Digər xəbərlər

"QOVULMUŞ", YOXSA ZORLA ÇIXARILMIŞ...

Uzun müddətdir məni narahat edən bir fikri oxucularla müzakirə etmək qərarına gəldim. Bu, ilk baxışdan əhəmiyyətsiz ya dərin əhəmiyyət kəsb etməyən, lakin varlığında özünə diqqət, həssas yanaşma tələb edən, böyük bir ictimai-siyasi hadisəni ifadə etmək üçün təəssüf ki, tez-tez işlədilən "qovulmaq" sözüdür.

Qərbi Azərbaycandan olan soydaşlarımızın çıxarılma, deportasiya hadisəsi barədə TV jurnalistlərinin dilindən, mətbuat səhifələrində, KİV-ə müsahibə verən, çıxış edən bəzi məsul digər şəxslər tərəfindən tez-tez Qərbi Azərbaycandan "azərbaycanlıların qovulması" ifadəsi səslənir. Qeyd edim ki, burada "qovulmaq" sözü siyasi cəhətdən tamamilə yanlış, mənəvi cəhətdən isə aşağılayıcı, hətta təhqir yükü daşıyan bir ifadədir. Belə ki, soydaşlarımız həmin yerlərdə köklü sakin, tam bərabərhüquqlu ölkə vətəndaşları olduqları halda, yalnız milli mənsubiyyətinə görə yaşadıqları əzəli yerlərdən işgəncələrə, qətliamlara məruz qalaraq zorla çıxarılıblar. Qərbi azərbaycanlılara qarşı törədilmiş dörd il müddətində (1987-1991-ci illər) davam edən kriminogen ictimai-siyasi hadisə öz acı nəticəsini vermişdir. Həmin hadisə barədə danışarkən xeyli diqqətli olmaq lazımdır. Bu barədə danışanlar "qovulmaq" deyil, soydaşlarımız "zorla çıxarılıblar", "işgəncələrlə çıxarılıblar", "deportasiyaya məruz qalıblar" s. kimi obyektivliyi təzahür edən daha uyğun sözlərlə fikirlərini ifadə etməlidirlər. "Qovulmuşlar" ifadəsinin soydaşlarımıza şamil edilməsi yolverilməzdir.

Bildiyimiz kimi, Azərbaycan dilindəki sözlərin hamısı birlikdə dilin lüğət tərkibini, yəni leksikasını təşkil edir hər bir söz ayrılıqda birləşmədə müəyyən bir fikri ifadə etməyə xidmət edir. Sözün ifadə etdiyi məna onun leksik mənasıdır hər bir söz özünün ifadə etdiyi mənanı daşıyır, yəni dilimizdə öz təyinatı üzrə işlədilir.

Bəs dilimizdə işlədilən "Qovulmaq" sözünün daşıdığı fikir nəyi anladır? Fikrimcə, bu söz, özünə aid yerdə olmayan, qanunsuz, müxtəlif üsul vasitələrlə, əsassız şəkildə, zorla başqasının yerinə soxulmuş birisinin ya bir toplumun məcburi tərzdə həmin yerdən çıxarılması fikrini daşıyır. Hətta daha kobud misal da çəkmək olar. Qadağan olunan sahəyə, qoruğa, otlağa, hinə, həyətə s. girən heyvanın oradan çıxarılmasını da dilimizdə yalnız "qovub çıxarmaq" kimi ifadə edirik. Necə ki, bunu müzəffər Prezidentimiz İlham Əliyev işğalçı erməniləri qovub torpağımızdan çıxarandan sonra çox qürurla həm təhqiredici mənada "iti qovan kimi qovduq" ifadəsini yeri gəldikcə işlədir. Bu ifadə həmin ictimai-siyasi hadisəni ölkə Prezidenti tərəfindən düşünülmüş şəkildə, tamamilə düzgün şərh edən, anladan, onlara yaraşan, dəqiq seçilmiş bir ifadədir. Yəni ermənilər istər ordusu, istərsə mülki əhalisi özlərinə aid olmayan ərazilərimizə qanunsuz olaraq soxulduğuna görə biz onları 44 günə "iti qovan kimi qovduq". Bizim soydaşlarımız isə öz doğma, minillər boyu sahibi olduqları yerlərdən 200 ildən çox müddət ərzində müxtəlif vasitələrlə, sonda isə daha azğın üsullarla, zorla, silah gücünə, qətliamlar, müxtəlif işgəncələr nəticəsində çıxarılıblar.

Müqayisəli şərh olunan iki ictimai-siyasi hadisə arasındakı fərq budur. Onlar eynilik təşkil etmir onların hər birini öz adıyla demək lazımdır. Soydaşlarımız öz əzəli torpaqlarından zorla çıxarılıb.

HÜSEYN-XƏZƏR.