Sosial həyat

"Qızım sənə əmanət..."

Bu Vətən müharibəsi şəhidi Nahid Ağalarovun həyat yoldaşına son görüşdə etdiyi vəsiyyətdir. Vətən üçün doğulmuşdu Nihad, elə bu yolda da şəhid oldu. Bu yolda vətənpərvər oğullar canlarından keçiblər.

Müdafiə Nazirliyinin "N" saylı Hərbi hissəsində MAXE vəzifəsində xidmət edən Nahid Musa oğlu Ağalarov 1983-cü il dekabrın 19-da Goranboy rayonunda Xan Qərvənd kəndində anadan olub. Azərbaycan Ordusunun baş çavuşu Nahid Ağalarov Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 2020-ci il noyabrın 23-də Şuşa istiqamətində minaya düşməsi nəticəsində şəhid olub.

Nahid öz xalası qızı ilə ailə həyatı qurmuşdu. O anlar Tinatin xanımın xatirələrində: "2018-ci il martın 11-də ailə qurduq. Çox qayğıkeş həyat yoldaşı idi. Bundan sonra yüz il də yaşasam, onun qayğısı mənim bəsimdir. 2018-ci ilin noyabr ayında qızımız Zəhra dünyaya gəldi. Valideyn olduğumuz üçün çox sevinirdik. Nahid deyirdi: "Zəhra balamı böyüdəcəyəm, əlindən tutub məktəbə aparacağam, oxudacağam, işə qoyacağam. Nahid hərbçi idi və İkinci Qarabağ müharibəsinə qatılan zaman Zəhra balamıza olan arzularını mənə tapşırıb getdi. Torpaqlarımızı düşmən tapdağından azad edəcəyini dedi və etdi... Nahidin çox çılğın uşaqlığı olub. Elə uşaqlıqdan həmişə deyirdi ki, böyüyəndə gedib vətən uğrunda vuruşacam. Onlar ailədə altı uşaq idilər. Nahidin qardaşı Yaşar hərbi xidmətdə olanda on səkkiz yaşında Birinci Qarabağ müharibəsində Daşaltı döyüşləri zamanı itkin düşdü. Tale elə gətirdi ki, Nahid də Daşaltıda minaya düşüb şəhid oldu".

Tinatin xanımın Nahidlə son görüşü noyabrın 10-da olub: "Zəhranın ad günü noyabrın 13-də idi. Nahid də noyabrın 9-da evə gəlmişdi. On üçünə qədər qala bilməyəcəkdi, tez getməli idi. Ona görə də biz Zəhranın ad gününü noyabrın 10-da qeyd etməli olduq. İnanın, həmin günləri yada salmaq mənim üçün o qədər çətindir ki, bunu sözlə ifadə edə bilmirəm. Noyabrın 10-u getdi. Sonuncu dəfə noyabrın 23-də danışdıq. Özünüzə yaxşı baxın. Balam sənə əmanət. Sonra şəhid xəbərini aldıq. Atam-anam məni aldadıb apardı ki, Nahid yaralanıb. Rayonda dəfn etdik. Gözüm hər yerdə onu axtarır. Həyat onsuz necə davam edəcək, bilmirəm. Bir yoldur, gedirəm".

Nahidin qayınanası və xalası Sara xanım: "Noyabrın 23-də səhər qızım mənə zəng vurdu ağlaya-ağlaya dedi ki, ana Nahidə zəng vururam, amma zəng çatmır. Ona ürək-dirək verdim ki, qorxma, heç nə olmaz. Qızım dedi ki, yox, yuxumu qarışdırmışam. Onda ürəyim səksəndi. Çünki mən də yuxu görmüşdüm".

Prezident İlham Əliyevin sər

əncamlarına əsasən Nahid Ağalarov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

M.CƏFƏROV,

"Respublika".