Azərbaycanı qanunsuzluqda ittiham edənlər ünvanı səhv salırlar
Gündəm

Azərbaycanı qanunsuzluqda ittiham edənlər ünvanı səhv salırlar

Məlum olduğu kimi, mart ayının 6-da Azərbaycan hüquq-mühafizə orqanları "Toplum TV"nin ofisində axtarış-əməliyyat tədbirləri həyata keçiriblər. Bu proses, bir sıra anti-Azərbaycan siyasi dairələrinin başladığı qarayaxmada qeyd olunduğu kimi deyil, konkret faktlar əsasında reallaşıb. Axtarış-əməliyyat tədbirlərinin keçirilməsi həm bu televiziyanın, həm də ayrı-ayrı əməkdaşlarının fəaliyyətində qanunazidd addımların olması ilə bağlıdır. Ümumiyyətlə, Azərbaycanda heç kim siyasi baxışına, yaxud siyasi mövqeyinə görə həbs edilmir. Bu, birmənalı olaraq belədir. Azərbaycan hüquqi, demokratik inkişaf yolunu seçmiş dövlətdir və bu səbəbdən də ölkəmizi bu kimi məsələdə ittiham edənlər ünvanı səhv salırlar.

Heç bir şəxs, yaxud hansısa bir mətbuat qurumu subyektiv baxışlarına, siyasi mövqeyinə görə təzyiqə, təqibə məruz qala bilməz. Bu da birmənalıdır. Bunu birdəfəlik dərk etmək lazımdır. Heç bir peşəyə xüsusi yanaşma yoxdur ki, ona məxsusluq əlavə immunitet yaratsın və yaxud da ki, qanunun fövqündə dayanmağa imkan versin. Belə bir təcrübə Azərbaycanda tətbiq edilə bilməz. Hamı qanun qarşısında bərabərdir, eyni hüquqa malikdir. İstər media üzvü, istərsə də jurnalist olmaq başqa insanlardan fərqli, üstün olmaq demək deyil.

Əvvəl "Abzas media" qurumunda, indi də "Toplum TV"də müəyyən həbslər həyata keçirilibsə, ayrı-ayrı şəxslər istintaqa cəlb edilibsə, bu, sırf onların fəaliyyətində cinayət əməlləri olması, qanunazidd davranışları ilə bağlıdır. Hüquqi dövlətdə məsələlər məhz belə tənzimlənir. Azərbaycan da hüquqi dövlətdir. Ona görə də bu gün müxtəlif anti-Azərbaycan dairələrinin nə söyləməsindən, hansı qarayaxmanı aparmasından, hansı şər və böhtana imza atmasından, necə dezinformasiya yaymasından asılı olmayaraq, biz öz mövqeyimizdən geri çəkiləsi deyilik. Biz hüququ, qanunun aliliyini müdafiə edirik. "Toplum TV" əməkdaşlarının bu və digər əməllərinə görə hüquq-mühafizə orqanlarının atdığı addımlar tam qanunauyğundur. "Toplum TV"nin ofisi hazırda möhürlənib və hər şeyi məhkəmənin qərarı həll edəcək.                                 

Elman NƏSİROV,

deputat.