Azərbaycan Dünya İqtisadi Forumumunun Səyahət və Turizmin İnkişafı İndeksi üzrə göstəricilərində irəliləyib
Digər xəbərlər

Azərbaycan Dünya İqtisadi Forumumunun Səyahət və Turizmin İnkişafı İndeksi üzrə göstəricilərində irəliləyib

Azərbaycan Dünya İqtisadi Forumu tərəfindən dərc edilən Səyahət və Turizmin İnkişafı indeksinə əsasən əvvəlki hesabatla müqayisədə 7 pillə irəliləyərək 119 ölkə arasında 56-cı yerdə qərarlaşıb.

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, MDB ölkələri arasında ən yüksək nəticəyə malik 2-ci ölkə kimi Azərbaycanın 4 komponent üzrə göstəricilərdə əhəmiyyətli dərəcədə irəliləmə müşahidə olunub.

2023-cü ilin sonuna təqdim edilən məlumatlar əsasında hazırlanan hesabatda "Uyğun Mühitin Mövcudluğu” komponenti üzrə biznes mühiti, təhlükəsizlik, sağlamlıq və gigiyena, insan resursları və əmək bazarına dair göstəricilərdə, həmçinin “Səyahət və Turizm Siyasəti və Uyğunluq Şərtləri” komponenti üzrə beynəlxalq açıqlıq və qiymət rəqabətliliyi göstəricilərində, “Səyahət və Turizm Tələbinə Təsir Edən Amillər” komponenti üzrə mədəni resurslara dair göstəricidə və “Səyahət və Turizmin Dayanıqlılığı” komponenti üzrə ekoloji davamlılıq və sosial-iqtisadi dayanıqlılıq göstəricilərində yüksəlmə qeydə alınıb.

Alt-indikatorlar üzrə səyahət və turizmə dair statistik məlumatların beynəlxalq qurumların məlumat bazalarına mütəmadi olaraq ötürülməsinə dair göstərici üzrə Azərbaycan 2021-ci ildə olduğu kimi bu il də mümkün ən yüksək nəticə ilə 1-ci pillədə qərarlaşıb.

Bununla yanaşı, Qlobal Terrorizm İndeksi üzrə nəticələrə əsasən Azərbaycan əvvəlki hesabat üzrə mövqeyini 34 pillə yaxşılaşdıraraq ən təhlükəsiz ölkələr sırasında 1-ci pilləyə yüksəlib.

“Respublika”.