Regiona sülh və sabitlik gərəkdir
Siyasət

Regiona sülh və sabitlik gərəkdir

Cənubi Qafqazın gələcəyi naminə Türkiyə və Azərbaycanın təklif etdiyi "3+3" formatı ən məqbul əməkdaşlıq platformasıdır

2023-cü il Azərbaycan-Ermənistan danışıqlarının dinamikası baxımından xeyli fərqlənir, postmüharibə dövrünün ötən üç ili diplomatik təmaslar və sülh sazişinin imzalanması istiqamətində əldə olunan irəliləyiş yekun nəticəyə yaxınlaşma baxımından intensiv və məhsuldardır. Ermənistanın prosesi ləngitmək cəhdlərinə baxmayaraq, danışıqlarda müəyyən irəliləyişlər prosesin gedişatında optimist reaksiyalara zəmin yaradır.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsi regionda yeni reallıqlar yaradıb. 10 noyabr üçtərəfli Bəyanatın şərtlərinə, tərəflərin üzərinə düşən öhdəliklərə nəzər saldıqda, açıq şəkildə görmək mümkündür ki, Azərbaycan hazırda regionun diktə edən ölkəsidir. Böyük güclərin Cənubi Qafqaz regionu ilə bağlı maraqları var. Belə ki, istər ABŞ və Rusiya, istərsə də Avropa İttifaqı danışıqların məhz onların vasitəçiliyi ilə keçirilməsində maraqlıdır. Əsas məsələ görüşün harada keçiriləcəyi yox, əldə ediləcək nəticə ilə bağlı olmalıdır. Biz indiyə qədər ABŞ dövlət katibinin təşəbbüsü, V.Putinin vasitəsilə Moskvada və Soçidə, o cümlədən Avropa İttifaqı Şurasının dəstəyilə Brüssel və Praqada keçirilən görüşlərin şahidi olmuşuq. Amma indiyə qədər keçirilən görüşlərin heç birində əldə edilən razılaşmaların icrasına nail olunmayıb.

Sentyabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Dövlət başçıları regional məsələləri müzakirə ediblər. Azərbaycanla Türkiyə bütün istiqamətlər üzrə, o cümlədən diplomatik sahədə qarşılıqlı maraq doğuran məsələləri əlaqələndirir, bir-birinin mənafelərinə uyğun addım atırlar. Bu, hazırda kifayət qədər həssas olan regional məsələlərdə özünü daha qabarıq şəkildə büruzə verir.

Sülh danışıqlarının sistemli aparılmasında mühüm rola malik Brüssel prosesi bərpa edilib. Politoloqların qənaətinə görə, bütün danışıq platformaları içərisində Brüssel formatı müsbət impulslar fonunda diqqəti cəlb edir ki, o, ayrıca bir dövlətin deyil, Avropa İttifaqı Şurası prezidentinin rəhbərinin vasitəçiliyi ilə aparılır. Brüssel görüşündə liderlər 1991-ci ilin "Alma-Ata Bəyannaməsi"nə və Ermənistanın 29800 kvadratkilometr və Azərbaycanın 86600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq ediblər. Prinsipcə, Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığının rəqəmli tanınma-təsdiqlənməsi, "86600 kvadratkilometr"in dilə gətirilməsi o deməkdir ki, Ermənistan Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu qəbul edir. Şarl Mişelin bu rəqəmi dilə gətirməsi çox vacib bəyanatdır. Bu yalnız Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu göstərmir, həm də o deməkdir ki, Avropa İttifaqı və onun timsalında Qərb də bu yanaşmadan və reallıqdan çıxış edir.

Azərbaycan üçün ən əlverişli platforma nəticə əldə olunan platformadır. Diplomatik səylərin təhlili göstərir ki, rəsmi Bakı platformadan asılı olaraq əvvəldən irəli sürdüyü baza şərtləri çərçivəsində hərəkət edir. Əsas məsələ platformadan, vasitəçilərdən asılı olaraq Ermənistanın bu şərtlər daxilində sülh sazişinə imza atmasıdır. Sülh sazişinə imza atdıqdan sonra digər məsələlər öz həllini tapa bilər. Bu vaxta qədər təəssüf ki, Ermənistanın siyasətində sözdən başqa heç nə görmürük. Üçtərəfli Bəyanata əsasən, Ermənistan ilk növbədə Azərbaycanın Qarabağ bölgəsindəki qeyri-qanuni silahlı dəstələrini çıxarmalı idi. Amma son hadisələr də göstərdi ki, əksinə, Ermənistan tərəfindən silahlı qüvvələrin hərbi təchizatı həyata keçirilir. Bu, qəbuledilməzdir, Azərbaycanın irəli sürdüyü əsas şərtlərdən biridir. Növbəti ən vacib məsələ regional kommunikasiyaların açılmasıdır. Ermənistan Zəngəzur dəhlizinin açılmasına maneə törətməməlidir.

Cənubi Qafqazın gələcəyi naminə Türkiyə və Azərbaycanın təklif etdiyi "3+3" formaən məqbul əməkdaşlıq platformasıdır

Bu müddət ərzində region üçün müxtəlif əməkdaşlıq platformaları təklif olunsa da, hələlik rəsmən heç bir təklif qəbul olunmayıb. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə paralel və sinxron şəkildə həyata keçirilməlidir. Azərbaycan və Türkiyənin bu məsələdə ortaq mövqeyi vardır. Ermənistan başa düşməlidir ki, regionun problemləri yalnız region ölkələri ilə həll edilə bilər. Bütün bunların fonunda ən optimal və uğurlu format Türkiyənin təklif etdiyi "3+3" platforması qəbul olunur. Bu format bölgədə dayanıqlı sülhün təmin olunması üçün də vacib addım hesab edilir. Cənubi Qafqazın üç dövləti, eləcə də onların qonşuları Türkiyə, Rusiya və İranla fəal regional əməkdaşlıq sülhü və dayanıqlı inkişafı təmin edə bilər. Söhbət Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya və İran birgə əməkdaşlıq platformasından gedir. Bu platformanın region ölkələri üçün iqtisadi əhəmiyyəti də kifayət qədər yüksəkdir. Hərbi və siyasi baxımdan "3+3" və ya altılıq formatı regionda yeni təhdidlərin qarşısını alacaq əməkdaşlıq platforması ola bilər.

"3+3" formatı Zəngəzur dəhlizi də daxil olmaqla nəqliyyat arxitekturasını dəyişmək gücündədir. Xüsusən də, Azərbaycanın su, hava, avtomobil və dəmiryolu nəqliyyat infrastrukturu altılıq ölkələrin inteqrasiyasında mühüm əhəmiyyət kəsb edir. Rusiya İranla Azərbaycandan keçən Şimal-Cənub, İran isə Gürcüstanla Azərbaycandan keçən Cənub-Qərb marşrutu ilə bağlana bilir. Türkiyə bu dəhliz vasitəsilə Azərbaycan, Rusiya və İranla əlaqələrini daha da genişləndirə bilər. 2021-ci ilin dekabr ayının 10-da Rusiyanın paytaxtı Moskvada Cənubi Qafqaz üzrə "3+3" regional məsləhət platformasının ilk iclası keçirilib. Görüş zamanı çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilmiş, platformanın işini onun bütün iştirakçıları üçün maraqlı olan praktiki məsələlərə yönəltmək razılaşdırılmışdı. Türkiyə və Azərbaycanın təklif etdiyi "3+3" formatı ən məqbul əməkdaşlıq platformasıdır, məsələlərin həllinə bu kontekstdən yanaşmaq lazımdır.

Mustafa KAMAL,

"Respublika".