Regionda sülh naminə antiterror tədbirləri keçirildi
Digər xəbərlər

Regionda sülh naminə antiterror tədbirləri keçirildi

Vətən müharibəsinin başa çatmasından artıq 3 il keçsə də, Ermənistan 10 noyabr tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırır. Hətta son dövrlərdə Rusiyanın və Avropa İttifaqının vasitəçiliyilə keçən danışıqlarda rəsmi İrəvanın nəhayət ki, bəzi konstruktiv qərarlara yaxınlaşması müşahidə olunsa belə, nəticə etibarilə Ermənistan tərəfindən bölgədə sülhün və sabitliyin bərqərar olunması üçün konkret addımlar atılmır. Əksinə, Ermənistan özünün silahlı qüvvələrinə aid hərbi birləşmələri Azərbaycanın Qarabağ bölgəsində saxlamaqla gərginliyin artmasına zəmin yaradırdı.

Bu birləşmələrin ölkəmizə qarşı ard-arda törətdikləri silahlı diversiya aktları Azərbaycan tərəfində həm hərbçilər, həm də mülki vətəndaşlar arasında itkilərlə müşayiət olunurdu. Bununla yanaşı, xarici havadarlarının dəstəyi ilə Ermənistan Azərbaycan ərazilərindəki hərbi birləşmələrini insan qüvvəsi və müxtəlif silahlarla daha da gücləndirdi. Ölkəmizə qarşı mina terrorunun miqyası getdikcə artırdı. Bütün bunların fonunda isə rəsmi Bakının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinə dəfələrlə ünvanladığı dialoq çağırışları da hər dəfə cavabsız qalırdı. Bütün bu baş verənlər Ermənistanın öz havadarlarının təhriki ilə vəziyyəti dondurulmuş hala gətirmək cəhdlərini açıq-aşkar nümayiş etdirirdi.

Milli Məclisin deputatı Novruzəli Aslanov bildirdi ki, Azərbaycanın başladığı antiterror tədbirləri Ermənistanın ölkəmizə qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin cavabı kimi gözlənilən idi. Ermənistan silahlı qüvvələrinin Qarabağda yerləşdirilmiş birləşmələri tərəfindən Azərbaycana qarşı törədilən son terror-diversiya aktları da insan itkilərinə səbəb olmuşdur. Belə ki, sentyabrın 19-da erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində mülki şəxslər həlak olub. Yenə də həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsi də ermənilər tərəfindən quraşdırılmış minaya düşərək partlayıb və hərbi qulluqçularımız həlak olub. Təbii ki, Azərbaycan bütün bunları cavabsız qoya bilməzdi. Buna görə də, sentyabrın 19-da Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirlərinə başladı. Bu, Azərbaycanın bütün beynəlxalq konvensiyalarda təsbit olunmuş legitim hüququdur və heç bir beynəlxalq təşkilat bu tədbirlərin keçirilməsinə görə ölkəmizi qınaya bilməz. Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Azərbaycan tərəfinin, hətta antiterror tədbirlərinin gedişində belə qarşı tərəflə danışıqlara başlamağa hazır olduğunu bəyan etməsi ölkəmizin xarici siyasətində humanizm prinsiplərinin və beynəlxalq hüquq normalarının gözlənilməsinin hər zaman prioritet olduğunu nümayiş etdirir. Antiterror tədbirləri çərçivəsində yalnız Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmadı. Həmçinin vacib məqamlardan biri də budur ki, keçirilən tədbir barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılmışdır. Bütün bunlarla yanaşı, Azərbaycan Qarabağın erməni əhalisinin nümayəndələrini reinteqrasiya məsələlərini müzakirə etmək üçün dialoqa dəvət etdi. Məlumdur ki, bundan əvvəl də rəsmi Bakı bir neçə dəfə bu təklifi irəli sürmüşdü. Lakin qarşı tərəf hər dəfə bundan imtina etmişdi. Lokal xarakterli antiterror tədbirlərin dayandırılması barədə razılıq əldə olunmasından sonra erməni sakinlərinin nümayəndələri Yevlaxda görüşə hazır olduqlarını bildiriblər. Bununla da erməni silahlıları ağ bayraq qaldırıb, təslim olublar, qanunsuz rejim özünü buraxıb. Nəhayət, bizim diktəmizlə bölgədə sülhə nail oluruq.

M.NƏRİMANOĞLU,

"Respublika".