çıxışı ilə bağlı əl-ayağa düşən müttəfiq ölkələrin hökumətləri kəskin reaksiya verərək, Ukraynaya hərbi qüvvə göndərməyəcəklərini deyirlər. Rusiya Prezidenti Vladimir Putin isə bildirib ki, ABŞ başda olmaqla, Qərb dövlətləri Sovet İttifaqı dövründə olduğu kimi, bu gün də Rusiyanı silahlanmağa vadar etməyə çalışırlar və buna nail ola bilməyəcəklər. Aranı qarışdırandan sonra Makron deyib ki, Fransa yaxın gələcəkdə Ukraynaya əsgər göndərməyi düşünmür. "Mənə qoşunların göndərilməsi ilə bağlı verilən bir suala cavab verdim ki, heç nəyi istisna etmək olmaz. Bu, o demək deyil ki, biz yaxın vaxtlarda Fransa qoşunlarının Ukraynaya göndərilməsi imkanını nəzərdən keçiririk", - deyə Fransa prezidenti bildirib.

Rusiya-Ukrayna münaqişəsi başlayan vaxtdan Makron bu qarşıdurmada vasitəçiliyə can atır. Dünyanın üzərində səkkizayaqla dayanmaq istəyən Fransanın bütün münaqişələrdə, regionlarda maraqları var. Yeri gəlmişkən, deyək ki, səkkizayaqlı ən iri gözlü heyvandır. Onun gözünün diametri 40-50 sm-dir. Bu heyvan sanki hər yerdə gözü və əli olan Yelisey sarayını təsvir edir. Xaricilərdə belə bir məsəl də var: "Fingers in every pie". Hərfi tərcümədə "hər piroqda barmaqlar" mənasına gələn bu məsəl tam olaraq Parisin siyasətini əks etdirir. Hansı qitəyə baxırsan-bax, Fransanın müstəmləkələrini, vasitəçiliyini, müdaxilə cəhdlərini görmək mümkündür. Bu yaxınlarda Rusiya silah ixracatı üzrə ikinci yeri Fransaya uduzub. Bu da rəsmi Parisin Avropada Ukraynaya, Cənubi Qafqazda Ermənistana, Yaxın Şərqdə isə İsrailə dəstəyinin məqsədini aydın şəkildə ortaya qoyur.

Belə ki, Fransanın silah ixracı 2019-2023-cü illərdə əvvəlki beş illik dövrlə müqayisədə 47 faiz artıb. Fransanın silah ixracının artması əsasən Hindistan, Qətər və Misirə döyüş təyyarələrinin tədarükü ilə bağlı olub. Hindistanın isə silahları hara, kimə göndərdiyi hamımıza məlumdur. Yeri gəlmişkən, qeyd edək ki, Misirlə Ermənistan arasından da həmçinin su keçmir. Hələ bir həftə qabaq Misirdə rəsmi səfərdə olan baş nazir Nikol Paşinyan ölkə prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb. Görüşdən sonra iki ölkə liderinin iştirakı ilə Ermənistan və Misir arasında sənədlərin imzalanması mərasimi keçirilib. Bu, Misir prezidentinin ötən ilin yanvarında Ermənistana səfərinə cavab olub. Lakin hakimiyyət Paşinyanın səfərini həddindən artıq şişirdib, hətta silah alqı-satqısına dair sövdələşmənin müzakirəsinin mümkünlüyü barədə də şayiələr yayılıb. Bəzi mənbələr isə yazır ki, baş nazir bunu sıradan bir səfər adlandırıb və hətta məyusluğunu belə gizlətməyib ki, dövlət vəsaitinin israf edilməsindən başqa heç nə əldə edilməyib.

Onu da qeyd edək ki, Fransanın Bordo şəhərində fermerlərin növbəti etiraz aksiyası keçirilib. Şəhər şurasının iclası zamanı fermerlər Bordonun mərkəzində traktorlarla keçid ediblər. Onlar otelin və bələdiyyənin qarşısına peyin və işlənmiş şinlər boşaldıblar. Şəhər mərkəzində nəqliyyatın hərəkətində fasilə yaranıb.

Polis aksiyaçıların şəhər şurasının binasına daxil olmasına mane olmaq məqsədilə etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Saxlananlar barədə isə dəqiq məlumat yoxdur. Fermer etirazları aylardır davam edir, lakin hökumətin köklü dəyişiklik etmək niyyəti yoxdur. Üstəlik ölkədə islamofobiya baş alıb gedir. Fransada bir məscid hücumun hədəfi olub. Nor-Pa-de-Kale əyalətinin Sent-Omer şəhərindəki məscidə namazdan əvvəl hücum həyata keçirilib, məscidə donuz başı atılıb. Fransanın daxili işlər naziri Jerald Darmanin müsəlmanların Ramazan ayında rahat şəkildə namaz qılmaları üçün məscid və ibadət yerləri ətrafında təhlükəsizlik tədbirlərinin artırılmasına göstəriş verdiyini desə də, ölkədə hələ də islamofob hadisələr davam edir.

"Hər piroqda barmaqlar" siyasəti Fransanın davamlı təsir və müdaxilə cəhdlərinin sübutu kimi ortaya çıxır. Cənubi Qafqazdan tutmuş dünyanın ən ucqar guşələrinə qədər Fransa öz hərəkətləri ilə beynəlxalq münasibətlərin gələcəyi üçün təhlükəli izlər qoyur.

Nurcan SÜLEYMANOVA,

"Respublika".