Horadiz: 29 il əvvəl qazanılan Qələbə
Region

Horadiz: 29 il əvvəl qazanılan Qələbə

Qarabağın başı üzərində qara buludlar günü-gündən daha da sıxlaşır, Ermənistan silahlı qüvvələrinin hücumları ara vermir, şəhərlər, kəndlər bir-birinin ardınca işğala məruz qalır, azərbaycanlılar öz dədə-baba yurdlarından didərgin salınır, müharibənin boz sifəti hər tərəfdə hiss olunurdu. Ermənilər öz havadarlarının köməyi ilə 1993-cü ilin avqust ayında Füzuli şəhərini işğal edəndən sonra Horadiz qəsəbəsinə daxil oldular. Cəbhədə hərbi məğlubiyyətlərimiz davam edir, düşmən qarşısında tab gətirə bilmirdik. Müharibənin ağır nəfəsi artıq Muğan çöllərində hiss olunurdu. Xalqımız çox çətin, ziddiyyətli, ağır və fəlakətli bir vəziyyətlə üz- üzə qalmışdı. Yenicə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev daxili çəkişmələrin, dövlət çevrilişlərinə cəhdin, cəbhədəki uğursuzluqların qarşısını böyük siyasi təcrübəsi hesabına ala bildi. Xalqın haqlı tələbi və təkidi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanı narahat edən bütün suallara cavab tapdı. Sözsüz ki, xalq bu dahi insandan imdad gözləyir və ona inanırdı. Ulu öndər xalqımızı bütün bəlalardan xilas etdi, cəbhədə erməni hücumlarının qarşısı alındı, insanların qəlbində inam və ümid baş qaldırdı.

1993-cü il dekabr ayının əvvəllərində Heydər Əliyevin bölgəyə səfəri, cəbhə xəttindəki hərbçilərlə və yerli əhali ilə görüşləri heç də təsadüfi xarakter daşımırdı. Məhz 1994-cü il yanvar ayının 4-də milli ordunun hərbi hissələri Füzuli istiqamətində əks-hücum əməliyyatlarına başladı, düşmənə ağır və sarsıdıcı zərbələr vuruldu, ermənilərin bu istiqamətdə hücumları dayandırıldı. 22 yaşayış məntəqəsi işğalçılardan azad edildi. Bu qələbə insanlarda böyük ruh yaratdı, düşmənə qarşı səfərbərlik həyata keçirildi. Qeyd edək ki, Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ildə keçirdiyi ən uğurlu əməliyyat olub. İlk döyüş günündə ermənilərdən qənimət olaraq 3 tank, bir ədəd "Şturm-S", 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah-sursat götürülüb. Həmin döyüşdə düşmən ağır itkilər verərək və əsgərlərinin cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib. Yanvarın 6-da polkovnik Şair Ramaldanovun rəhbərlik etdiyi alay Horadiz qəsəbəsinə daxil olub. Horadiz döyüşlərində misilsiz qəhrəmanlıq göstərən 8 nəfər "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

29 il bundan əvvəl, 1994-cü il yanvar ayının 4-də başlayan və qələbə ilə başa çatan Horadiz əməliyyatının növbəti ildönümü münasibətilə Füzulidə "Zəfərə doğru" adlı anım tədbiri keçirilib. Tədbirdə RİH-in və YAP Füzuli rayon təşkilatının, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, İctimai Şuranın üzvləri, hərbçilər, şəhid ailələri, qazilər, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev bir qrup ictimaiyyət nümayəndəsi, şəhid ailəsi və qazilərlə birlikdə ulu öndər Heydər Əliyevin Horadiz şəhərindəki abidəsi önünə tər çiçəklər düzərək, dahi insanın əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra anım tədbirində rayon rəhbəri çıxış edərək bildirib ki, möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan edilib. Məhz bu ilin başlanığıcında xalqımız ulu öndərin rəhbərliyi ilə qazanılan Horadiz əməliyyatının 29-cu ildönümünü qeyd edir. Azərbaycan Ordusunun ilk uğuru olan Horadiz əməliyyatı nəticəsində qazanılan qələbə, hərbi üstünlük xalqımızda orduya və dövlətə inam, güvən yaratdı, indiki Horadiz şəhəri də daxil olmaqla 22 yaşayış məntəqəsinin düşməndən azad edilməsinin müstəsna əhəmiyyət daşıması bir daha diqqətə çatdırıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və böyük Zəfərlə bitən Vətən müharibəsi ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamı və təntənəli nəticəsidir. 2020-ci ildə silahlı qüvvələrimizin ilk uğurlu hərbi əməliyyatları məhz Füzuli rayonundan başlayıb. Müharibənin ilk günündə - sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. İşğalçı Ermənistan ərazinin necə böyük əhəmiyyət daşıdığını dərk edərək burada çox güclü istehkamlar qurmuş, bir neçə səddən ibarət müdafiə xətti yaratmışdı. Eyni zamanda otuz ilə yaxın burada möhkəmlənmişdi. Buna baxmayaraq, bu istehkamları, müdafiə xətlərini yarıb keçmək ordumuzun qəhrəmanlığı və fədakarlığı sayəsində mümkün oldu. Bu istehkamları canı-qanı bahasına dağıdaraq irəliləmiş qəhrəman əsgər-zabitlərimiz düşmənə Azərbaycan xalqının böyüklüyünü bir daha göstərdi.

Anım mərasimində şəhid anası Rəfiqə Novruzova, Horadiz əməliyyatının iştirakçısı Sevindik İsmayılov, Aprel döyüşləri qazisi Üzeyir Nəcəfov çıxış edərək qələbənin qazanılmasında qəhrəmanlıq və şücaət göstərən oğulların igidliyindən qürur duyduqlarını və şəhidlərin parlaq ruhu qarşısında baş əydiklərini bildiriblər. Tədbir rayon mədəniyyət evinin hazırladığı musiqi proqramı və məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlərin səsləndirilməsi ilə davam etdirilib.

Salman ALIOĞLU,

"Respublika".