Reinteqrasiya TƏKLİFİ Qarabağdakı ermənilər üçün böyük şansdır
Digər xəbərlər

Reinteqrasiya TƏKLİFİ Qarabağdakı ermənilər üçün böyük şansdır

Məlum olduğu kimi, iyulun 21-də "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumu baş tutub. Forumun açılış mərasimində iştirak edən ölkə başçımız jurnalistlərə verdiyi açıqlamalarında bir sıra vacib məqamlara toxunub.

Bunlardan biri də Qarabağdakı ermənilərin reinteqrasiyası məsələsidir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan məsələ ilə bağlı mövqeyini dəfələrlə bəyan edib və maksimum konstruktivlik göstərib. Lakin təəssüf ki, Qarabağda hakimiyyəti ələ keçirmiş xunta və özlərini gah "prezident", gah "nazirlər", gah da "deputatlar" adlandıranlar artıq hər kəsdə gülüş doğurur. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yaşayanları girov götürüblər.

Biz təşəbbüs göstərdik, mən Qarabağ ermənilərinin nümayəndələri ilə təmasla məşğul olmaq üçün xüsusi nümayəndə təyin etdim və bu təmasların qurulması məqsədilə o, Qarabağa göndərildi. Birinci görüş məhz orada, Xocalı qəsəbəsində Rusiya sülhməramlı kontingentinin bazasında oldu. Bundan sonra biz Qarabağ ermənilərinin nümayəndələrini dialoqu davam etdirmək üçün Bakıya dəvət etdik. Lakin onlar imtina etdilər, həm də nümayişkaranə şəkildə.

Azərbaycan qərb qonşumuzun 30 il ərzində torpaqlarımızı işğal altında saxlamasına, eləcə də ölkəmizə qarşı törətdiyi vəhşiliklərə baxmayaraq, dünyaya örnək humanizm nümunəsi sərgiləyib. Belə ki, bu il martın 1-də Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüş baş tutub. Görüş çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq olaraq Qarabağda yaşayan erməni sakinlərinin reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb. Belə bir görüşün reallaşdırılması dövlətimizin sülh siyasətini bir daha təsdiqləyir.

Amma Ermənistan tərəfi yenə çirkin əməllərindən əl çəkmək istəmir, müxtəlif təxribatlara əl atmaqla öz xainliyini sübut edir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının martın 13-də Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini ikinci dəfə görüşə dəvət etməsi və bu dəvətin cavabsız qalması bunun bariz nümunəsidir. Bu, həmçinin ermənilərin məsələni sakit yolla həll etmək istəmədiyinin əyani sübutudur. Çünki reinteqrasiya Qarabağdakı erməniləri Azərbaycan qanunları çərçivəsində öz hüquq və imkanlardan yararlanmaq imkanı ilə təmin edə bilər. Reinteqrasiya prosesi reallaşacağı təqdirdə Azərbaycan digər vətəndaşlarına necə münasibət bəsləyirsə, onların da problemlərinə bu cür həssas yanaşacaq, həll yolu üçün əlindən gələni əsirgəməyəcəkdir. Əks təqdirdə Qarabağda məskunlaşan ermənilər torpaqlarımızı tərk etməlidirlər.

Ermənistan hakimiyyəti nə qədər gizlətməyə cəhd etsə də, Qarabağdakı erməni əhalinin problemləri gündən-günə artmaqdadır. Əslində, onlar Azərbaycanın təklifini iki dəfə gözardı etməklə firavan yaşayış şanslarını itirdiklərinin fərqində deyillər. Ermənilər bu cür yanaşmadan sonra növbəti təklifin olacağını gözləyirlərsə, yanılırlar. Çünki, ölkə başçımız açıq şəkildə bildirmişdir ki, üçüncü təklif əsla olmayacaq. Görünür, Qarabağdakı ermənilər Paşinyan hakimiyyətinin köləsi, eyni zamanda Ermənistanın oyuncağı olmaqdan heç də narahat deyillər. Bir məqamı da qeyd etmək lazımdır ki, onların yeganə xilas yolu dövlətimizin şərtləri ilə razılaşmaqdan keçir.

N.BEYDİYEVA,

"Respublika".