Soyqırımı qurbanlarının və bütün şəhidlərimizin ruhu bu gün şaddır
Digər xəbərlər

Soyqırımı qurbanlarının və bütün şəhidlərimizin ruhu bu gün şaddır

Tariximizin unudulmaz səhifələrindən biri də 1918-ci ilin mart-aprel hadisələridir. Məhz həmin dövrdə 30 mindən çox azərbaycanlı erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Bu da, təbii ki, erməni millətçilərinin uydurduqları, "böyük Ermənistan" ideyasının gerçəkləşdirilməsi cəhdləri idi. Bu çirkin siyasət tarix boyu soydaşlarımıza qarşı etnik təmizləmələrə, deportasiyalara və soyqırımlara səbəb olmuş və tarixin müəyyən mərhələlərində özünü göstərmişdir. Qeyd etdiyimiz dövrdə də erməni millətçiləri yaranmış vəziyyəti tarixi fürsət bilərək belə qanlı hadisələrə əl atmışlar. Məhz etnik və dini mənsubiyyət səbəbindən təkcə Bakı quberniyasında on minlərlə dinc sakin işgəncələrə məruz qalmış və vəhşicəsinə qətlə yetirilmişdir. Soyqırımı Bakı ilə yanaşı, həm də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan və Zəngəzurda da törədilmişdir. Həmçinin 10 minlərlə dinc sakin öz torpaqlarından didərgin düşmüşdür.

Mart hadisələri zamanı yaşayış məntəqələri, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar da dağıdılmışdır. Bu əməllər erməni millətçilərinin xain xislətinin, vəhşi təbiətinin təzahürləridir ki, gözlərinə görünən, qarşılarına çıxan hər şeyi məhv edirlər. Qocalara, qadınlara, uşaqlara belə rəhm etməyən cəlladlar hətta insanlığa sığmayan ən qəddar üsullara əl atmışlar. Bunu Quba qırğını bir daha sübut edir. Belə ki, orada aşkarlanan insan sümüklərində heç bir güllə yeri yoxdur. Demək olar ki, onların hamısı balta, xəncərlə öldürülüb, başları bədənlərindən qoparılıb. Bəzi kəllə sümüklərində mismarlar da aşkarlanıb. Bu, bir daha həmin hadisələrin hansı qəddarlıqla törədildiyini göz önünə gətirir.

Məlumdur ki, sovet hakimiyyəti illərində çox çalışdılar, əllərindən gələni etdilər ki, erməni cəlladlarının törətdikləri soyqırımları, qətliamları tarixdən silsin, insanlara unutdursunlar. Təbii ki, bu cəhdlər faydasız oldu. İmperiya dağıldıqdan sonra isə pərdələr qalxmağa başladı, haqq-ədalət öz yerini tapdı. Məhz dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanda soydaşlarımıza qarşı həyata keçirilmiş soyqırımların ilk dəfə rəsmi şəkildə adı çəkildi, erməni şovinistlərinin etnik düşmənçilik siyasətinin üstü açıldı, bu tipli məkrli, qeyri-insani əməllər öz siyasi qiymətini aldı. Eləcə də Fərmanla 31 Mart günü Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Habelə bu Fərman soyqırımı ilə bağlı yeni araşdırmalara yol açdı, həmin tarixin öyrənilməsi istiqamətində əhəmiyyətli işlər görüldü. Mən dövlətimizin başçısı cənab İlham Əliyevin Sərəncamı ilə Qubada "Soyqırımı Memorial Kompleksi" yaradılmasını xüsusilə vurğulamaq istərdim. Bu addım soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, baş verən qanlı hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması, gələcək nəsillərə ötürülməsi baxımdan son dərəcə əhəmiyyətlidir. Ölkəmizə gələn xarici qonaqlar, turistlər, həmçinin vətəndaşlarımız, xüsusilə məktəblilər kompleksi ziyarət edir və dolğun məlumatlar toplayırlar. Biz bu tarixi unuda bilmərik, onu daim yaşatmalı və təbliğ etməliyik. Hər il 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində dövlət orqanlarında, ictimai təşkilatlarda, elm və təhsil müəssisələrində tədbirlər təşkil edilir. Nəzərinizə çatdırım ki, ölkəmizin həmkarlar ittifaqları da Soyqırımı Günü ilə əlaqədar tədbirlər keçirir, soyqırımı qurbanlarının xatirəsi dərin hörmətlə anılır.

Tarix boyu soyqırımlara, qətliamlara əl atan, dinc sakinləri qətlə yetirən, ərazilərimizdə vandalizm törədən, torpaqlarımızı işğal edən düşmənin cavabı layiqincə verildi. Həm cəmi 44 gün davam edən Vətən müharibəsində, həm də Qarabağda bir sutkadan da az müddətdə keçirilən antiterror tədbirlərində bütün şəhidlərimizin, soyqırımı qurbanlarının qisası döyüş meydanında alındı. Fəxarətlə deyə bilərik ki, bu gün onların ruhu şaddır, çünki canlarını fəda etdikləri Vətən torpağı tam azaddır.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.