Qisas qiyamətə qalmır
Region

Qisas qiyamətə qalmır

Dünyada elə cinayətlər olub ki, əsrlər keçsə də, heç zaman unudulmur və yaddan çıxmır. Haqqında söhbət açacağım hər iki cani Qarabağda doğulub, Azərbaycanın çörəyi, suyu ilə böyüyüb, burada ali məktəbi bitirib, işlə təmin olunaraq rahat və asudə şəkildə yaşayıb, erməni olduqlarına görə heç vaxt ayrı-seçkiliklə, təhdid və təhqirlə üzləşməyib. Hər iki cinayətkar həyatda gördükləri yaxşılığa yamanlıq etdilər, bir süfrədə çörək kəsdikləri, bir yerdə bayram etdikləri, xeyir-şəri bir olan azərbaycanlılara qarşı çox şərəfsiz və nankor hərəkətlərə yol verdilər, əlləri dirsəklərinə qədər qocaların, xəstələrin, qadınların və uşaqların qanına batdı.

Birinci Qarabağ müharibəsində havadarlarına arxalanaraq illərlə qonşu olduqları azərbaycanlıları dədə-baba torpaqlarından qovan erməni faşistlərinə başçılıq edən, uşaq qatilləri Robert Koçaryan və Serjik Sarkisyan törətdikləri ağır cinayətlərə, etnik təmizləməyə, dinc insanlara qarşı soyqırıma görə cavab verəcək, gec-tez ən ağır cəzaya məhkum olacaq, çünki cinayət heç zaman cəzasız qalmır. Birinci Qarabağ müharibəsində onların da iştirak etdiyi hərbi cinayətlər nəticəsində 4 min nəfərə yaxın azərbaycanlı itkin düşüb və bu günədək onların taleyindən xəbər yoxdur.

Otuz il sonra ilahi ədalət zəfər çaldı, Vətən müharibəsində müzəffər ordumuz şəhidlərimizin, itkinlərimizin, yaralılarımızın qisasını düşməndən artıqlaması ilə aldı, ərazi bütövlüyümüzü bərpa etdi, üçrəngli bayrağımız işğaldan azad edilən torpaqlarda qürurla dalğalanır. Həmin vaxt robertlər, serjiklər və onlara züy tutanlar girməyə siçan deşiyi axtarır, rüsvayçı şəkildə qaçırdılar, saxta maskaları cırılmışdı. Vicdanı, ədalət hissi olan, tarixi bilən, mənəviyyatı olan ermənilər həmin canilərin törətdikləri cinayətləri etiraf edir və onları lənətləyirlər. Onlardan biri də erməni jurnalist Roman Baqdasaryandır və o, Robertin, Serjikin timsalında mətbuatda yazır ki, Qarabağ mafiyası 34 il ərzində Ermənistanı taladı. Məlum faktdır ki, cinayətkar ailənin demək olar ki, bütün simaları, xüsusən də onun ən görkəmli nümayəndələri Robert Köçəryan və Serjik Sərkisyan namus və vicdanı olmayan oğru və fırıldaqçılardır. Azərbaycanın işğal olunmuş ərazilərini talamaqla sərvət toplayaraq Ermənistanı və erməni ordusunu da soyublar.

Onun sözlərinə görə, 1988-ci ildən 2020-ci ilə qədər bütün ermənilər Qarabağ mafiyasının girovuna çevrilib və bu mafiya onlara qarşı çıxan yüzlərlə məmur və iş adamlarını sıradan çıxarıb. 1988-ci ildən biz mütəşəkkil cinayətkarlığın girovuna, Qarabağın şikəst gənclərinin şahidinə çevrilmişik. Heç kim tarix öyrətmir, durmadan bir-birini öldürür, büdcə pullarını oğurlayır, hamını söyür. Orduda bir çox oğlanları narkoman edən, onları buna öyrədən "Qarabağ klanı" idi. 34 ildir ki, bütün xalq oğullarını göndərib və "sağ ol" əvəzinə bu adamlardan həmişə lənətlər eşidirik. Ölkənin bütün qızıllarını, təbii sərvətlərini və xoşbəxtliyimizi oğurladılar. Xalq 34 ildir ki, Qarabağ mafiyasından yaxşı heç nə görməyib: yalnız kədər və satanizm. Düzünü desək, bu, bütün yaxşı və layiqli insanların öldürüldüyü qara zonadır. Bu, lənətdir və Qarabağ mafiyası heç vaxt bizi xoşbəxt olmağa qoymaz.

