Qərbin absurd teatrı - Səhnədə dini azadlıq cızma-qarası
Siyasət

Qərbin absurd teatrı - Səhnədə dini azadlıq cızma-qarası

Vaxtilə torpaqlarının 20 faizi işğal altında olan, 30 il müddətində əhalisi müharibə şəraitində yaşayan, tarix boyunca təbii sərvətlərinə görə supergüclərin təzyiqinə məruz qalan Azərbaycan bu gün uğurları ilə dosta sevinc, düşmənə qorxu yaşadır. Ərazi bütövlüyümüz və suverenliyimizi bərpa etməyimiz, işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirməyimiz, mötəbər beynəlxalq tədbirlər, idman yarışları və elmi konfranslara evsahibliyi etməyimiz Qafqaz regionunda ağalıq etməkdə maraqlı olan gücləri qıcıqlandırır. Nailiyyətlərimiz o qədər çox və əhəmiyyətlidir ki, bu vəziyyət hətta okeanın o tayında da isterika yaradır.

Birləşmiş Ştatlar kimi qlobal güclər uğurlarımıza kölgə salmaq üçün mütəmadi olaraq müxtəlif qarayaxma kampaniyaları icra edirlər. Bu proses öz başlanğıcını Vətən müharibəsindəki zəfərimizdən götürsə də, ötən ilin payızında həyata keçirilən antiterror tədbirlərindən sonra Qərbin məkrli oyunları yeni mərhələyə qədəm qoyub. "Qoca qitə"nin hələ də utopik uşaq ambisiyaları ilə xarici siyasət formalaşdırmaq istəyən liderləri əvvəlcə rəsmi Bakının guya Zəngəzura hücum edəcəyi barədə açıqlamalar verib, daha sonra uydurmalarının əhatə dairəsini genişləndirərək İrəvanın Azərbaycan tərəfindən işğalı ssenarisini gündəmə gətiriblər. Dövlətimiz isə bu böhtanlara hər zaman ən yüksək səviyyəli rəsmilər vasitəsilə cavab verib, belə bir niyyətimizin olmadığını, regionda sadəcə sülh istədiyimizi açıq şəkildə bəyan edib. Amma nə fayda? Cəlaləddin Ruminin bir ifadəsi var: Nə qədər bilirsən bil, söylədiklərin qarşındakının anladığı qədərdir. Təəssüf ki, ölkəmiz reallıqları göstərmək istəsə də, kollektiv Qərb 30 il ərzində oynadığı oyunu təkrarlayır. Həqiqətlərə lal, kar, kor olur. Üstəlik bunu məqsədyönlü şəkildə edir. Həm Avropa dövlətləri, həm də Birləşmiş Ştatlar lazım olanda günahkarın haqqını müdafiə edir, daha doğrusu, bu məsələdə özlərinə xas həyasızlıq nümayiş etdirirlər. Eyni zamanda ədaləti "mükəmməl" şəkildə pozaraq haqlını ittiham edir. Elə bu gün də Qərbin belə addımlarından birinə ətraflı nəzər salacağıq.

ABŞ Azərbaycanı dini azadlıqların ciddi pozuntusuna yol verən ölkələrin xüsusi siyahısına salıb. Amerikanın dini etiqad azadlığı üzrə qurumu (USCIRF) da öz bəyanatında ölkəmizin nəzarət siyahısına daxil edilməsini "alqışlayıb". Bildirib ki, guya son üç ildə Azərbaycanda din haqqında qanuna iki dəfə düzəliş edilərək müxtəlif növ dini fəaliyyətlərə yeni məhdudiyyətlər qoyulub. Məruzədə, həmçinin Qarabağdakı dini obyektlərlə bağlı narahatlıq da ifadə olunub. Birləşmiş Ştatların dövlət katibi Antoni Blinken isə mövzu barədə açıqlamasında bildirib ki, Azərbaycan hökuməti dini azlıqların icmalarına və ziyarətgahlarına hücumlara, fikirlərin azad şəkildə ifadəsinə görə həbslərə, transmilli repressiyalara və icmalara qarşı zorakılıq çağırışlarına son qoymalıdır. Səsləndirilən pafoslu sözlər o qədər absurddur ki, bunlara "bişmiş toyuğun da gülməyi" gələr. Bu məqamda qeyd etmək lazımdır ki, Dövlət Departamentinin sözügedən hesabatında sadəcə ABŞ-ın Kornel Universitetinə istinad edilib. Burada isə "Ümumerməni Xeyriyyə İttifaqı", "Aragats Fondu" kimi ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilən üç radikal millətçi erməni müəllifin L.Xaçaturyan, H.Qulyan, S.Bokçeriyanın yazdıqları əsas götürülüb. Buna görə də bəyanatı hissə-hissə araşdıranda reallıqdan tamamilə uzaq yanaşmaların ortaya qoyulduğuna şahid oluruq. Məsələn, hesabatda iddia edilir ki, dini icmaların, xüsusilə də xristian dini icmalarının dövlət qeydiyyatına alınmasında problemlər, məhdudiyyətlər var. Amma 2022-ci ildə qeydiyyatdan keçmiş dini icmaların İslam dininə aid olmasını və bölgələrdə xristian dini icmaların sayının az olmasını qabartmaqla Azərbaycanda bu sahədə ayrı-seçkiliyin olması görüntüsü yaratmağa çalışılıb. Həqiqət isə ondan ibarətdir ki, ötən il qeydiyyatdan keçmək üçün Dövlət Komitəsinə xristian icmaların müraciəti daxil olmayıb və müraciət etmiş bütün dini icmalar dövlət qeydiyyatına alınıb.

