Düşünülməmiş siyasət Fransanı uçuruma sürükləyir
Siyasət

Düşünülməmiş siyasət Fransanı uçuruma sürükləyir

Tarixi boyu müstəmləkəçi ölkə kimi tanınan Fransa son illərdə həyata keçirdiyi uğursuz siyasəti ilə bunu bir daha təsdiqləyir. Beynəlxalq aləmdə nüfuzünu günbəgün itirən rəsmi Paris özünü demokratiyanın mərkəzi hesab etsə də, bunun tam əksinə siyasət yürüdür. 30 il keçmiş Minsk qrupunun həmsədr ölkəsi olaraq Azərbaycan ilə Ermənistan arasında münaqişənin həllinə deyil, uzadılmasına səy göstərən və buna nail olan, İkinci Qarabağ müharibəsindən sonra da ölkəmizin qalibiyyəti ilə barışmayaraq Cənubi Qafqazda sabitliyin bərqərar olmasına imkan verməyən Fransa Ermənistanı silahlandırmaqla yeni münaqişə ocağı yaratmaq üçün bütün imkanlarını səfərbər edib. Parisdə iki ölkənin müdafiə və silahlı qüvvələr nazirlərinin imzaladıqları sənədlərə əsasən, Ermənistana hava hücumundan müdafiə sistemlərinin satışı da daxil olmaqla, bir sıra silahların tədarükü ilə bu ölkə Ermənistanı hərbi avantüraya cəlb edir.

Separatizmi dəstəkləyərək Azərbaycanın məğlub etdiyi ölkəyə sülh təklifini görməzdən gələn, iki ölkə arasında münasibətlərin normallaşmasına əngəl törədən rəsmi Pariş işğalçı Ermənistanla ortaq mövqe nümayiş etdirir. Ölkəmizin müstəqil, məqsədyönlü, düşünülmüş siyasət yürütməsi və bütün dünyada artan nüfuzu Fransa başda olmaqla bir sıra qərb ölkələrini təşvişə salıb. Hətta dünya ölkələri arasında Azərbaycanın humanist siyasət yürüdən, etibarlı tərəfdaş kimi tanınması 3 ildir ölkəmizin əleyhinə ardı-arası kəsilməyən qərəzli qətnamələr qəbul edən rəsmi Parisi respublikamızda casus şəbəkəsi yaratmağa belə vadar edib. Belə ki, Azərbaycan xüsusi xidmət orqanlarının uğurlu əməliyyatı nəticəsində Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi ifşa olunub.

Neokolonist siyasətindən əl çəkməyən, ölkə daxilində baş verən iğtişaşlara, əsarət altında saxladığı ölkələri bürüyən azadlıq hərəkatlarına məhəl qoymayan Fransa beynəlxalq təşkilatlarda təmsilçiliyindən istifadə edərək başqa ölkələrin daxili işlərinə qarışır. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşü zamanı neokolonializm meyillərinin artmasından Azərbaycanın narahatlığını bildirən ölkə başçımız demişdir: "Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və "Orientalizm" müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır".

İşğal etdiyi ölkələrin təbii sərvətləri hesabına iqtisadiyyatını formalaşdıran, müstəmləkəsi altında saxladığı ölkələrin yerli əhalisinin hüquqlarını heçə sayan bu dövlətin yarıtmaz siyasəti artıq iflasa uğrayır. Dünyanın ən zəngin yeraltı sərvətlərinə malik olan Afrika qitəsindən qovulan Parisi Emmanuel Makronun düşünülməmiş siyasəti uçuruma sürükləyir. Makronun yanlış siyasəti, insan hüquqlarını və demokratiya anlayışını təzyiq alətinə çevirməsi ölkə daxilində ciddi ziddiyyətlərlə, anlaşılmazlıqlarla müşayiət olunur. İnsan hüquqlarının pozulmasına, ölkədəki iqtisadi böhrana, pensiya islahatlarına qarşı dinc şəraitdə keçirilən etiraz aksiyalarının qəddarlıqla yatırılması ölkənin daxili və xarici siyasətinin beynəlxalq hüquq normalarına zidd olduğunun göstəricisidir. Başı Ermənistana qarışan Makron ölkəsində tüğyan edən poblemlərin həllinə vaxt tapmır.

Xarici siyasətində qeyri-konstuktiv yanaşma sərgiləyən rəsmi Paris siyasi oyunbazlıqla məşğuldur. Artıq Afrika dövlətlərinin Fransanın idarəçiliyinə, onun müstəmləkə siyasətinə israrla qarşı çıxması, Nigerin bu ölkəyə uran və qızıl ixracını dayandırması heç bir faydalı qazıntı yataqları olmayan Fransa çıxış yolu axtarmaq məcburiyyətində qalıb. Afrikadan qovulan, Cənubi Qafqaza yerləşməyə cəhd göstərən, eyni zamanda üzünü Mərkəzi Asiya ölkələrinə tutan rəsmi Parisin bu cəhdi də boşa çıxdığından çarəni bir sıra ölkələrə casus şəbəkələri yerləşdirməkdə görür. Lakin Fransa prezidenti Emmanuel Makron hələ də anlamaq istəmir ki, müstəqil siyasət yürüdən, sülhün, əmin-amanlığın tərəfdarı olan və heç bir ölkənin daxili işlərinə qarışmayan Azərbaycan öz daxili işlərinə heç bir ölkənin qarışmasına imkan verməz. Azərbaycan dövləti bu cəhdlərin qarşısını almaq iqtidarındadır. Bu günlərdə Azərbaycan xüsusi xidmət orqanları tərəfindən Fransa casus şəbəkəsinin ifşa olunması bunu bir daha təsdiq edir.

Mehparə Əliyeva,

"Respublika".