Daha sonra erməni jurnalist qeyd edib ki, Koçaryan və Sarkisyan həmişə Ermənistanda şayiələr yayıb, onların hakimiyyətə gəlməsinə mane olanları öldürüb, günahsız insanları Şuşa həbsxanasına salıb, Azərbaycan torpaqlarından qızıl oğurlayıb, erməni diasporu və "Hayastan" fondundan pulları mənimsəyiblər.

34 il oğurlanmış pullarla Qarabağda saraylar tikdilər, əsgərləri məsxərəyə qoydular, ordunu, yemək-yanacağa qədər qarət etdilər, Ermənistanın ən yaxşı obyektlərini, dünyanın hər yerindəki səfirlik və konsulluqları ələ keçirdilər, parlamentin edamını səhnələşdirdilər. İrəvan küçəsindəki repressiyaları və qırğınları xatırlayın, narkotik satdılar, narkotik alverçilərini qorudular.

Nə demək olar, haqlı sözlərdir, haqlı ittihamdır. Koçaryan və Sarkisyan 1988-1991-ci illərdə keçmiş sovetlər birliyinin çöküşündən sonra meydana çıxan təsadüfi adamlar idi, qaragüruh kütlə, "miatsum" çığıran şovinistlər, erməni oliqarxlar və digər qüvvələr onları sini üzərində hakimiyyətə gətirdilər və erməni xalqı öz əlləri ilə öz başını kəsməyə məcbur oldu.

Hərbi və siyasi qələbə çalan, otuz ilə yaxın erməni işğalında qalan torpaqları azad edən, Şuşaya üçrəngli bayrağımızı sancan fateh ordumuzun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 2020-ci il noyabrın 23-də bir güllə atılmadan azad edilən Ağdama səfəri zamanı bildirib ki, biz bütün bu illər ərzində bir amalla, bir arzu ilə yaşamışıq ki, bu torpaqlara qayıdaq və qayıtmışıq: “Ermənistan ordusunu məhv etmişik. Ermənistan ordusu demək olar ki, yoxdur. Hərbi cinayətkarları məhv etmişik, onların tör-töküntülərini məhv etmişik. Mən Füzuli şəhərində demişəm, bir daha demək istəyirəm, biz Koçaryan, Sarkisyan ordusunu məhv etmişik. Biz Koçaryana, Sarkisyana qarşı qüdrətimizi göstərmişik. Biz onları məğlub etmişik. Paşinyan kimdir, mən indi onun haqqında danışmaq istəmirəm, nə lazımsa demişəm. Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda, siz buranı, işğal edilmiş bütün torpaqları bax, bu günə saldınız. Siz bu məscidi dağıtdınız. İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndilər. Döyüş bölgəsinə burunlarını da belə soxa bilmədilər. Bəs haradadır sizin qəhrəmanlığınız? Dedim ki, çıxarın dəmir-dümürləri, onun qiyməti yoxdur. Qəhrəman ordenləri taxmısınız döşünüzə. Yalançı qəhrəmandırlar bunlar. Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada siçan kimi?! Koçaryan, Sarkisyan, mən sizə deyirəm. ...Hərbi cinayətkarlar, Xocalı qatilləri, sizi məhv etmişik. Azərbaycan əsgəri, Azərbaycan zabiti sizi məhv edib”.

Azərbaycan-Ermənistan arasında yaranmış mövcud vəziyyət, sülh uğrunda danışıqlar, Qarabağdan erməni silahlı qüvvələrinin tör-töküntülərinin çıxarılması hərbi canilərin kürkünə birə salıb, elə hey donquldanırlar, suyu bulandırıb balıq ovlamaq istəyirlər, paxırlarının üstünün açılmasından qorxurlar, orda-burda yenə fitnə-fəsad törətmək istəyirlər. Cinayətkarın yaddaşı olmur, hər iki cani də "Dəmir Yumruğ"un zərbəsini unutmaq istəyəndə silahlı qüvvələrimizin keçirdiyi "Qisas" əməliyyatı onların və əlaltılarının Qarabağ xülyalarına birdəfəlik son qoydu.

Salman ALIOĞLU,

"Respublika".