Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində yekun Bəyanat imzalanıb
Digər xəbərlər

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində yekun Bəyanat imzalanıb

Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv dövlətlərin hüquq və maraqlarının qorunması istiqamətində çox böyük işlər görülmüş, eyni zamanda təşkilatın nüfuzu daha da artmışdır. BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı məhz Azərbaycanın sədrliyi dönəmində mövcud problemlərə adekvat yanaşmalar sərgilədi. Üzv dövlətlər arasında birlik və koordinasiya üst səviyyəyə qalxdı. Müxtəlif yeniliklərin, reallıqların müəllifi olan ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Gənclər və Parlament şəbəkəsi formalaşdırıldı. İrəli sürülən fikirlər dünya ictimaiyyəti tərəfindən dəstəkləndi. Xüsusilə BMT səviyyəsində qurumun təşəbbüsləri yüksək qiymətləndirildi. Bununla yanaşı, ədalətli vaksin bölgüsü məhz ölkəmizin qətiyyəti ilə müzakirəyə çıxarıldı və Azərbaycanın dəstəyi ilə 30-dan çox ölkəyə humanitar yardım göndərildi.

Prezident İlham Əliyevin diplomatik məharəti və səriştəsi nəticəsində Azərbaycan öz ətrafında geniş müdafiə şəbəkəsi formalaşdırdı ki, bu da ölkəmizlə bağlı 120-yə yaxın QH-nin üzv dövlətinin müxtəlif platformalardakı müsbəti rəyi deməkdir. Məhz bu xüsusda Prezident cənab İlham Əliyev QH-nin Nazirlər Şurasının rəhbərlərinin Bakı toplantısında bütün Qoşulmama Hərəkatı üzvlərinə dərin təşəkkürünü bildirdi. Çünki 44 günlük Vətən müharibəsi gedişində iki dəfə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul edilməsi məsələsi gündəmə gətirilmiş, Qoşulmama Hərəkatının üzvlərinin qətiyyətli mövqeyi sayəsində Fransa və Ermənistanın istəkləri reallaşmamış, Azərbaycanın mövqeyi müdafiə edilmişdir.

İyulun 5-də "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda keçirilən QH-nin Əlaqələndirmə Bürosunun nazirlər görüşü də digər görüşlər kimi, öz əlamətdarlığı və əhatə etdiyi məsələlər ilə yadda qaldı. Əlcəzair xalqına qarşı törədilmiş soyqırımı ilə bağlı ölkə başçımızın fikirləri, bu xüsusda Makron hökumətinin törətdiyi çirkin əməllər bir daha bütün dünyaya bəyan edildi. Qoşulmama Hərəkatına üzv olan bütün dövlətlərin, o cümlədən Əlcəzairin hüquqlarının bərpası və ölkəyə qarşı edilmiş amansızlığa görə Fransanın üzr istəməsinin vacibliyini bildirən Prezident İlham Əliyev bu cür addımları pislədi: "Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir". Ölkə başçımız BMT-nin strukturunda da mühüm dəyişikliklər edilməsinin vacibliyi məsələsinə toxundu. Bütün bunlar Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi platformanın uğurlu inkişafına verdiyi töhfəni bariz şəkildə göstərmiş oldu.

Xüsusilə, keçmişdən bu günə qədər uzanan çirkin müstəmləkəçilik siyasətinə qarşı atılan addımlar Qoşulmama Hərəkatının gündəliyində ön sıralarda durur. Belə ki, iyulun 6-da Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması" mövzusunda keçirilən dəyirmi masanın yekunlarına dair qəbul edilən Bəyanat bu xüsusda olduqca geniş çərçivəni əhatə edir. Bəyanatı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Yeni Kaledoniyada Kanak və Sosialist Milli Azadlıq Cəbhəsindən Rok Vamytan və Maqali Tinqal, Dekolonizasiya və Sosial Emansipasiya Hərəkatından Moris Pindard, Sindi Polüks, Jan-Viktor Kastor, Martinikanın Azadlığı Partiyasından Fransis Karol, Suveren Martinika Uğrunda Demokratlar və Ekoloqlar Hərəkatından Klodet Düamel, "Tavini Huiraatira no te Ao Maohi" partiyasından Oskar Temaru, Antoni Geros, Leon Tefo, Ella Tokaragi, "Africa Mundus"dan Emmanuel Arqo və Edvin Daiti imzalayıblar. Müstəmləkəçiliyə məruz qalan xalqlara, xüsusilə son fransız müstəmləkələrinə həsr olunmuş tədbirdə bütün aspektlərə toxunuldu. Bununla yanaşı, keçirilən dəyirmi masa ətrafında görüş Fransa dövlətinin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair fikir mübadiləsi aparmağa da imkan yaratdı. Görüş çərçivəsində Martinika, Qayana, Yeni Kaledoniya, Fransız Polineziyasının müstəqillik tərəfdarları və GFLM alyansının katibliyi (Groupe Fer de Lance Melanesien) Qoşulmama Hərəkatının müstəmləkəçi və neokolonial təcrübələrə qarşı mübarizədə prinsipial mövqeyinin etibarlılığını bir daha vurğuladı. Bununla yanaşı, iştirakçılar - Afrika Mundus sferasının qeyri-hökumət diplomatik şəbəkəsi tərəfindən dəstəklənən, Bakıda olan anti-müstəmləkəçi hərəkatlar həm afroəsilli insanlara, həm də yerli xalqlara təsir edən müstəmləkə cinayətlərinə görə kompensasiya tələb ediblər. Humanizm prinsipləri çərçivəsində, dünya ölkələrini, eləcə də beynəlxalq təşkilatları, mövcud vəziyyətə qarşı adekvat addım atmağa çağırıblar. Əlamətdarlığı ilə seçilən daha bir hadisə isə tərəflərin Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəlmələri və əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildirmələridir. Bununla yanaşı, qəbul edilən Bəyanata əsasən iştirakçılar xalqlar arasında qlobal əməkdaşlığa, xalqların bərabərliyinə və suverenliyinə, hörmətə əsaslanan beynəlxalq münasibətlərə yeni yanaşma formalaşdırmaq məqsədilə xalqların tam azad edilməsini, müstəmləkəçiliyin kökünün kəsilməsinədək mübarizələrini davam etdirməyi və bu istiqamətdə səylərini gücləndirməyi öhdələrinə götürüblər.

Nurlan ABDALOV,

"Respublika".