Yehova şahidləri (dini əqidəsini əsas gətirərək hərbi xidmətdən imtina edən şəxslərin birləşdiyi icma) icmasının üzvlərinin hərbi xidmətə cəlb edilməsi məsələsinə gəlincə, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda bu xidmətin alternativ xidmətlə əvəz olunması təsbit edilib. Lakin Azərbaycanın Ermənistanla müharibə şəraitində olması və Azərbaycan Silahlı Qüvvələrinin sıravi heyətinin müddətli hərbi qulluqçulardan təşkil edilməsi səbəbindən alternativ xidmətlə bağlı müvafiq qanunun qəbul edilməsi mümkün olmayıb. Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən qanuni əsas olmadan hərbi xidmətdən yayınmağa, yəni növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırmağa görə cəza müəyyənləşdirilib.

ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, eləcə də Naxçıvanda erməni abidələrinin məqsədli şəkildə məhv edilməsi iddia olunur. Bu isə əlbəttə ki, yalandır. Çünki bu məsələdən əziyyət çəkən elə Azərbaycanın özüdür. Azərbaycan dövləti həmişə xalqımıza məxsus tarix-mədəniyyət və dini abidələrə qarşı erməni silahlı birləşmələri tərəfindən vandalizm aktlarına məruz qalması ilə bağlı dünya ictimaiyyətinə çağırışlar edib. Hətta məscidlərimizin heyvan saxlama yerlərinə çevrilməsi, onların yararsız vəziyyətə salınması, təmir adı altında özgəninkiləşdirilməsi, qədim Azərbaycan dövləti olmuş Qafqaz Albaniyası irsinə aid abidələrin erməniləşdirilməsi, müsəlman qəbiristanlıqlarında insan qalıqlarına qarşı təhqiramiz hərəkətlərə yol verilməsi və bu kimi hallar barədə sübutlar təqdim edilib.

Bütün bunların fonunda aydın olur ki, Birləşmiş Ştatların din azadlığına dair siyahısının heç bir siyasi çəkisi yoxdur və sözügedən sənəd Azərbaycanda qətiyyətlə rədd edilir. Çünki dinindən, dilindən, irqindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edilməsi dövlət siyasətimizdə xüsusi yer tutur. Ölkəmizdə bütün dinlərin, millətlərin nümayəndələri dinc şəraitdə yaşayırlar. Onlar istənilən dini bayramı heç bir maneə olmadan qeyd edirlər. Eləcə də sinaqoqlara, kilsələrə, məscidlərə hər il dövlət büdcəsindən vəsait ayrılır və onların təhlükəsizliyi yüksək səviyyədə təmin edilir. Hətta Qarabağdakı erməni kilsəsi də Azərbaycan dövlətinin maliyyəsi hesabına təmir olunur. Azərbaycan Respublikasının Konstitusiyası isə milliyyətindən, dinindən və dilindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabərliyini təmin edir. Eyni zamanda dövlət qeyri-müsəlman icmalarına qanunla müəyyən edilmiş fəaliyyətlərində hərtərəfli dəstək verir. Bir sözlə, ölkəmizdə qarşılıqlı etimad şəraitində yaşayan müxtəlif xalqların və dinlərin nümayəndələri arasında nümunəvi dostluq münasibətləri hökm sürür. Bütün bunlar onu göstərir ki, Birləşmiş Ştatların ölkəmizi dini etiqad azadlığının ciddi pozuntularına yol verən ölkə kimi qələmə vermək cəhdi gülünc və qəbuledilməzdir. Ümumiyyətlə, atılan addım sərsəm təxəyyülün məhsuludur.

Jalə QASIMZADƏ,

"Respublika".