Rəşadət və şücaət
Digər xəbərlər

Rəşadət və şücaət

Xüsusi bacarığı, qabiliyyəti, vətənpərvərliyi, torpağa və xalqa bağlılığı ilə seçilən Rauf Məlikovun hər zaman igidlik göstərəcəyi onu tanıyanların çoxunun ürəyinə dammışdı. Çünki o, həmişə ağır yükü öz üzərinə götürməklə öhdəsindən layiqincə gəlməyə çalışırdı və bunu bacarırdı. Atası Mahir kişi bizimlə söhbətində bildirdi ki, həyat yoldaşım Narınc xanımla övladlarımıza elə tərbiyə vermişik ki, Rauf hələ uşaq vaxtlarından qəhrəmanlıq göstərməyə çalışırdı. Qardaşları və dostları da bu xüsusiyyətinə görə onun xətrini çox istəyir və son dərəcə böyük hörmətlə yanaşırdılar. Ailəmizdə də xüsusi bacarığı və rolu ilə seçilirdi.

Qarabağın azad olunması üçün döyüşlərdə iştirak etməyi arzulayırdı. Bu barədə söhbət düşəndə deyirdi ki, indi bizim kimi oğulların vətən yolunda bir müqəddəs arzusu olmalıdı: "Torpaqlarımız düşmən tapdağından azad olunsun".

Rauf düşmənin hərbi təcavüzü, Xocalı soyqırımı, dinc soydaşlarımızın amansızlıqla qətlə yetirilməsi, kiçikyaşlı uşaqların, qocaların, qız-gəlinlərimizin düçar edildiyi işgəncələr barədə söhbət düşəndə özünü saxlaya bilmirdi, tez əsəbiləşirdi. Deyirdi ki, niyə faşist siyasəti yeridən düşmən insanlığa qənim kəsilir, torpaqlarımızı işğal edərək darmadağın edir. Görəsən nə vaxta qədər bu cinayətlərin qarşısı alınmayacaq. Niyə böyük dövlətlər susur, beynəlxalq təşkilarlar özlərini görməməzliyə vururlar. Aprel döyüşləri başlayanda və düşmən geri oturdulanda xeyli sevinirdi.

Atası Mahir kişi deyir ki, Vətən müharibəsi başlananda bizimlə sağollaşaraq, özünüzdən müğayət olun dedi. Evdən çıxanda bildirdi ki, sağlıq olsun tezliklə qalib ordunun əsgəri olaraq qəhrəman kimi qayıdaram. Çünki bu gün bizim qarşımızda duran ən müqəddəs arzumuz başqa cür ola bilməz. İgid oğul döyüşdə tanınar və sevinirəm ki, siz bizi belə böyüdərək tərbiyə etmisiniz. Çoxları sizin tərbiyənizdən nümunə götürür. Gələcəyimiz isə daha yaxşı olacaq. Salamat qalın deyərək qızı Zəhranı və ailəmizin hər üzvünü bağrına basıb getdi...

Rauf Məlikov təlim keçdikdən sonra döyüşlərə ilk gündən ayrı-ayrı bölüklərdə olmaqla qardaşı Rəsulla birlikdə Talış yüksəkliyindən başladı və ağır döyüşlərdə qəhrəmanlıq göstərərək sentyabrın 28-də Vətən uğrunda qəhrəmancasına şəhid oldu. 27 gün sonra qızı Gülcan qəhrəman şəhid övladı olaraq dünyaya göz açdı.

 Prezident İlham Əliyevin sərəncamlarına əsasən Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Rauf Məlikov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edildi.

Milli Ordu sıralarında düşmənə qarşı vuruşan qardaşı Rəsul isə yaralansa da Zəfər gününə qədər döyüşdü və antiterror əməliyyatında da iştirak etdi.

Şəhid Rauf Məlikovun bu gün ruhu şaddı. Torpaqlarımız düşmən tapdağından azad olunaraq həmin ərazidə dünyanın ən müasir yaşayış məntəqələri tikilir, qızları, valideynləri, ailəsi kimi xalqımızın hər bir üzvü onun qəhrəmanlığı ilə qürur duyur.

M.NƏRİMANOĞLU,

"Respublika".