Region

"RƏŞADƏT" ORDENLI FƏXRIMIZ

Zaqatala rayonu, Qımır kəndində 27 may 2001-ci ildə anadan olan Turan Məhərrəmov uşaq vaxtlarından vətənpərvərliyi, şücaəti, böyüyə-kiçiyə hörməti ilə seçilib. Həmişə igidlik göstərməyə çalışıb. Həqiqi hərbi xidmət vaxtı bu xüsusiyyətləri ilə əsgər yoldaşlarından fərqlənən Turan xüsusi təyinatlı briqadada xidmətini davam etdirmək arzusunda olub. Beləliklə də oğul vətən üçündür deyərək valideynlərinin fikirləri ilə razılaşıb kənddə qalmayıb. Atası Tərlan kişi ilə həmsöhbət olmaq üçün şəhidimizin yurduna gedib əvvəlcə məzarını ziyarət etdik.

Turan Məhərrəmov orta məktəbi bitirdikdən sonra 2019-cu ildə həqiqi hərbi xidmətə çağrılmış, ilk olaraq xüsusi təyinatlı briqadada təlim keçmişdi və vətənə layiq oğul olduğunu sübut etməyə çalışmışdı. Atası Telman kişi bildirdi ki, Turan həmişə vətənə yüksək xidmət göstərmək əzmində idi. Bu səbəbdən də ordu həyatı onun arzularını çin etdi və vətənə olan bağlılığı qat-qat artdı. Kənddə də böyük hörmət qazanmışdı. Orduda olanda evə hərdən gəlirdi, özü də 2-3 günlük. Artıq vərdiş etmişdi, gələn kimi şəhidlərin məzarlarını ziyarət edir, ailələri ilə görüşərək təskinlik verirdi.

Turan həqiqi hərbi xidmət borcunu şərəflə başa vurduqdan sonra yenə də ordu həyatını davam etdirmək istədiyini bildirdi. Evin tək oğlu olduğunu və təsərrüfatda işlərimizin çoxluq təşkil etdiyi üçün mənə kömək olmasını desəm də razılaşmadı. Dedi ki, oğul vətən üçün böyüyür, icazə verin, vətənə olan borcumu sona qədər davam etdirim. Harada olduğunu da heç kimə demirdi, hətta kəşfiyyatçı olduğunu mən də bilmirdim. Dəyərli oğul idi, deyirdi hər adam şəhid ola bilməz.

Vətən müharibəsi başlananda deyirdi ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli komandanlığı sayəsində düşmənə tutarlı zərbə endirib birdəfəlik susduracağıq. Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın tapdağı altında olan torpaqlarımızın azad olunması uğrunda gedən gərgin döyüşlərdə rəşadət göstərmək Turanın ən böyük arzusu idi. Belə də oldu, Füzuli, Cəbrayıl, Kəlbəcər və Şuşanın azad olunması uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlıqla vuruşmuşdu.

Əsgər yoldaşları Turanın rəşadətini hərb tariximizin müasir qəhrəmanlıq səhifəsi hesab edirlər. Hərbi hissə komandanlığının da etimadını və tapşırıqlarını yüksək döyüş rəşadəti ilə doğruldan Turan bir vaxtlar işğal altında olan torpaqlarımızı qəhrəman ordunun əsgəri kimi ziyarət etdikdən sonra doğma yurduna qayıtmaq və el-obasını, doğmalarını sevindirmək arzusunda idi. 2022-ci ilin oktyabr ayının 9-da keçirilməsi nəzərdə tutulan toyunda qalib əsgər kimi qürurla iştirak etmək istəyirdi. Valideynlərinə, bacısı Türkanəyə sevgilisinə də xoşbəxtlik bəxş etmək arzusunda idi. Amma amansız düşmən bütün çirkin niyyətləri ilə Turanın da bu arzusuna qənim kəsildi və o, ötən ilin sentyabrın 15-də düşmənin mövqelərimizə etdiyi aramsız hücumlarının qarşısının alınması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.

Döyüş rəşadəti yüksək dəyərləndirilən Turan Məhərrəmov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Kəlbəcərin azad olunmasına görə", Füzulinin azad olunmasına görə", Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif olunub.

Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət etmiş hərbi qulluqçusu Turan Məhərrəmovun kənd qəbirstanlığında olan məzarı əbədi olaraq qəhrəmanlıq simvoluna çevrilib.

M.NƏRİMANOĞLU,

"Respublika".