Əlverişli investisiya mühiti investorların marağını artırır
İqtisadiyyat

Əlverişli investisiya mühiti investorların marağını artırır

"Xarici investorların ölkəmizə marağı artır, mən yerli investorları da istiqamətləndirmişəm ki, Azərbaycana pul qoysunlar. Beləliklə, burada inkişaf o qədər sürətli olmalıdır ki, həm işsizlik aşağı səviyyədə olsun, həm idxaldan asılılıq minimuma endirilsin, həm də ixrac qabiliyyətli məhsullar istehsal edilsin". Bu sözləri Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışında söyləyib.

Hazırda Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri də azad edilmiş ərazilərdə postmüharibə dövründə münbit investisiya və biznes mühitinin yaradılmasıdır. Ölkə rəhbərliyi səviyyəsində həyata keçirilən islahatlar dünyanın müxtəlif nüfuzlu şirkətlərinin bu ərazilərdə qlobal biznes layihələrini reallaşdırmasını stimullaşdırır. Təkcə onu demək kifayətdir ki, işğaldan azad edilən ərazilərdə postmüharibə dövründə biznes qurmaq istəyən sahibkarlardan İqtisadiyyat Nazirliyinə müraciət edənlər arasında ABŞ, Avropa ölkələri, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Çin, Cənubi Koreya, İndoneziya və başqa ölkələrdən iş adamları var. İş adamları əsasən, ticarət, xidmət, tikinti, sənaye, kənd təsərrüfatı, turizm kimi sahələrə investisiya yatırmaq maraqlarını ifadə edirlər.

Son bir neçə ildir ölkəmizdə milli iqtisadiyyatımızın investisiya cəlbediciliyi baxımından bir sıra uğurlu islahatlar həyata keçirilir. Dünyanın aparıcı təşkilatlarının hesabatlarında iqtisadiyyatımızın sürətlə inkişaf etdiyi, iqtisadi göstəricilərə görə lider ölkələr sırasına çıxdığı göstərilir. Azərbaycanın yüksək investisiya cəlbediciliyinə malik olması, təbii ki, aparılan islahatlarla bağlıdır. Yeni şəraitdə reallaşdırılan islahat tədbirləri sırasında investisiyaların səmərəli təşviqi mexanizminin işə salınması böyük əhəmiyyət daşıyır.

Azərbaycanın qeyri-neft sektorunda Türkiyə şirkətləri tərəfindən qoyulan investisiyalar həmişə üstün mövqeyə malik olub. Bundan başqa, ABŞ, Böyük Britaniya, BƏƏ, Almaniya və Rusiyadan, demək olar, hər il Azərbaycanın qeyri-neft sektoruna investisiyalar yatırılır. Regionda, dünyada baş verənlər, siyasi güclərin ölkəmizə münasibəti, Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəm verilməsi respublikamızla münasibətlərin qurulmasında maraqlı olduqlarının təzahürüdür. Mövcud münasibətlər Azərbaycanın dünya dövlətləri ilə siyasi, iqtisadi, humanitar sahələrdə, eləcə də beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığına söykənir. Bir məqamı da qeyd edək ki, yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzinin olması da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir.

İnvestisiya mühitinin yaxşılaşdırlması və ölkədə biznes fəaliyyətinin asanlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli fərmanına əsasən, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib. Rəqəmsal transformasiyaya uyğun olaraq ölkədə xarici investorların biznes fəaliyyətinə başlaması elektronlaşdırılaraq sadələşdirilib. Bu sahədə aparılan islahatlardan biri də, kiçik və orta sahibkarlıq subyektlərinin 7 il müddətinə mənfəət, torpaq və əmlak vergilərindən azad edilməsidir.

Sahibkarlar üçün tətbiq olunan vergi güzəştlərindən biri də kənd təsərrüfatı ilə bağlıdır. 22 noyabr 2013-cü il tarixli Qanuna əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişikiliklərə görə, 2014-cü il yanvarın 1-dən sahibkarlar 5 il müddətinə torpaq vergisi istisna olmaqla, digər vergiləri ödəməkdən azaddırlar. İnvestorlarla bağlı güzəştlərdən biri də yaradılmış sənaye parklarının rezidentlərini əhatə edir. Parkda qeydiyyatdan keçən rezidentlər üçün ümumi fiziki infrastruktur və kommunal xidmətlər dövlət tərəfindən təmin olunacaq. Rezidentlər üçün 10 il müddətinə gəlir və əmlak vergisi, ƏDV və idxal rüsumlarından azadolunma kimi vergi güzəştləri və aşağı icarə haqqının təyin olunması nəzərdə tutulur.

Özəl sektorun fəal iştirakı ilə iqtisadi inkişafın yeni modeli Azərbaycana öz iqtisadiyyatını şaxələndirməyə və qeyri-neft sektoruna üstünlük verməklə, yeni iş yerlərinin yaradılmasını stimullaşdırmağa kömək edir. Azərbaycan dünyada sərmayə qoyuluşu üçün cəlbedici ölkəyə çevrilib. Ölkədə yaradılan siyasi-iqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti istənilən layihənin gerçəkləşməsinə təminat verir. Mövcud investisiya siyasəti, yaradılan əlverişli biznes mühiti yerli sahibkarlarla yanaşı, xarici investorları da ölkəmizə cəlb edir.

Bu gün ölkəmizdə investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərin nəticəsidir ki, Azərbaycana sərmayə qoyan şirkətlərin sayı ilə yanaşı, onların coğrafiyası da getdikcə genişlənir. Məlumdur ki, investorlar ancaq sabit olan ölkəyə sərmayə qoymaqda maraqlıdırlar. Elə bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin həcmi hazırda 280 milyard dollara çatıb. Azərbaycanın təşəbbüskarı olduğu və davam edən regional bağlılıq layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Azərbaycan ilə dəmir yolu şəbəkələrini əlaqələndirən Xəzər dənizi sahilindəki logistik mərkəz kimi strateji təməl komponentləri Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə çoxtərəfli imkanlara malik transregional infrastrukturun inkişafında keyfiyyətcə yeni nailiyyətləri əks etdirir. Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsi həyata keçirilir. Bütün bunlar belə deməyə əsas verir ki, Azərbaycan inkişaf etmiş ölkə kimi dünyanın aparıcı investitorlarının daim diqqət mərkəzindədir.

M.MUSTAFAYEV,

"Respublika".