Qurban Bayramına ciddi hazırlıq işləri görülür
Türk dünyası

Qurban Bayramına ciddi hazırlıq işləri görülür

Qurban bayramına sayılı günlər qalıb. Artıq Türkiyənin bütün şəhər və vilayətlərində qurbanlıq satış və kəsim nöqtələri müəyyənləşdirilib. İstanbul demək olar ki, bayram gününə tam hazırdır.

İstanbul Böyükşəhər Bələdiyyəsi 16-19 iyun tarixləri arasında keçiriləcək Qurban bayramında istanbulluların hər hansı mənfi halla üzləşməməsi üçün 7/24 saat işləyəcək.

Bu il Böyükşəhər Bələdiyyəsi 2-si Avropa, 3-ü Anadolu bölgəsində olmaqla 5 sahədə qurbanlıq heyvanların satışını və kəsimini həyata keçirəcək. Müasir sığınacaqlarda və əhalinin yaşadığı müxtəlif ərazilərdə xidmətləri sürətləndirmək üçün ən son texnologiyadan istifadə ediləcək. Bayram günləri İBB qurban satış və kəsim sahələrində pulsuz və limitsiz internet xidmətini təmin edəcək.

Polis İstanbul Böyükşəhər Bələdiyyəsinin qurbanlıq satış və kəsim sahələrində 24 saat növbətçilik edəcək. Təyin olunmuş ərazilərdən başqa digər ərazilərdə heç bir kəsimin olmaması üçün nəzarət gücləndiriləcək.

İstanbul Kənd Təsərrüfatı və Meşə Müdirliyi tərəfindən də şəhərin müxtəlif yerlərində Qurban bayramı öncəsi təyin olunan 423 yerdə qurbanlıq heyvan satışı və kəsim yerləri müəyyən edilib.

Mövzu ilə bağlı açıqlama verən İstanbul Kənd Təsərrüfatı və Meşə Müdiri Ahmed Yavuz Karaca deyib: "Qurbanlıq heyvanlarımız 1 iyundan etibarən İstanbula gətirilməyə başlanılıb. Qurbanlıq xidmətləri komissiyasının bildirişi dərc edildikdən sonra kəsim yerləri artıq müəyyən edilib və 423 satış və 788 kəsim yeri təyin olunub. Heyvanların hərəkət intensivliyi üçün yol yoxlamalarımızı da artırmışıq. May ayından biz bunu daha da sərtləşdirmişik. Burada heyvanlar gətirildiyi şəhər və Kənd Təsərrüfatı və Meşə Müdirliyi tərəfindən sağlamlıq müayinəsindən keçirilir. Onların pasportları sağlamlıq yoxlamasından sonra verilir. Peyvəndlər yoxlanılır və fiziki sağlamlıq hesabatına dair sənəd verilir. Ötən il İstanbulda 76 min iribuynuzlu mal-qara və 93 min qoyun kəsilib. Biz yenə eyni rəqəmləri gözləyirik".

Xatırladaq ki, Türkiyədə Qurban bayramı 9 gün davam edəcək. Bayram günlərində ictimai nəqliyyat pulsuz olacaq. Qurban bayramı günlərində Avtomobil Yolları Baş İdarəsinin məsuliyyəti altında olan körpülərdən, magistral yollardan və ictimai nəqliyyat xidmətlərindən pulsuz istifadə ilə bağlı Prezidentin qərarı rəsmi qəzetdə dərc olunub.

Esmira YAZKAN ASLANOVA,

“Respublika” qəzetinin Türkiyə üzrə müxbiri.