Regionun nəqliyyat habı
Digər xəbərlər

Regionun nəqliyyat habı

Ölkəmizin geosiyasi dəyərinin artmasına və xarici ölkələrlə münasibətlərinə müsbət təsir göstərən əsas amillərdən biri onun əlverişli coğrafi mövqeyidir. Belə ki, Azərbaycan Xəzər-Qara dəniz hövzəsində və Cənubi Qafqazda gedən iqtisadi, siyasi və diplomatik proseslərin mərkəzində qərarlaşır.

Xüsusən də, Azərbaycan Türkmənistan və Qazaxıstanla birlikdə Avropa və Cənub-Şərqi Asiya, habelə Şərqlə Qərb arasında transmilli nəqliyyat-kommunikasiya layihələrinin reallaşmasında önəmli seqment kimi çıxış edir. Ölkəmizin qlobal əməkdaşlığa verdiyi töhfələr təkcə enerji sektoru ilə məhdudlaşmır. Azərbaycan özünü geniş imkanlara malik tranzit ölkə kimi də sübut etmişdir və qlobal məkanda etibarlı tərəfdaş olaraq tanınmaqdadır. Təsadüfi deyil ki, Azərbaycanla əməkdaşlıq qurmaq istəyən ölkələrin sayı günü-gündən artır.

Müstəqilliyimizin bərpasından sonra enerji sektorunda əldə olunan nailiyyətlərlə yanaşı, ölkənin yol-nəqliyyat infrastrukturunun davamlı olaraq genişləndirilməsi məsələsi prioritet təşkil etmişdir. Prezident İlham Əliyevin iyulun 11-də bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə zamanı söylədiyi fikirlər bunun əyani sübutudur: "Bizim digər sahələrdəki vəzifələrlə bağlı deyə bilərəm ki, xüsusilə son vaxtlar nəqliyyat sektorunun əhəmiyyəti daha da artır. Çünki bəzi məhdudlaşdırıcı tədbirlər yeni nəqliyyat marşrutlarının açılmasına gətirib çıxarır və Azərbaycanın əlverişli coğrafi vəziyyəti, əlbəttə ki, bizim üçün əlavə imkanlar yaradır. Bildiyiniz kimi, biz nəqliyyat sektorunun inkişafı ilə bağlı uzun illər ardıcıl siyasət aparırıq və öz ərazimizdə infrastrukturu demək olar ki, əvvəlki dövrün tələbatına uyğun olaraq tam modernləşdirmişik. Amma bu gün tələbat daha da artır. Çünki yüklər artır, nəqliyyat marşrutları, qeyd etdiyim kimi məhdudlaşır. Həm Şimaldan Cənuba və əks istiqamətdə, həm də Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımaların artması göz önündədir".

Böyük türk dünyasının marağında olan Orta Dəhliz layihəsi mövcud geosiyasi və geopolitik vəziyyəti kökündən dəyişə bilər. Həmçinin, qarşılıqlı tranzit əlaqələrinin inkişafında önəmli rol oynayır. Təsadüfi deyil ki, son dövrlərdə Azərbaycan ərazisindən daşınan yüklərin həcminin artmasının əsas səbəbi Orta Dəhlizdə müşahidə olunan intensivliklə bağlıdır. Rusiya və İranın sanksiyalara məruz qaldığı bir dövrdə Çin, Mərkəzi Asiya və Avropanın Azərbaycandan keçən Orta Dəhlizə baxış bucağı genişlənir. Xüsusən də, Rusiya-Ukrayna müharibəsinin Şimal dəhlizi ilə yükdaşımaları məhdudlaşdırdığı üçün Çin Orta Dəhlizə böyük önəm verir. Orta Dəhliz məsafə və müddət baxımından böyük alternativ hesab edilir. Belə ki, Çindən Avropaya gedən yük qatarı Orta Dəhliz vasitəsilə daha qısa vaxt sərf etmiş olur. Bununla yanaşı, Orta Dəhliz Asiya ilə Avropa arasında qlobal ticarətin daha sərfəli və təhlükəsiz olmasını təmin edir. Ölkəmizin geostrateji mövqeyi, Şərq və Qərb dəhlizindəki önəmli yeri fərqli istiqamətlərdə yüklərin daşınması üçün geniş imkanlar yaratmaqla həm ölkəmizin, həm də ümumən Cənubi Qafqaz bölgəsinin önəmini artırır.

Tranzit ölkəyə çevrilmə istiqamətində atılan uğurlu addımlar, yaradılan imkanlar sayəsində Azərbaycan son illərdə bu sahədə əhəmiyyətli nəticələrə nail olmuşdur. Yükdaşımaların artması, bütün keçidlərdə Azərbaycanın təhlükəsiz tranzit bölgə kimi özünü təsdiqləməsi digər dövlətlərin də marağını cəlb etməkdədir. Prezident İlham Əliyev Şuşada keçirilən Qlobal Media Forumunda çıxışı zamanı, həmçinin Çinin "China Media Group" media korporasiyasına müsahibəsində bu məsələyə xüsusi diqqət çəkib. Dövlət başçımız vurğulayıb ki, biz mühüm tranzit ölkəsi olmaq arzusundaydıq, ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir. Burada qonşularla yaxşı münasibətlər də önəmli rol oynayır.

Azərbaycanın tranzit ölkə statusunu nəzərə alaraq TRASEKA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) layihəsini xüsusi qeyd etmək lazımdır. TRASEKA Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin əhəmiyyətini, onun inkişaf etdirilməsi sahəsində əməkdaşlığın konkret istiqamətlərini, forma və mexanizmlərini müəyyənləşdirən ilk beynəlxalq layihədir. Tarixi İpək Yolu üzərində yerləşən ölkələrin əksəriyyəti tərəfindən yolun bərpası, müasir nəqliyyat xəttinin yaranması məsələsi zəruri hal kimi irəli sürülmüş və başlanğıcını Şərqi Çin dənizi sahilindəki Sinan şəhərindən götürüb. Avropa və Asiyanın bir çox şəhərlərini birləşdirən 13 min kilometrlik tarixi İpək Yolunun yenidən bərpası ideyası region ölkələri tərəfindən dəstəklənmişdir.

Yeri gəlmişkən, son 30 ildə gündəmdə olan marşrutlardan biri də Çin-Qırğızıstan-Özbəkistan dəmir yoludur. Çinin Kaşqar şəhərindən başlayan dəmir yolu ilə daşınan yüklər Türkmənistanın Türkmənbaşı limanına, oradan da Azərbaycandan keçməklə Avropaya çatacaq. Bu baxımdan, Azərbaycan üzərindən daşınan yüklərin şaxələndirilməsində Zəngəzur dəhlizinin önəmi olduqca böyükdür. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40, avtomobil yolu üzrə 70 faizinin icra olunması olduqca ümidverici haldır. Digər tərəfdən, bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin yaxın gələcəkdə 25 milyon tona çatdırılması nəzərdə tutulur. Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanlar Azərbaycanın önəmli tranzit ölkəyə çevrilməsinin bariz göstəricisidir.

Nurlan ABDALOV,

 "Respublika".