Qarabağın təbii sərvətlərinin qanunsuz istismarına son qoyuldu
İqtisadiyyat

Qarabağın təbii sərvətlərinin qanunsuz istismarına son qoyuldu

Antiterror tədbirləri o torpaqların da, onun maddi nemətlərinin də əsl sahibi olduğumuzu dünyaya göstərdi

XIX əsrin birinci yarısından başlayaraq Cənubi Qafqaza köçürülüb məskunlaşdırılan ermənilərin dünyanın heç bir yerində nə daimi vətəni, nə də dövlət quruluşu olmamışdır. XX əsrin əvvəllərində havadarlarının dəstəyi ilə Azərbaycan torpaqları hesabına özlərinə ilk dəfə dövlət quran ermənilər bir müddət sonra bu ərazilərə sonradan köçürüldüklərini nəinki inkar etdilər, üstəlik bu torpaqların qədim sakinləri olduqları haqda iddialar irəli sürməyə başladılar. Ermənilər qarşılarına qoyduqları bu məkrli niyyətlərini həyata keçirmək üçün ilk növbədə uydurma "böyük Ermənistan" ideyasını ortaya atdılar və bu məqsədlərinə çatmaq üçün addım-addım irəlilədilər. XX əsrin əvvəllərindən Qərbi Azərbaycandan onun əzəli sakinlərinin qovulması planını gerçəkləşdirməyə başlayan ermənilər əsrin sonlarında istəklərinə nail oldular. Qərbi Azərbaycanda bir azərbaycanlı belə qalmadı. 1988-ci ildən Azərbaycana qarşı torpaq iddialarına başlayan Ermənistan Qarabağı işğal etdi. Bu işğal 30 il sürdü.

Qarabağ münaqişəsinin həlli uzandıqca Ermənistan Azərbaycanın işğal altında saxladığı torpaqların təbii sərvətlərini daha qəddarlıqla istismar edir, törəmə filiallar yaradır, o müəssisələrin rəhbərliyinə erməniləri təyin edərək hiyləgərcəsinə buraya xarici investisiyalar cəlb edirdi.

Ermənistan Qarabağın təbii sərvətlərini daşımaq üçün 2012-ci ildə Xocalı hava limanını yenidən tikərək böyük həcmli təyyarələrin enməsi üçün istifadəyə yararlı hala gətirdi. O vaxtdan da müxtəlif ölkələrlə işgüzar bağlantılar yaradıldı.

Beləliklə, Ermənistan öz büdcə kəsirlərini doldurmaq üçün Qarabağın təbii sərvətlərini talayır, ən çox qızıl, mis istehsalına önəm verirdi. Qızıl-mis istehsalı, eyni zamanda investorların da daimi maraq dairəsində idi. 1997-ci ildə Qarabağda "Blarq" adlı mis, qızıl emalı kombinatı yaradıldı. Kombinatı Ermənistanın investisiya fondu maliyyələşdirirdi. Daha sonra "Base Metals" adlı filizsaflaşdırma kombinatı təsis edildi. Kombinat Ermənistanda fəaliyyət göstərən "Valleks Group" şirkəti tərəfindən maliyyələşdirilirdi və müəssisə əsasən Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən Dmitriy Krivelevin rəhbərlik etdiyi "Vibrotexnik" şirkəti ilə işbirliyi həyata keçirirdi.

İşğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri, xüsusən sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar edilən Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Turxun qızıl yataqları da bu illərdə talan edildi. Belə ki, 1998-ci ildə Kanadanın "Canadian First Dynasty Mines Ltd" şirkətilə müqavilə bağlayan Ermənistan hökuməti 2002-2003-cü illərdə Zod yatağından 5 ton qızıl çıxarıb. Bundan savayı, Hindistanın "Indian Sterlite Gold Ltd" şirkəti də bu sahədə Ermənistanın ortağı olub.

Xarici bank, maliyyə qurumları Qarabağda bank işinin təkmilləşdirilməsinə kömək edirdi. Belə ki, ABŞ-ın "ATA-Bank MS" maliyyə qurumu bu məqsədlə 1,8 milyon dollar sərmayə yatırıb. Bu ölkənin daha bir "GS Motors" şirkəti də 2014-cü ilin avqust ayından etibarən Xankəndidə maşınlara texniki yardım göstərən mərkəz açıb. İranın "İran Mellat Bankı"nın İrəvan filialı 2016-cı ilin aprelində "Qarabağ respublikası"na böyük miqdarda yardım göstərib. İşğal altında olan ərazilərdə fəaliyyət göstərən İsveçrənin "Prok-mebel" müəssisəsi burada mebel istehsalını təşkil etmək üçün yenə də həmin ölkənin "Sirkan-Ermənistan" şirkəti mehmanxana və turizm sahəsinin inkişafına külli miqdarda vəsait sərf edib.

Azərbaycan ərazilərində qanunsuz olaraq ermənilərlə işbirliyi quran Avstriyanın "International Base Metals Limited" şirkəti təbii ehtiyatların qanunsuz yolla Avropa bazarlarına çıxışını təmin edib. Bütün bunlar isə təbii ki, narahatlıq doğurmaya bilməzdi. Məhz elə bu baxımdan da ötən il dekabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "Azer Gold" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istehsalını araşdıracaq monitorinq qrupu Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələr apardı. Görüş Rusiya sülhməramlı kontingentinin Xocalıda yerləşən qərargahında baş tutdu. Müzakirədən sonra qeyd olunan fəaliyyət istiqamətində ərazidə işlərin aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə yol xəritələrinin hazırlanmasına başlanıldı.

Dekabrın 7-də daha bir görüş keçirildi.

Görüşdə faydalı qazıntı yataqlarına, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş ziyanın nəticələrinin aradan qaldırılması məsələləri müzakirə olundu. Rusiya sülhməramlı kontingenti Azərbaycan tərəfinin təkliflər paketini qəbul edib monitorinqlərin aparılmasına razılıq verdi. Danışıqların, müzakirələrin aparıldığı həmin məqamlarda sülhməramlıların himayəsi altına sığınıb yaşayan separatçılar, erməni revanşistləri ərazilərimizdə sərvətlərin istifadəsinin monitorinqini əngəllədilər. Buna etiraz olaraq azərbaycanlı ekofəallar dekabrın 12-də dinc aksiyaya başladılar və aksiya bu il aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması ilə nəticələndi. Bununla da, Qarabağa silah-sursat, qaçaqmal, hərbi qüvvə daşınmasının qarşısı alındı.

Sentyabrın 19-20-də Qarabağda həyata keçirilən antiterror tədbirləri nəticəsində bölgədəki separatçıların kökü kəsildi. Düşmənin əzəli torpaqlarımızdakı qeyri-qanuni fəaliyyətinə də son qoyuldu. Ərazi bütövlüyümüz təmin olundu.

İndi həmin ərazilərdə üçrəngli bayrağımız dalğalanır. Bu isə o deməkdir ki, o torpaqların da, onun yeraltı, yerüstü sərvətlərinin də sahibi Azərbaycan xalqıdır.

Zümrüd QURBANQIZI,

"Respublika".