Qoşulmama Hərəkatından Fransanın neokolonialist siyasətinə ən böyük zərbə
Siyasət

Qoşulmama Hərəkatından Fransanın neokolonialist siyasətinə ən böyük zərbə

Azərbaycan son illər siyasi arenada öz rəqiblərini dəfələrlə üstələyib. Təkcə bu il dünya səviyyəli yarışlar, festivallar, konfranslar məhz paytaxt Bakıda baş tutub.

Ölkəmizin siyasi gücünün zirvələrdə olması isə məlum məsələdir. Belə olduğu təqdirdə, Fransa və bir sıra Qərb ölkələri Cənubi Qafqaz regionuna təsir rıçaqlarını itiriblər. Həmin beynəlxalq subyektlər, xüsusilə də Fransa özü və neokolonist siyasət yürüdərək orbitinə daxil etdiyi dövlətlər anti-Azərbaycan siyasətləri ilə beynəlxalq arenada ölkəmizə qarşı kampaniya apararaq dövlətimizin nüfuzuna xələl gətirməyə çalışırlar. Respublikamız öz sözünü ev sahibliyi etdiyi konfranslarla yanaşı, beynəlxalq müstəvidə deyir.

Fransanın neokolonist siyasəti artıq hər kəsə bəllidir. Özündən minlərlə kilometr uzaqda olan Afrika, Kaledoniya kimi ölkələrdə də öz müstəmləkəçiliyini əldən vermək istəmir. Tarixə nəzər salsaq, 300 il müddətində Afrikanın Fransanın nəzarətində qaldığını, Seneqal, Fil Dişi Sahili və Benin kimi ölkələrin qul ticarəti mərkəzləri kimi istifadə edildiyinin və bölgədəki bütün resursların istismar olunduğunun şahidi oluruq. Bu isə neokolonist ölkənin işğalçı dövlət olduğunun açıq nümunəsidir. Bu yaxınlarda Fransa qoşunlarının Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa düçar olduğunu bir daha göstərib.

Ölkəmizin Fransanın yürütdüyü bu siyasətə cavabı birmənalıdır: rəsmi Paris müstəmləkə siyasətindən əl çəkməlidir. Bu mənada Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşündə çıxışı zamanı bildirib ki, Fransanın soyqırımlarla dolu hakimiyyətində milyonlarla insan qətlə yetirilib: "Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir. Mən öz haqq işlərini və azadlıq arzularını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün Bakı nazirlər görüşü çərçivəsində tədbir keçirəcək Fransanın dənizaşırı icma və ərazilərindən olan hörmətli nümayəndələri salamlayıram".

Ölkə başçımız bu günə qədər 1,5 milyona yaxın əlcəzairlinin qətlə yetirildiyini də vurğulayıb. Paris muzeyində hələ də onların kəllə sümüklərinin müharibə qənimətləri kimi saxlanıldığı bildirilib. Ölkə başçımız Fransa prezidenti Emmanuel Makrona çağırış edərək tələb edib ki, həmin qəhrəmanların qalıqları Əlcəzairə təhvil verilsin.

Qoşulmama Hərəkatı kimi mötəbər qurumların iclaslarında Fransanın yürütdüyü siyasətə qarşı ittihamların səslənməsi rəsmi Parisə vurulmuş ən böyük zərbədir. Çünki Qoşulmama Hərəkatı heç bir bloka daxil olmadıqlarını və tərəfsizliklərini bəyan edən 120 üzv, 17 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilatı birləşdirən forumdur. Həmçinin BMT-dən sonra dünya dövlətlərinin mötəbər toplantısı da hesab olunur. Bundan başqa, Azərbaycanın Hərəkatın tarixində xüsusi rol oynaması, məsələyə son nöqtəni qoyur. Makron hakimiyyətinin neokolonist niyyətləri heç vaxt Cənubi Qafqazda cərəyan edə bilməyəcək.

Töhfə SƏMƏDOVA,

"Respublika".